Kənd təsərrüfatı sahəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi TƏLİMLƏR KEÇİRİLİR
23-25 may tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinininzibati binasında Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Quba, Lənkəran, Sabirabad, Salyan, Şəki, Şəmkir, Ucar və Zaqatala rayon kənd təsərrüfatı idarələrinin aidiyyəti əməkdaşlarına “Müxtəlif mənbələr əsasında məkan məlumatlarının yenilənməsi”, “Məkan məlumatlarının keyfiyyətinin yoxlanılması prosedurları”, “GPS cihazları, ölçmə metodları və dəqiqlik”, “GPS ölçmələrinin işlənməsi”, “Məsafədən zondlama ilə yoxlama” və “Torpaq sahələrinin işlənməsi (identifikasiya) və subsidiya üçün ərizələrin verilməsində torpaq üzərində əkinlərin bəyan edilməsi” (LPİS) mövzularında beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi təlimlər keçirilir. Tədbirdə Nazirliyin Aparat rəhbəri İlham Bayramov çıxış edərək bildirib ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması prioritet vəzifə olaraq Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin ana xətlərindən birini təşkil edib və 3 illik fəaliyyət qrafikinə uyğun olaraq layihənin müvafiq komponentlərinin icrası üçün zəruri tədbirlər həyata keçirib. EKTİS layihəsi çərçivəsində İKT infrastrukturu və korporativ şəbəkə sistemi qurulmuş, zəruri İT avadanlıqları təmin edilmiş, yeni orotofoto planlar və torpaqların coğrafi məlumatlar bazası yaradılmış, Subsidiya və Siyasətə dair İnformasiya Sistemi (SSİS) hazırlanmış, müvafiq istifadəçi təlimatları tərtib edilmiş və idarələrin əməkdaşlarına bir sıra funksional proseslər üzrə təlimlər təşkil edilib. “SSİS-də kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlər) reyestri aparılmaqla, Azərbaycan Respublikasının inzibati ərazi dairələrinin sərhədləri, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kəmiyyət, keyfiyyət göstəriciləri, kənd təsərrüfatı yerləri (uqodiyalar) və torpaq istifadəçiliyi barədə məlumatlar, qrafiki məlumatlar, ortofoto planlar, kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına yardım alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi şəxslər barədə məlumatlar, fermer təsərrüfatları, onların identifikasiya nömrələri, ünvanı, fəaliyyət istiqamətləri, əlaqə vasitələri barədə məlumatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan subsidiyaların növləri, məbləği və ödəniş tarixləri, müxtəlif növ kənd təsərrüfatı heyvanları, onların identifikasiyası üçün istifadə edilən məlumat və göstəricilər, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlaklar (torpaq sahələri, tikili və qurğular), kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar, mineral gübrələrin, pestisidlərin, damazlıq mal-qaranın alınması, onların hüquqi və fiziki şəxslərə satılması və bu zaman həyata keçirilən ödənişlər barədə məlumatlar, kənd təsərrüfatı bitkilərinin və məhsullarının növləri, miqdarı, subsidiyaların verilməsi ilə bağlı ərizələr və aqrar siyasətin həyata keçirilməsi ilə bağlı digər məlumatlar saxlanılacaq və idarə ediləcəkdir” deyə aparat rəhbəri əlavə edib. Təlimlərdən sonra kənd təsərrüfatı idarələrinin əməkdaşları aldıqları bilgilərə əsasən respublikanın bölgələrində yerli mütəxəssislərə treninqlər keçirəcəklər. AzerTaym.az