«ANBARLARIMIZDA YÜZMİNLƏRLƏ YUMURTA XARAB OLUR!» – İş adamı həyəcan təbili çalır (YENİLƏNDİ)

murvet01

Azərbaycanın tanınmış iş adamlarından olan Mürvət Həsənli ovqat.com saytına maraqlı müsahibə verib. O, quşçuluq sektorunun qarşısında dayanan problemlərdən tutmuş, ölkəmizin ərzaq təhlükəsizliyi strategiyasına və kənd təsərrüfatının inkişaf perspektivlərinə qədər bir çox vacib məqamlara toxunub, maraqlı faktlar açıqlayıb.

“AzPolitika” iş adamının həmin müsahibəsini tam şəkildə təqdim edir (Müsahibənin 2-ci hissəsi yazının sonuna əlavə olunub):

- Mürvət müəllim, bu yaxınlarda Azpolitika.info saytında Azərbaycanda toyuqçuluq sektorunun qarşılaşdığı ciddi problemlərlə bağlı bir xəbər diqqətimi cəlb etdi. Xəbərdə iddia olunurdu ki, xarici şirkətlərin səyi nəticəsində yerli istehsalın inkişafının qarşısı alınır. Bu xəbər nə qədər doğrudur?

– Təəssüf ki, doğrudur. Ölkə başçısının müxtəlif islahatlarla qeyri-neft sektorunu inkişaf etdirmək səyləri bəzi işbazların xarici şirkətlərlə cinayət əlaqələrinə girərək, Azərbaycana toyuq məhsulları, o cümlədən damazlıq yumurtalar gətirməsi nəticəsində heçə uğradılır. Bu isə, Azərbaycanın iqtisadi inkişafını sabotaj etməklə qalmır, həmçinin qida təhlükəsizliyini də ciddi şəkildə təhdid edir.

Bilirsiniz ki, quşculuq məhsulları gündəlik qida rasionunda mühüm yer tutur. İstər müxtəlif yeməklərin hazırlanmasında istifadə edilən süfrə yumurtaları, istərsə də ucuz və keyfiyyətli qida hesab olunan toyuq əti ərzaq təhlükəsizliyi siyasətlərinin ən ümdə məsələsi kimi ortaya çıxır. Hər bir dövlət özünün ərzaq təhlükəsizliyini təmin etmədən gələcəyə bel bağlaya bilməz. Məhz bu zərurəti nəzərə alan Azərbaycan hakimiyyəti də ölkəmizdə quşçuluq sektorunun inkişafı üçün mühüm addımlar atıb. Əhalimizin ərzaq məhsullarına olan tələbatını tam ödəmək üçün daxili istehsalı gücləndirmək dövlətimizin və ölkə başçısının ən mühüm siyasətinə çevrilib, yerli iş adamlarımıza münbit investisiya mühiti yaradılıb.

Məsələn, sahibkarlara güzəştli kreditlər verilib, kənd təsərrüfatı sektoru vergilərdən azad olunub və s. Prezident İlham Əliyevin “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinə həsr olunmuş konfransdakı çıxışında quşçuluğun inkişafına xüsusi yer ayırması, quş əti və yumurta istehsalını artırılması, ölkə tələbatının yerli istehsal hesabına tam ödənilməsi və ixrac potensialı əldə edilməsi barədə tapşırıqlar verməsi bu sahəyə göstərilən dövlət qayğısının ən bariz sübutudur.

Həqiqətən də bu müşavirədən sonra Azərbaycanın yerli istehsal potensialı xeyli yüksəlib, tələbatımızı tam təmin etmək imkanı qazanıb. Çünki tapşırıqlar havadan asılı qalmayıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 43 quşçuluq təsərrüfatına 121 milyon manatdan artıq kredit verilib.

“Xarici şirkətlər yerli təsərrüfatları batırırlar”

- Sahibkarlara verilən bu kreditlər nə dərəcədə təyinatı üzrə sərf olunub? Axı bizdə bir qəribə xasiyyət var: krediti istehsal sahəsi üçün alırıq, amma onu ya maşın, ya ev almağa, ya da çayçı, restoran açmağa xərcləyirik…

– Xeyr, artıq o dövr arxada qalıb. Kreditlərin kimə və necə gəldi verilməsində bir vaxtlar doğrudan da siz dediyiniz problemlərə rast gəlmək olurdu. Azərbaycan bu bədxərcliklərin ağır nəticələrini gördü. Kreditləri təyinatından kənar yerlərə xərcləyənlər indi ya həbsdədirlər, ya da həbs olunacaqları günü gözləyirlər. Azərbaycan hakimiyyəti iqtisadi böhranla üzləşəndən sonra kredit siyasətində xeyli korrektələr etdi. İndi kreditlər həqiqi işgüzarlara verilir.

