Dəmir yolunda dəhşətli qəza - ÖLƏNLƏR VAR
Dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi QAZ-31-10 markalı 54-BJ-709 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O qeyd edib ki, hadisə aprelin 5-də saat 03.00 radələrində qeydə alınıb: "Nəticədə Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri 1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Sabirabad rayonu Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev xəstəxanaya yerləşdirilib. Hadisədən sonra yük qatarı avtoqoşqusuna ilişən avtomaşınla 250 metr aralıda dayanıb”. S.Qədirova bildirib ki, həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir: "Hadisə sürücünün “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1, 2, 3 -cü bəndlərinin tələblərini kobud surətdə pozduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib. Bu səbəbdən də 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb".