"İndiki ağır iqtisadi şəraitdə dövlət "Xruşşovka”ların sökülüb yenidən tikilməsinə vəsait ayrılmamalıdır”.
Bunu Sherg.az-a "Xruşşovka" kimi tanınan yaşayış binalarının sökülərək yerində yeni binalar tikiləcəyinə münasibət bildirərkən əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, bu layihə yerli və ya xarici investisiya fondları, dövlətdənkənar vasitəçilərlə həyata keçirilsə, alqışlamaq lazımdır:
"Təbii ki, paytaxtın şəhərsalmasının yenidən qurulması infrastruktur baxımından əhəmiyyətlidir. Amma infrastrukturun da bilavasitə dövlət vəsaiti hesabına həyata keçirilməsi problemi var. Üstəlik görüləcək işlərin əsas hissəsinin yükü də dövlətin üzərinə düşür. Bu səbəbdən çətin iqtisadi şəraitdə bunu həyata keçirilməsi bəlkə artıq idi”.
"Xruşşov” layihəli binaların ötən əsrin təxminən 60-cı illərində inşa olunduğunu xatırladan R. Osmanlı söyləyib ki, bunlardan əvvəl paytaxtda tikilmiş, istifadəyə yararsız binalar da var:
"Həmin binalar istismar müddətini də başa vurur və məişət şəraiti baxımından "xruşşovka”lardan xeyli geri qalır. Məsələn, italyan layihəli binalara köhnə Stalin layihəli, alman əsirlərin müharibə dövründə tikdiyi binalar hazırda yararsız vəziyyətdədir. Ona görə, həmin binalar dura-dura indiki şəraitdə dövlət Xxruşşovka”larla bağlı iş görməməlidir. Bundan əlavə, xüsusilə, bir və ya ikimərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin söküntüsü əsas olmalıdır. Şəhərin mərkəzində yerləşən qəzalı evlərin söküntüsü daha aktual olmalı idi”.
Qeyd edək ki, Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə Qərarında "Xruşşovka" kimi tanınan yaşayış binalarının sökülərək yerində yeni binalar tikilməsi əks olunub.