Quşçuluğa ayrılan kreditlərin artıq nəticə verdiyi ortadır. Görülən tədbirlər nəticəsində Respublikamız nəinki quş əti və əmtəəlik yumurta tələbatını tam ödəyə bilmək səviyyəsinə gəlib çatıb, həmçinin özünün damazlıq yumurta tələbatını da 100% təmin edə bilir. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, süfrələrimizə gələn toyuqlar yumurtadan son məhsula qədər öz istehsalımızdır.

- Yəni məşhur Azərbaycan kinosunda deyildiyi kimi, öz fermamızın toyuğudur?

– Bəli, tamamilə elədir. Sizdə tam təsəvvür yaranması üçün bəzi statistik məlumatlara nəzər salaq. Hazırda Azərbaycanda damazlıq yumurta illik tələbatı, təxminən, 110-120 milyon arasında dəyişilir. Yəni Azərbaycan xalqı bir ildə bu qədər toyuq yeyir. Bu sahədə istisaslaşmış təsərrüfatların illik istehsal gücü isə 140 milyon ədədə çatır. Konkretləşdirmək üçün bir neçə təsərrüfatın illik istehsal gücünə baxaq:

“Giləzi Quşçuluq” MMC – 32 milyon,

“Xəmsə” MMC – 22 milyon,

“Araz Damazlıq Quşçuluq” – 20 milyon,

“Azərquşçuluq” – 20 milyon,

“Aqropol” – 20 milyon,

“Nəzər Quşçuluq” – 12 milyon ədəd.

Nə qədər etdi? – 126 milyon ədəd. Bura bir də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərilə yaradılan nisbətən kiçik təsərrüfatları da əlavə etsək, görərik ki, bu sahədə idxala heç bir tələbatımız qalmır.

- Onda nə probleminiz var ki? Nədən gileylisiniz?

– Gileyimiz dövlətin ərzaq təhlükəsizliyi proqramının bəzi işbazlar tərəfindən sabotaj edilməsinədir. Təəssüf ki, bu sahədə yerli istehsalçılarımızın maraqları tam qorunmur. Azərbaycana damazlıq yumurta satan xarici şirkətlərin idxalı əvvəlki illərdə olduğu kimi davam edir və onlar Azərbaycan bazarını əldən buraxmaq istəmirlər. Nəticədə yerli təsərrüfatları batırırlar…

“Azərbaycan yem maddələrini tam istehsal edə bilmir”

- Amma gəlin, razılaşaq ki, iqtisadiyyatda azad və fürsət bərabərliyinə söykənən rəqabət anlayışı var. Kim bu rəqabətdə qabağa çıxırsa, o da qazanır. Uduzan tərəf gileylənməkdən çox, bu rəqabətdə niyə zəif olduğunu müəyyənləşdirməli və müvafiq tədbirlər görməlidir…

– Elədir. Amma bizim xarici şirkətlərlə rəqabətimizdə məhz sizin qeyd etdiyimiz fürsət bərabərliyimiz yoxdur. Əvvəla ona görə ki, həmin şirkətlər bizdən xeyli böyük imkana sahibdirlər və onlar Azərbaycan bazarını əldə saxlamaq üçün dempinq siyasətinə gedirlər. Bizim isə o siyasətə ayaq uydurmaq imkanlarımız yoxdur.

Üstəlik, nə qədər güzəştli verilsə belə, aldığımız kreditləri qaytarmalıyıq.

O da istisna deyil ki, xarici şirkətlər Azərbaycan bazarını əldə saxlamaq üçün öz dövlətləri tərəfindən subsidiyalaşdırılırlar. Belə bir vəziyyətdə hansı fürsət bərabərliyindən söhbət gedə bilər? Azərbaycanın yeni yaranan və maliyyə imkanları zəif olan damazlıq yumurta istehsal edən quşçuluq təsərrüfatları xarici rəqiblərinin dempinq siyasətinə qarşı uzun müddət ayaqda dayana bilməzlər.

