30 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü keçirilib
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və digər veteranlar, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak etmişlər.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və digər veteranlar qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Natiqlər eyni zamanda gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışlar. Bildirmişlər ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlar isə gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür.
Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər çıxışçılar qeyd etdilər ki, gənclərin ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Natiqlər sonda gənclərin onlara göstərilən etimadı doğruldulacağına, layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdilər.
Həmçinin Nərimanov Rayon Gəclər və İdman İdarəsi tərəfindən Nərimanov rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlara ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Gənclərin Dostu” fəxri fərmanla təltif olunub.
Daha sonra rayon ərazisində fəaliyyət göstərən 5 ali təhsil müəssisəsinin tələbə-gənclər təşkilatının sədrləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən fəxri fərmanları ilə təltif olunublar.
Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yubiley medallar ilə təltif olunublar.AzerTaym.az