ADU-da Çin İctimai Elmlər Akademiyasının prezidenti ilə GÖRÜŞ KEÇİRİLİB

Martın 15-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Qansu vilayətinin İctimai Elmlər Akademiyasının prezidenti  Vanq Fuşenq universitetin professor-müəllim heyəti ilə görüşüb.

Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov iştirakçıları İnstitutun elmi və ictimai fəaliyyəti, tədris prosesi, həmçinin tarixi İpək yolunun dirçəlməsi ilə qlobal “Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumatlandırıb.

Vanq Fuşenq görüşdən məmnunluğunu ifadə edərək Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirib. O, Konfutsi İnstitutunun aktiv fəaliyyətinin Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıb.

Sonda ictimai elmlər sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

AzerTaym.az






Fikirlər