- Dempinq siyasəti nə deməkdir?

– Dempinq iqtisadi termindir; yəni bir malı öz maya dəyərindən aşağı satmaq. Xarici şirkətlərin zərəri faktiki olaraq öz dövlətləri tərəfindən qarşılandığından onlar ucuz satışdan belə, qazana bilirlər. Biz isə iflasa doğru sürüklənirik.

Üstəlik, bizdə bu sektor yeni yarandığından təsərrüfatların inkişafı və fəaliyyəti üçün tələb olunan yemin böyük qismini xaricdən alırıq. Bilirsiniz ki, quşçuluqda yem elə məhsulun özü deməkdir. Bir quş nə qədər yem yeyərsə, bir o qədər inkişaf edər, böyüyər, yumurta verər. Bizim xammalı xaricdən almağımız nəticə etibarilə məhsulumuzun da xarici şirkətlərdən daha bahalı olmasına gətirib çıxarır.

- Bayaq bir söz demişdiniz: “yumurtadan toyuğa qədər hər şey öz fermamızın məhsuludur”. Yem – quşçuluğun əsas xammalıdırsa, yəni toyuq elə yemin özüdürsə və o da bizdə istehsal olunmursa, deməli, hələ heç nə öz fermamızın məhsulu deyil. Səhvmi deyirəm?

– Əslində, hardasa, haqlısınız. Amma hər şey birdən-birə yaranmır. İstənilən sahədə inkişaf tədrici surətdə, yavaş-yavaş gedir. Beşinci mərtəbəyə çıxmaq üçün gərək mütləq birinci, ikinci və sair mərtəbələri keçəsən. Sıçrayaraq beşinci mərtəbəyə qalxmaq olmaz. Heç bir ölkə iqtisadi inkişafda sıçrayış etməyib, tədricən böyüyüb. Bu gün Azərbaycan da bu inkişaf mərhələrini pillə-pillə adlayır. Mən inanıram ki, cənab İlham Əliyevin başlatdığı İnkişaf Proqramı ardıcıllıqla davam etsə, biz qısa müddətdən sonra nəinki öz tələbatımızı tam ödəyə biləcəyik, hətta qarşıya qoyulduğu kimi, bir müddətdən sonra öz məhsullarımızı ixrac edəcəyik. Necə ki, hazırda Azərbaycan bir çox kənd təsərrüfatı məhsullarını Rusiyaya satır. Azərbaycanın qarşısında Rusiya kimi böyük bazar var və istənilən təsərrüfatın ən böyük hədəfi o bazara çıxmaq olmalıdır.

- Bəli, tükənməz bazar var, amma yem yoxdur. Yem yoxdursa, deməli, quş da yoxdur. Axı özünüz bunu dediniz. Necə bilirsiniz, Azərbaycanın torpaq mühiti yem ehtiyacımızı təmin etməyə imkan verir və bu sahədə hansısa addımlar atılır?

– Bilirsiniz ki, quşların əsas qidaları bunlardır: soya, qarğıdalı, buğda və günəbaxan yağı. Toyuqlar gün ərzində bu dörd qidanı yeyərək böyüyürlər. Azərbaycan, təəəssüf ki, hələ quşçuluq üçün tələb olunan yem maddələrini özü tam istehsal edə bilmir. Quş yeminin böyük hissəsini xaricdən alırıq. Toyuq ətinin maya dəyərinin 65-70%-ni isə yem təşkil edir. Bununla belə, Azərbaycan öz yem tələbatını ödəmək üçün müəyyən addımlar da atır. Artıq bir çox yerlərdə böyük qarğıdalı sahələri salınıb. Azərbaycanın təbii şəraiti, torpaqlarının potensialı bu xammalların yetişdirilməsi üçün tam imkan yaradır. Dediyim kimi, məsələ inkişaf prosesinin addım-addım irəliləməsindən qaynaqlanır. Zamanla hər şey öz yerini tapacaq. Sadəcə, biz bu gün əldə etdiklərimizi qorumalı, yaratdıqlarımızın məhv olunmasının qarşısını almalıyıq. Əks halda bu inkişaf proqramı yarımçıq qala bilər.

“Devalvasiyadan sonra inkişaf başladı”

- Mənim üçün bir məsələ maraqlıdır. Bir halda ki, quşçuluğun maya dəyərinin 60-70%-in yem təşkil edir, onda Azərbaycan bu sektorun inkişafına niyə məhz yemdən başlamayıb?

