Hesablama Palatası Təhsil Nazirliyinin layihəsində “çp” tapdı - BDU-da kasıb tələbələrin HƏYACANI
3 kreditin izi ilə... "Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıram. IV kurs tələbəsiyəm. Artıq 3 ildir təhsil haqqımı ödəyə bilmirəm. 7 min manat borcum var. "Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyətə başlaması ilə borcumun ödənməsini bir neçə illiyə təxirə salmaq imkanım oldu. Bu şans mənim üçün də, ailəm üçün də çox əhəmiyyətlidir. İndiyə qədər heç bir problem yox idi. Amma indi imtahanlara buraxılmırıq. Nə edəcəyimizi bilmirik ”. BakuPost.az xəbər verir ki, Əlixan Heydərli Bakı Dövlət Universitetinin (BDU) imtahanlara buraxılmayan üç tələbəsindən biridir. O, "Maarifçi” Tələbə Kredit Fondu ilə müqavilə bağlayaraq, Bakı Dövlət Universitetinə borclu olduğu təhsil haqqının ödənməsinin bir neçə il təxirə salınmasına nail olub. Ona bu şans sözügedən "Maarifçi” Tələbə Kredit Fondu ilə Bakı Dövlət Universiteti arasındakı razılaşma əsasında tanınıb. Belə ki, Bakı Dövlət Universitetinin də 10 təsisçisindən biri olduğu "Maarifçi” Tələbə Kredit Fondu tələbənin borcunu öz öhdəsinə götürüb. Razılaşmaya görə, BDU təsisçi olaraq "Maarifçi” Tələbə Kredit Fonduna qoymalı olduğu vəsaitin əvəzinə ödənişli əsaslarla təhsil alan, ancaq təhsil haqqını ödəyə bilməyən 5 aztəminatlı tələbənin təhsil haqqından imtina edib. Bu, 17.10.2016-cı ildə BDU-nun Təhsilin təşkili və təlim texnologiyaları üzrə prorektoru İ.N.Əliyevanın imzaladığı sənədlə təsdiqlənib. Həmin sənədə əsasən, 2016/2017-ci tədris ili üçün "Maarifçi” Tələbə Kredit Fonduna sözügedən universitet 5 tələbə yeri ayırıb. Həmin tələbələr Fondla müqavilə bağlayıb və vəsaiti ödəməsi üçün onlara bir neçə il vaxt verilib. Belə ki, Fondda müəyyən edilən qaydaya görə, tələbə təhsilini bitirdikdən 1 il sonra təhsil haqqını hissə-hissə ödəyəcək və həmin məbləğ Fondun hesabına daxil olacaq. Hesablama Palatasının Bakı Dövlət Universitetində başladığı yoxlama ilə sosial cəhətdən əhəmiyyətli olan bu ideyanın hüquqi cəhətdən zəifliyi məlum olub. Belə ki, yoxlama "Maarifçi” Tələbə Kredit Fondu ilə BDU arasındakı münasibətlərdə hüquqi boşluğu üzə çıxarıb. Bu vəziyyətin zərərçəkənləri isə tələbələrdir. Universitet öz üzərinə öhdəlik götürüb "Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud BakuPost.az-a açıqlamasında bildirib ki, Fondun təsisçisi olan 10 universitet öz üzərinə öhdəlik götürüb. Həmin öhdəliyə qeyri-nəğd formasında maddi vəsait də daxildir. Yəni, tələbələrdən alınmayan vəsait Fonda verilir. BDU Fonda ayırdığı həmin vəsaitdən tamamilə imtina edə bilər. Ancaq bunu etmir. Hesablama Palatası isə nə ödənməsi mümkün olan, nə də silinən həmin vəsaiti tələb edir. Universitetdə olmayan pul Fondda da yoxdur. Çünki vəsaiti tələbələr Fonda bir il sonra və daha uzun müddətə ödəyəcək. Yalnız bundan sonra Fond müvafiq qaydada universitet tələbələrinə real pullarla kredit ayıra biləcək. İndiki mərhələdə isə bu, mümkün deyil. R.Mahmud hesab edir ki, əslində, qurulan mexanizmlə bir neçə il sonra uğurlu nəticələr əldə etmək mümkün olacaq. Xüsusən aztəminatlı ailələrin övladlarına təhsilalma şəraiti yaradılacaq. Potensialı, savadı, qabiliyyəti olan gənclər sadəcə təhsil haqqı üzündən təhsildən uzaqlaşmayacaq: "Maarifçi” Fondunda qurulan mexanizmi Hesablama Palatası qanuni hesab etmir. Halbuki bu mexanizm Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə hazırlanıb. Ölkə qanunvericiliyinə uyğun mexanizm qurulub”. 14 universitetdən 100-ə qədər tələbə Maraqlıdır, BDU tələbələrinin qarşılaşdığı problemlə üzləşmək təhlükəsi ilə qarşı-qarşıya nə qədər tələbə var? R.Mahmud "Maarifçi” Kredit Fonduna 14 universitetdən 100-dən çox tələbənin müraciət etdiyini bildirib. Bu cür kredit imkanının tələbələrin çoxunun diqqətini çəkdiyini, ancaq müəyyən şərtlər daxilində kredit verildiyini söyləyib.
