Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Həştərxanda işgüzar SƏFƏRDƏ OLMUŞDUR.
Azərbaycan və Rusiya tarixən bir-biri ilə sıx bağlı olan, keçmişdən bu günədək daim qarşılıqlı anlaşma, sülh və sabitlik şəraitində yaşayan iki dost, qardaş dövlətlərdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Bu gün Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurmuşdur. 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilmişdir. Müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində aparılan işlərin davamı olaraq hazırda Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan İş Mərkəzinin tikintisi həyata keçirilir. 12-16 mart 2017-ci il tarixlərində Nərimanov Rayon İcra hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxanda işgüzar səfərdə olmuşdur. Səfərin məqsədi yuxarıda qeyd olunan layihənin həyata keçirilməsinin gedişatı ilə yaxından tanış olmaqdan, Həştərxan vilayətinin və şəhərinin dövlət rəsmiləri ilə görüşlər keçirməkdən, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynovun 70 illik yubiley mərasimində iştirak etməkdən ibarət olmuşdur. Səfərin ilk günü proqrama uyğun olaraq, 13 mart 2017-ci il tarixdə Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri ilə birlikdə Həştərxan şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyulmuşdur. Səfər çərçivəsində Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti vilayətin və şəhərin rəsmi dövlət və hökumət rəhbərləri ilə ardıcıl görüşlər keçirərək, Həştərxan vilayətinin qubernatoru A.Jilkin, Hökumət başçısı və vitse-qubernatoru K.Markelov, Həştərxan Şəhər Administrasiyasının başçısı O.Polumordvinovla görüşmüşdür. Keçirilən görüşlərdə ölkələrimiz arasında olan mövcud dostluq münasibətlərindən danışılmış, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuşdur. Keçirilən işgüzar görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqət və qayğı xüsusilə vurğulanaraq, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşası həyata keçirilən Azərbaycan İş Mərkəzinin tikintisi ətrafında fikir mübadiləsi aparılmışdır. Sözügedən Mərkəzin tikintisinin gedişatı ilə yaxından tanış olmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və nümayəndə heyəti tikinti ərazisinə gedərək həyata keçirilən işlərlə yerində tanış olmuşlar. İnşa olunan bu Mərkəz gələcəkdə “Made in Azerbaijan” brendi altında istehsal olnan məhsullarımızın Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına geniş imkanlar açacaqdır. Həmçinin səfər zamanı nümayəndə heyəti Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynovun 70 illik yubiley mərasimində iştirak etmişdir. Eyni zamanda səfər çərçivəsində nümayəndə heyətimiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində inşa edilmiş Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbinə və onun nəzdində olan “Drujba” uşaq bağçasına baş çəkərək kollektivlərlə görüşlər keçirib, vəziyyətlə maraqlanmışlar. AzerTaym.az