– Bilirsinizmi, iqtisadiyyatda prioritetləri müəyyənləşdirən əsas amil rentabellilikdir. Bu zamana qədər Azərbaycan manatı dollardan qiymətli idi. Xaricdən alınan mallar iş adamlarımıza bahalı gəlmirdi. Lakin devalvasiyadan sonra iş adamlarımızın da məsələlərə münasibəti dəyişdi. Artıq bir çox regionlarda quşçuluğun yem tələbatını qarşılamaq qüçün mühüm işlər görülür. Həm qarğıdalı, həm buğda, həm də soya əkilir. Yəqin ki, bu yatırımların quşçuluq sektorunun inkişafına müsbət təsirləri zaman-zaman özünü göstərəcək. Fəqət iqtisadi investisiyalar bir günün içərisində nəticə vermir -xüsusilə kənd təsərrüfatı sahəsində. Hər hansı bir kənd təsərrüfatı məhsulunun tam arzu olunan səviyyədə istehsalı üçün müəyyən zamana ehtiyac var. Zaman bu sahədə inkişafın ən ümdə müəyyənləşdirici amilidir.

Məncə, bu sahədə əsl nəticə yem təlabatı yerli istehsalçılarımız tərəfindən tam ödəndirkdən sonra ortaya çıxacaq. Məsələn, belə deyək, Azərbaycanın 250 min ton qarğıdalıya ehtiyacımız var. Bu ehtiyac öz gücümüzlə tam ödənəndən sonra biz qarğıdalının xarici bazarla özümüzdəki qiymətini müqayisə etməyəcəyik. Ordakı qiymətlər bizim təsərrüfatlara mənfi təsir göstərməyəcək. Sizin bayaq qeyd etdiyiniz fürsət bərabərliyi də o zaman yaranacaq və xarici şirkərlər Azərbaycan bazarını ələ keçirmək üçün uğraşmayacaqlar. Necə ki, bu gün Azərbaycanda toyuq əti və süfrə yumurtası qiymətlərini daxili istehsalımız tənzimləyir. Amma indi deyək ki, 250 min ton qarğıdalı ehtiyacımızın sadəcə 50 min tonunu yerli təsərrüfatlar istehsal edir, biz bu vəziyyətdə xarici bazardan asılılıqdan qurtula bilmərik.

“Erməni şirkəti Azərbaycandan 100 milyon dollar qazanıb”

- Bayaqdan sizə qulaq asdıqca, qlobal neft şirkətlərinin Çin bazarını ələ keçirmək uğrunda rəqabəti barədə oxuduğum bir fakt yadıma düşür. Tələbə vaxtı bir araşdırma yazısında oxuduğuma görə, neft şirkətləri bir-birini batırmaq üçün hətta əhaliyə hədiyyə etdikləri benzinin üzərində hansısa məişət əşyasını da qoyub müştərilərinə müftə verirdilər. Bu rəqabətə tap gətirməyən şirkətlərdən biri iflas bayrağını qaldırınca, digər şirkət qiymətləri anidən artırmışdı. Nəticədə uzun müddətdən bəri itirdiyi kapitalı bir ildə qazana bilmişdi. Deyəsən, xarici şirkətlər də dempinq dediyiniz həmin siyasətlə eyni təcrübəni bizdə tətbiq edirlər…

– Tamamilə doğru bir məqama toxundunuz. Azərbaycanda bu gün dempinq siyasəti yürüdən istər İran, istər Türkiyə, istərsə də Ukrayna və Rusiya şirkətlərinin tam hədəfləri budur: Azərbaycanın yerli təsərrüfatlarını çökdürmək və yenidən bir neçə il əvvəlki bazar şəraitini təmin etmək. Siz bilirsinizmi, 60% erməni ortaqlığı olan “Emre Piliç” şirkəti Azərbaycandan indiyə qədər nə qədər pul qazanıb? Mənim dəqiq bildiyimə görə, 100 milyon dollardan artıq. Təsəvvür edin, 2008-ci ildən bu yana həmin erməni şirkəti Bakıya, hardasa, 180-200 milyona yaxın damazlıq yumurta satıb. Bu olduqca böyük rəqəmdir.

- Yumutanın birini neçəyə satırdılar?