Kredit kimlərə verilir? Kredit təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olanlara verilə bilər. Ancaq bunun üçün də həmin tələbənin özünün və ya valideynlərinin daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması) əsas şərt olaraq irəli sürülür. Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr mütləq Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalıdır. Yuxarıda qeyd olunan ümumi tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunub. Məsələn, kredit vermək üçün valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi və növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), akademik borcun mövcudluğu həmin tələblər siyahısındadır və seçim meyarı rolunu oynayır. Odur ki, Fond tərəfindən təqdim olunan kredit növləri elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda, tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir. Elan sessiyasında nəzərdə tutulduğu təqdirdə, ailə başçısını itirmiş şəxslərə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud tələbələrə müvafiq kredit növü yüngülləşdirilmiş (güzəştli) şərtlərlə təqdim oluna bilər. Fondun icraçı direktoru Rüfət Mahmudun sözlərinə görə, sessiyalar elan olunduqdan sonra ən tez müraciət edənlərin şansı daha çoxdur. Qabağa düşənlər təhsil haqqını 5, yaxud 10 il ərzində ödəmə imkanı əldə edirlər. Ödəməyə başlamaq üçün də 1 il güzəştli müddət nəzərdə tutulur. Oğlan hərbi xidmətə gedirsə, güzəştli müddət artırılır. Tələbənin magistraturada təhsilini davam etdirmək istəməsi güzəştli müddətə təsir etmir və o, təhsil haqqı üzrə qalan borclarını ödəməyə başlamalıdır. R.Mahmud onu da bildirib ki, heç bir ölkədə belə bir təcrübə yoxdur: "Heç bir dölət və ya özəl vəsait cəlb etmədən Fond fəaliyyətə başlayıb. Real pul olmadan mexanizm qurulub və 100-dən artıq təhsil haqqını ödəyə bilməyən tələbə bu imkandan yararlanıb. Müəyyən müddət sonra, Fondun hesabına vəsait daxil olmağa başlayandan sonra təhsil haqları Fond hesabına ödəniləcək”. Məlumat üçün qeyd edək ki, "Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Ölkəmizdə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Dövlət Pedaqoji Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2015 - ci ilin oktyabrında qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb. Lakin sonradan 4 universitet də - Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfdaş olaraq qatılıb. Aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanlar yaratmağa xidmət edən Fond öz məqsədinə nail olmaq üçün işini iki istiqamət üzrə qurub: - Aztəminatlı tələbələrə onların təhsil xərclərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün ölkədə fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini təşkil etmək; - Aztəminatlı tələbələrə onların təhsil xərclərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müxtəlif qurumlar və fiziki şəxslər tərəfindən qrantların verilməsini təşkil etmək. Bakı Dövlət Universiteti çarəni Fondda axtarır Bakı Dövlət Universitetində yoxlamalar davam edir. Hazırda bütün ümidlərini Fond üçün ayrılan yerlərə görə vəsaitin nəğd şəkildə BDU-nun hesabına daxil olacağına bağlayan ali təhsil ocağı bu mövqeyindən kənara çəkilmək niyyətində deyil. Bu uğurda öz tələbələrinin təhsilalma hüquqları pozulsa belə. Rektorun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov açıqlamasında Fondu ittiham edib: "Sosial cəhətdən Fondun işi müsbət qarşılanmalıdır. Lakin XIV-XV əsr deyil ki, natura ilə kredit verilsin. BDU büdcə təşkilatıdır. Hesablama Palatası tamamilə haqlı olaraq 21 min manat vəsaiti tələb edir”.
Həyacanlı gözləniş Belə görünür ki, hamı gözləyir: qanunla tənzimlənmə mexanizmi olmadığından real olmayan vəsaiti Hesablama Palatası universitetdən, BDU Fonddan tələb edir. Fond isə nəğd vəsaiti olmadığından onu dərhal ödəmək imkanına malik deyil. Tələbələr isə... Onlardan 3-ü imtaha girmək üçün icazəni, qalan onlarla kreditli gənc isə sözügedən qurumlar arasında münasibətlərin nə vaxt aydınlaşacağını gözləyir.