"Girovun düzgün qiymətləndirilməməsi problemlər yaradır" – DEPUTAT
"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə edilərək parlamentin plenar iclasında II oxunuşa çıxarılmasına tövsiyə olunub. AzerTaym.az-ın verdiyi xəbərə görə, qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib. Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktəyə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib, yeni redaksiyada verilir. Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır. Qeyd edək ki, dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib. Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir. Bu qanuna əsasən, hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni, 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq, hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır. Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı ardıcıllığını müəyyən edir. Yəni, burada ilk növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxması ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fondlarına ödəmələr həyata keçirilməlidir. Millət vəkili Vahid Əhmədov bildirib ki, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında mübahisəli məsələ öz müsbət həllini tapıb: "Narahat edən ciddi məsələ girovun düzgün qiymətləndirilməməsidir. Krediti qaytara bilməyəndə ciddi problem yaranır. Qanun layihəsində bu, əksini tapmayıb". Report