– 50 sentdən yuxarı. Hardasa, 50-55 sent arasında. Hesablasaq, 100 milyon dollardan artıq pul bu ölkədən damazlıq yumurta üçün xaricə gedib. Üstəlik, getdiyi şirkət də erməni şirkətidir. Biz bu qədər pulun ölkədən çıxmasının qarşısını almaq üçün damazlıq təsərrüfatı yaradandan sonra onlar yumurtanın qiymətini 30, hətta 22 sentə qədər saldılar. Səbəbi də məhz sizin dediyinizdir: bizi çökdürmək və yenidən Azərbaycan bazarına yiyələnmək, təsərrüfatlara istədikləri qiymətə damazlıq yumurta satmaq.

II HİSSƏ

- Mürvət müəllim, fərqindəsinizmi, siz olduqca ciddi bir iddia irəli sürürsünüz. Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının erməni təxribatıyla qarşı-qarşıya qaldığını iddia edirsiniz. Əlinizdə bunu sübut edəcək konkret faktlar mövcuddurmu?
- Əlbəttə, mövcuddur. Azərbaycana uzun illərdən bəri damazlıq yumurta idxal edən şirkət “Emre Piliç Gida Sənaye və Ticarət Limited” olub. 2008-ci ildən son iki ilə qədər həmin şirkətin burdakı bütün fəaliyyəti mənim gözümün qabağında baş verib. Demək olar ki, həmin şirkət hansı təsərrüfata nə qədər yumurta satıb,  nə qədər vəsaiti vergi və gömrük orqanlarından yayındırıb, hamısını bilirəm. Sonradan “Emre Piliç”in 60 faiz erməni ortaqlığını eşidib onlarla əlaqəmi kəsdim. Bilirsiniz ki, bu gün mənə qarşı iddialarla çıxış edən Ömür Oral həmin şirkətin 3 ortağından biridir. Digər iki ortaq Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyandır. Bu iki erməninin hər biri şirkətdə 30%-lik səhmə malikdirlər. Yəni faktiki olaraq şirkətin 60%-i ermənilərə məxsusdur.
 “Emre Piliç”in erməni şirkəti olduğu faktı ortaya çıxandan sonra Azərbaycandakı quşçuluq təsərrüfatları onunla əməkdaşlıqdan imtina etdilər. Şirkət isə öz bazarını əldən buraxmaq istəmədiyi üçün müəyyən tədbirlərə əl atdı. Başlıca tədbir adını gizlətmək oldu. “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında həmin ermənlərin adı göstərilməyən yeni şirkətlər qurdular– “Orallar” və “Qaranti” adı altında. Bir müddət də Azərbaycana bu yeni adlar altında damazlıq yumurta satdılar. Sonradan bu əməlləri ifşa olununca, növbəti fırıldağa əl atdılar. Bu səfər Azərbaycana məhsullarını “Demir Hayvançılık” şirkəti vasitəsilə ixrac etməyə başladılar.
“Demir Hayvançılık” 2010-cu ildə Bursada yaranıb. İlk fəaliyyət sahəsi Qurban bayramlarında heyvan kəsmək olub. Daha sonra digər qida sektoruna da yönələn şirkətin qısa zaman ərzində Azərbaycan bazarına çıxa bilməsinin sirri “Emre Piliç”in ortaqlarının öz fəaliyyətlərini, işgüzar münasbətlərini ona transfer etməsi, daha doğrusu, bu törəmə qurum üzərindən davam etdirməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Emre Piliç”in törəmə quruluşlarından biri olan “Garanti Piliç”in iki ortağından biri, 50%-lik səhmdarı Melih adlı şəxs həm də “Demir Hayvançılık”ın sahibidir. Melihin “Demir Hayvançılık”dakı digər ortağı isə öz atasıdır. Yəni faktiki olaraq bu şirkət “Emre Piliç”in  törəmə quruluşu olan “Garanti Piliç”ə bağlıdır…
 
