A.M.A.Y-da nə alver var, nə də Abdulla Abdullayev..

 A.M.A.Y-da nə alver var, nə də Abdulla Abdullayev...

İş adamı həbsdən çıxandan sonra gözə dəymir

 

İyunun 8-də A.M.A.Y. Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev azadlığa buraxıldı. O, 2014-cü il aprelin 4-də həbs olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş adamı 13 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi də A.Abdullayevin 13 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlamışdı. 
 
İş adamı bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü. Bir qədər keçəndən sonra isə Abdulla Abdullayev fikrini dəyişərək, bir daha Ali Məhkəməyə müraciət etdi. Məhz bu kasasiya şikayətinin əsasında A.Abdullayev 2 azadlığa buraxılıb. 
 
A.Abdullayev həbsdən buraxılandan sonra A.M.A.Y-da işlərin bərpa olunub-olunmadığını öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı adıçəkilən ticarət mərkəzində olub. 
Ticarət mərkəzində  demək olar müştəri yox idi. Ticarət mərkəzi 8 mərtəbəli olsa da, mağazalar ancaq birinci mərtəbədə yerləşir, onların da yarıdan çoxunda heç bir fəaliyyət yoxdur. Arxa sıralarda  heç işıqlar da yandırılmayıb. Burada tam sakitlikdir. Nə insana rast gəlmək olur, nə də hər hansı bir fəaliyyətə. Xeyli dükanın isə içərisində mal olduğu halda, qapısında qıfıl gördük. Satıcıların sözlərinə görə, müştəri az olduğu bəzi obyekt sahibləri işə günortadan sonra gəlirlər. Ona görə də səhər saatlarında mağazaların bir çoxunun qapısında qıfıl görmək olur. 
Buradakı  boş obyektlərin  icarəyə verilməsi ilə də bağlı hər hansı bir elan görmədik. Satıcılar bildirdilər ki, əslində satış bir o qədər də bərbad deyil. Satıcı Asifin sözlərinə görə, ticarət mərkəzinin əksər müştəriləri günortadan sonra və istirahət günləri buraya üz tuturlar: “Ona görə də bir çox mağaza sahibləri də obyektlərini günortadan sonra açırlar. Ancaq ölkədəki ümumi iqtisadi vəziyyət bizə də təsir edib. Əvvəllər də müştərilərimiz az idi. Manatın ucuzlaşmasından sonra isə iş daha da zəiflədi. Ayda 3 dəfə gələn müştərini indi 1 ay, ay yarımdan bir görürük”.
Satıcılar dedilər ki, A.Abdullayev həbsdən azad ediləndən sonra da burada dəyişən heç nə yoxdur. 
 
Bir maraqlı məqam da ondan ibarətdir ki, satıcılar müştəri azlığından şikayətlənsələr də, ticarət mərkəzində qiymətlərdə endirim də yoxdur. Əksinə, burada qiymətlər paytaxtın bir çox yerlərindən xeyli yüksəkdir.  
A.M.A.Y-da olduğumuz zaman Abdulla Abdullayevlə də görüşmək istədik. Ticarət mərkəzinin mühafizəçisi Ramiz adlı şəxs bildirdi ki, onu ticarət mərkəzi olan mərtəbədə görə bilmərik: “O, bura gəlməsə də binanın üçüncü mərtəbəsində yerləşən otağına gəlib-gedir. Lakin indi orada olmasını dəqiq deyə bilmərik”.
A. Abdullayevlə görüşmək məqsədi ilə üçüncü mərtəbəyə qalxdıq. Lakin A.Abdullayevi orada da tapa bilmədik. Onun otağının qapısı bağlı idi. 
 








Fikirlər