İdxal zamanı bitki məhsullarının yoxlanılması üzrə TƏLİM BAŞLADI
İyun ayının 13-ü 2017-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İdxal zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması” üzrə təlim seminarı öz işinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır. Tədbirdə çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev seminarın məqsədi haqqında geniş məlumat verib və Dövlət Xidmətinin fəaliyyətinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi olaraq əldə edilmiş uğurları diqqətə çatdırıb. Dövlət Xidmətinin rəisi hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsivə regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyacın olduğunu, ölkəyə yeni zərərli orqanizmlərin daxil olmasının böyük risk doğurduğunu vurğulayıb. Camal Quliyev bu baxımdan ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində zərurətin olduğunu qeyd edib vəFAO-nun dəstəyi ilə həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə xidmət edəcəyini bildirib. Dövlət sərhədinin buraxılış məntəqələrində risk və təhlükələrin çoxaldığını deyən Dövlət Gömrük komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi Rauf Məmmədov ölkədə ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb. FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb. Qeyd edək ki, təlim kursu 17 iyun 2017-ci il tarixinə qədər davam edəcək. AzerTaym.az