- Bir növ, törəmə şirkətin törəməsi…
- Bəli, eynilə o cürdür. Hazırda Azərbaycana damazlıq yumurta ixrac edən əsas şirkət Demir Hayvançılık”dır. Faktiki olaraq bu gün də Azərbaycanın quşçuluq sektoru erməni sərmayəsindən asılı vəziyyətdədir və onlar yerli təsərrüfatları çökdürmək üçün hər cür vasitələrə əl atırlar. Əsasən də qiymətləri maya dəyərindən aşağı salaraq bizim inkişafımıza mane olurlar. Halbuki, Azərbaycan hakimiyyəti ölkənin bu böhranlı vəziyyətində ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli təsərrüfatların yaranmasına 120 milyon dollarlıq kerditlər ayırıb və həmin təsərrüfatları vergidən azad edib. Erməni şirkətinin törəmələri isə dempinq siyasətilə bu strateji planın qarşısını alırlar. Nəticədə ölkəmizdə damazlıq yumurta istehsal edən təsərrüfatların anbarlarında 500-600 min, bəzilərində isə milyon ədədə yaxın məhsul satılmadan qalır, öz alıcısını gözləyə-gözləyə xarab olur…
- Və bizim yerli quşçuluq təsərrüfatlarımız Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasına qarşı yönəlmiş dempinq siyasətində xarici qurumlarla əməkdaşlıq edirlər. Niyə bu təhlükəni vaxtında görmürlər? Axı sabah bu əməkdaşlığın ən böyük zərərini onların özləri yaşaya bilərlər.  
- Bilirsinizmi, iqtisadi münasibətlərdə hər şeyi tənzimləyən amil məhsulun qiymətidir. Kim məhsulu ucuz verirsə, alıcı istər-istəməz həmin tərəfə yönəlir. Xarici şirkətlər isə öz dövlətlərindən aldığı subsidiyalarla qiyməti maya dəyərindən aşağı salırlar. Biz isə bunu edə bilmirik.
- Adətən, dövlətlərin gömrük siyasəti bu cür halların qarşısını almağa hesablanır. Məsələn, özündə istehsal olunan məhsulun xaricdən gətirilməsinə yüksək gömrük rüsumları tətbiq olunur. Nəticədə xaricdən idxal olunan malların maya dəyəri artır və yerli məhsullar bazarda daha ucuz qiymətə satılır. Azərbaycan hakimiyyəti bu təcrübəni niyə tətbiq etmir?
- Əslində tətbiq edir.  Milli Məclis tərəfindən 31 may 2016-cı il tarixində qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmış “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası Qanunu” məhz belə halların qarşısını almaq üçün hazırlanıb. Bu qanuna uyğun olaraq Milli Məclis 01.02.2017-ci il tarixində “”Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” əlavə qanun qəbul edib. Hazırda gömrük  rüsumları bu qanunlarla tənzimlənir. Amma nə yazıq ki, bu qanunların icrası arzuolunan nəticəni vermir. Bunun iki başlıca səbəbi var. Səbəblərdən biri xarici damazlıq yumurta ixrac edən şirkətlərin gömrük sənədlərində saxtakarlığa yol verərək, qiymətləri həqiqi dəyərindən ucuz göstərmələridir. Digəri isə gömrüklərdə damazlıq yumurtalara sadəcə 18% ƏDV vergisi tətbiq olunmasıdır. Biz – yerli damazlıq yumurta istehsal edən təsərrüfatlar ƏDV ilə yanaşı 15%-lik gömrük rüsumunun da tətbiq olunmasını vacib hesab edirik.
