Əl dəyişdikcə əldən düşən Bakı AVTOVAGZALI
Təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmur; ticarət köşklərində isə satıcılar “ağlaşır”... Bir müddət öncə Prezidentin İşlər İdarəsinə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) yenidən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb. APA-nın yaydığı məlumatda qeyd olunur ki, faktı nazirlikdəki mənbə də təsdiqləyib: “Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb”. Son aylar ard-arda “əl dəyişən” Bakı Beynəlxalq Avtovağzal Kompleksində mövcud vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq avtovağzal ərazisinə yollandıq. Burada bir sıra maraqlı və təəccüblü halların şahidi olduq... İlk olaraq ölkə xaricinə də avtobusların işlədiyi avtovağzalın təhlükəsizlik məsələlərinə toxunaq. Belə ki, avtovağzalda təhlükəsizlik tədbirləri demək olar ki, yox səviyyəsindədir. Avtovağzalın girişindən daxil olub, avtobusların dayandığı yuxarı mərtəbələrə qədər qalxdıq. Lakin bu əsnada ara-sıra gözə dəyən mühafizəçilər xaricində heç bir təhlükəsizlik tədbirlərinə rast gəlmədik. Sərnişinlər əllərindəki iri çantalar, çamadanlarla yuxarı mərtəbəyə qədər qalxıb, gedəcəkləri ünvandan asılı olaraq, avtobusa əyləşirlər. Bütün bu proses boyunca təhlükəsizlik məqsədi ilə heç bir yoxlama əməliyyatı aparılmır. Xatırladaq ki, ötən ilin oktyabr ayında “Ömər” ləqəbli terrorçu üzərində partlayıcı maddə ilə Bakı-İstanbul avtobusuna minmişdi. Terrorçunu DTX əməkdaşları Ələt qəsəbəsində zərərsizləşdirmişdilər... Yuxarıda bir cümlə ilə qeyd etsək də, əslində sərnişinlər avtobusa çatana qədər bir xeyli maraqlı “mərhələ”lərdən keçirlər. Onu da qeyd edək ki, əgər sərnişin bilet alırsa, bu zaman ödənişi kassaya edib, sürücüyə isə bileti təqdim edir. Bilet almayan sərnişinlər isə sürücüyə nağd formada gediş haqqını verirlər. Bu isə məsafədən asılı olaraq biletin qiymətindən təxminən 1 manat 20 qəpik çox olur. Misal üçün Lənkərana biletin qiyməti 4.35 AZN olduğu halda sürücülər 6 manat, Sabirabada bilet 2.82 AZN olduğu halda sürücülər 4 manata aparırlar. Görünür, elə buna görə də sürücülər sərnişinləri kassaya yol almadan, yaxalamaq istəyirlər... Məlum olduğu kimi, BBAK-də ticarət mərkəzi də fəaliyyət göstərir. Bir zamanlar bu ticarət mərkəzində alış-verişin yüksəldilməsi üçün müxtəlif inzibati addımlar atılsa da, heç cürə məqsədə ola bilmədilər. İndi isə ticarət mərkəzində vəziyyət əvvəlkindən də bərbaddır. Belə ki, biz orada olduğumuz zaman demək olar ki, heç bir müştəriyə rast gəlmədik. Avtobusa minmək üçün sərnişinlər mağazaların qarşısından keçməyə məcbur olsalar da, onların heç biri ayaq saxlayıb, alış-veriş etmirlər. Söhbət etdiyimiz satıcılar da bunu təsdiqlədilər ki, al-ver çox aşağı həddədir. Satıcıların sözlərinə görə, BBAK-ın “əl dəyişməsi”nin onların fəaliyyətlərinə heç bir təsiri olmayıb: “Əvvəl də müştəri yox idi, indi də eyni vəziyyətdir. Buranın sahibinin kimliyinin və ya kompleksin hara tabe olmasının bizlərə təsiri yoxdur. Başımızı salıb, işimizi görürük”,-deyə satıcılar bildirdilər. Əvvəllər buradakı ticarət mərkəzində tanınmış geyim mağazaları fəaliyyət göstərsə də, müştərilərin azlığı, onların da başqa yerə daşınmasına səbəb olub. Adi mağazaların satıcıları bildirdilər ki, başqa yerdə iş olarsa, onlar da getməyə hazırdırlar.
İlk olaraq onu qeyd edək ki, BBAK hələ yeni istifadəyə verilən zaman burada vəziyyət indikindən çox fərqli idi. İlk vaxtlar işıqlı gözləmə zallarında xüsusi monitorlar quraşdırılmışdı. Sərnişinlər yola çıxanadək bu gözləmə zallarında əyləşib, monitorlar vasitəsilə təqdim olunan kliplərə, filmlərə baxıb, istirahət edirdilər. Lakin hazırda həmin monitorlar işlək vəziyyətdə deyil. Bundan başqa avtovağzalda kassalar bölməsi olsa və orada normal qiymətə biletlər satılsa da, sürücülər avtovağzalın pilləkənlərində durub, gedəcəkləri rayonların adlarını qışqırıb, müştəri yığırlar. Onlardan bilet olduğu halda nə üçün belə əziyyət çəkdiklərini soruşduğumuzda isə bildirdilər ki, “bilet almayanlar da var, alanlar da. Bizim işimiz bilet almayanlarladır”. Sürücülər bildirdilər ki, avtomobilə xərcləri çox çıxdığı üçün bilet alan sərnişinlər onlara sərf etmir.
Onu da qeyd edək ki, avtovağzalın hər mərtəbəsində pullu tualet fəaliyyət göstərir ki, burada da vəziyyət bərbaddır. Belə ki, pullu olsa da tualetlərin heç birində gigiyenik vasitələr, əl yumaq üçün şampun mövcud deyil...