Dindarlar Hacı Cavad məscidinin önünə toplaşıb, namaz qıldı - " Sovetski"də söküntü qalmaqalı (FOTOLAR)
Sovetskidə söküntü işləri davam edir. Musavat.com xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi sökülməyə başlayıb. Lakin söküntü birmənalı qarşılanmayıb. Küçə sakinləri və inanclı insanlar məscidin sökülməsinə qarşı çıxıb. Bu səbəblə əraziyə polis əməkdaşları cəlb olunub. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar var. Daha sonra ibadət əhlinin bir hissəsi məscidin qarşısında toplaşaraq, günorta namazı qılıblar. Hazırda söküntünü həyata keçirən briqada Hacı Cavad məscinin qarşısından çəkilir. Buna baxmayaraq, sakinlər etiraz aksiyasını davam etdirirlər. Məlumata görə, söküntü işlərinə axşam saatlarında başlanacaq. Hadisə yerinə gələn Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov da var. Onun tapşırığı ilə polis alayı məscidin qarşısından kənarlaşıb. Az sayda polis əməkdaşı vəziyyətə nəzarət edir Qeyd edək ki, Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.