“3-4 qəpik üçün ərzaq təhlükəsizliyimiz risk altına atılır”
- Maraqlı bir məqama toxundunuz. Belə başa düşdüm ki, xarici şirkətlər damazlıq yumurtanı həqiqi dəyərindən aşağı qiymətlə sənədləşdirərək, faktiki olaraq, ƏDV-ni daha az ödəyirlər. Bəs, onlardan məhsul alan yerli təsərrüfatlar niyə buna göz yumur? Axı bütün hallarda onlar mal aldıqları şirkətə sənəddə göstəriləni yox, həqiqi dəyəri ödəyirlər.
-ƏDV-ni istehsalçı xarici şirkətlər yox, onlardan məhsul alan bizim yerli təsərrüfatlar ödəyir. Bizim yerli təsərrüfatların marağı isə aydındır. Məqsəd daha az ƏDV ödəməkdir. Yəni biri var 100 min manatın 18%-ni ödəyəsən, biri də var 200 minin. Hardasa hər damazlıq yumurtada 2 sent qabağa düşürlər.
- Yəni hər toyuqda 3-4 qəpik.
- Bəli. Hər toyuğu 3-4 qəpik baha satmaq üçün ərzaq təhlükəsizliyimiz risk altına atılır.
- Bəs, xarici şirkətlər öz qazancları olmadığı halda, bu siyasətə niyə gedirlər? Axı özünüz də deyirsiniz ki, xaricə nə qədər çox mal satarlarsa, öz dövlətləri tərəfindən bunun müəyyən faizini geri alırlar. Elədirsə, onların sənədlərdə qiyməti daha yüksək göstərməsi daha ağlabatan deyilmi?
- Xarici şirkətlərin marağı Azərbaycan bazarını əllərində saxlamaqdır. Bunun üçün isə müştərilərinə daha ucuz mal almaq şəraiti yaradırlar. Üstəlik, bayaq dediyim kimi, dempinq siyasəti yürüdürlər.
- O zaman Azərbaycan gömrüyü niyə bu qanunsuzluğa göz yumur?
- Gömrüyün bundan xəbəri yoxdur. Axı gömrük məmuru hardan bilsin ki, yumurtanı hansı şirkət hansı qiymətə alıb? Onlar şirkətlər arasındakı anlaşma sənədlərinə baxıb rüsum tətbiq edirlər.
- Bəs, siz hardan bilirsiniz ki, bizim yerli təsərrüfatlar xarici damazlıq şirkətləriylə bu qaydayla işləyirlər?
- Bayaq dedim axı, mən uzun müddət “Emre Piliç”-in burda ən məlumatlı adamı olmuşam. Hansı şirkətə nə qədər məhsul satıb, neçəyə anlaşıb, sənədlərdə neçə göstərib hamısını bilirəm. Şirkətin sahibləri bunu mənə özləri göndərirdilər. Sizə o sənədlərdən bir neçəsini göstərim. Baxın, bu fakturaya, görürsünüzmü, burada bir neçə qrafa var. Qrafanın birində “Fiyat Dolar”, digərində isə “F Fiyat”  yazılıb. “F Fıyat” “faktura fiyatı”, yəni “faktura qiyməti” deməkdir. “Fiyat Dolar”-ın altında nə yazılıb?

-0.52
-Bəli, o real qiymətdir. Bəs, “F Fiyat”ın altında nə yazılıb?
-0.30
- Bu isə fakturada göstərilən qiymətdir. Faktiki olaraq 22 sent aşağı qiymətə sənədləşdirilib. Diqqətlə baxsanız, bu da fakturada dəqiq göstərilib.
- Bəli, “N Fiyat” qrafasında 22 yazılıb.
- “N Fiyat” “nəğd qiymət” deməkdir. Yəni sənəddə göstərilməyən qiymət fərqinin nəğd ödənilməsi nəzərdə tutulub. Deməli, hardasa real qiymətin 40%-i gömrükdən yayındırılıb.
- Belə başa düşdüm ki, bu sənəd sizinlə Ömür Oral arasında sərin yellər əsmədiyi dövrlərə aiddir. Bəlkə indi o cür fırıldaqlara getmirlər?

 

- Xeyr, indi də eyni qayda ilə işləyirlər. Bu yaxınlarda “Azpolitika.info”da bir məlumat dərc olunmuşdu. Saytın yaydığı bir sənədə baxsanız, orda “Orallar” şirkətindən hansı şirkətin damazlıq yumurtanı neçəyə aldığı, daha doğrusu, sənədləşdirdiyi qiymətlər açıq-aydın şəkildə göstərilir. Sənəndən məlum olur ki, “Səba” ASC damazlıq yumurtanı 36 sentə, “Qaraqaşlı Broyler” 18, “Pənah Quşçuluq” isə 15 sentə alıb. Sizcə, arada bu qədər qiymət fərqi ola bilərmi?
- Nə bilim, mənim ticarətdən başım çıxmır. Elə incəlikləri bilmərəm. Siz o sənəddən nə nəticə çıxartdınız?
- Amma mənim ticarətdən də başım çıxır, “Emre Piliç”in hansı yollara əl atdığını da yaxşı bilirəm. Əslində sizin də başınızın çıxmadığını zənn etmirəm. Sənəddəki ciddi qiymət fərqinin altında yatan hikməti başa düşmək üçün biznesmen təcrübəsinə ehtiyac yoxdur. Belə deyək, siz bazara gedibsiniz və kartof alacaqsınız. Satıcı sizdən öndə dayanan adama bir kilo kartofu 15, sizə isə 36 qəpiyə təklif etsə, necə reaksiya verərsiniz? Yəqin ki, “məni niyə aldadırsan?” deyib başqa yerdən kartof alarsınız, deyilmi?
- Yəqin ki, elə olar…
- Amma “Səba” ASC damazlıq yumurtanı başqa yerdən almayıb. Bu o demək deyil ki, şirkət alış-verişdə sizdən daha təcrübəsizdir. O deməkdir ki, “Səba” bu saxtakarlığa getməyib. Digər şirkətlər isə qiyməti ucuz göstərərək ƏDV-ni tam ödəməkdən yayınıblar.
- Mürvət müəllim, ataların bir sözü var: “Meyiti özbaşına buraxsan, kəfəni batırar”. Əlbəttə, şirkətlərin öz öhdələrinə qalsa, dövlətə bu cür kələk gələrlər. Amma dövlət bu cür halların qarşısını almaq üçün bəzi mexanizmlər hazırlayır. Konkret olaraq, siz dediyiniz halın qarşısını almaq üçün vergi və görük nəzarəti var. Vergilər Nazirliyi və ya Gömrük Komitəsi həmin o “Qaraqaşlı”ın qaraqaşlı sahibindən niyə soruşmur ki, eyni xarici şirkət “Səba”ya 36 sentə satdığı yumurtanı sənin qara qaşına aşiq olub 18 sentə verib? Məni bu sual daha çox maraqlandırır…
- Mən dedim axı, dövlət qurumlarının buna nəzarət etmək imkanları yoxdur. Şirkətlər eyni vaxtda həmin yumurtaları ölkəyə gətirmirlər ki, qiymətlər arasında müqayisə aparılsın? Üstəlik, bu cür yoxlamalar bəzi xoşagəlməz hallara da yol açar, rüşvət üçün şərait yaradar. Amma dövlət elə bir siyasət yürüdə bilər ki, yerli təsərrüfatlar istəsələr də, bu cür saxtakarlığa getmək imkanına malik olmazlar. Bunun yolu, antidempinq məqsədli əlavə vergilər tətbiq etməkdən keçir.
- Bayaq bir fikriniz diqqətimi cəlb etdi. Dediyinizdən belə çıxır ki, dempinq siyasəti yürüdən şirkətlər ən böyük dəstəklərini öz dövlətlərindən alırlar. Deməli, qonşu dövlətlər də Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının oturuşmasında maraqlı deyilllər?
- Mən bunu həmin dövlətlərin Azərbaycana qarşı təxribatı kimi qiymətləndirmək istəməzdim. Ümumiyyətlə, istənilən dövlət öz yerli şirkətlərinin inkişafında maraqlı olur. Odur ki, ixracatı təşviq etmək üçün müəyyən təşviq siyasəti yürüdür. Bu, yalnız quşçuluq sektoruna da aid deyil. Bütün ixracatçı şirkətlər bu cür təşviqlərdən faydalanırlar. Damazlıq şirkətləri də bundan faydalanıb Azərbaycan bazarını əldə saxlamağa çalışırlar.
Biz bu sektorun təməllərini atdığımız ərəfədə istər Türkiyə, istərsə də İran şirkətləri damazlıq yumurtanın qiymətini 50 sentdən 22 sentə qədər endirdilər. Amma biz bu amansız rəqabətdən üzüağ çıxdıq. Allaha şükür, Azərbaycan öz illik tələbatını ödəyəcək səviyyədə bu işi qura bilib. İndi qarşımızda öz mövcudluğumuzu qoruyub saxlamaq hədəfi dayanır. İnanıram ki, dövlətimiz milli maraqlarımız naminə yenə bizim arxamızda dayanacaq. Nəticədə ölkəmizin ərzaq təhlükəsizliyi hansısa dövlətlərdən asılılıqdan qurtulacaq və ölkədə xeyli iş yerləri açılacaq. İqtisadiyyatımız da bu zaman neftin enib-qalxan qiymətlərinə göz tikməyəcək. Cənab Prezidentimizin strateji hədəflərini hansısa şirkətin bir toyuqda 3-4 qəpik qabağa düşməsinə qurban vermək olmaz. Bu, həm Prezidentimizə, həm də dövlətimizə xəyanətdir.
- Prezident İlham Əliyevin çıxışlarında ortaya qoyduğu hədəflərdən biri quşçuluq sektorunu ixracatçı səviyyəyə gətirilməsi idi. Necə bilirsiniz, Azərbaycanın yaxın gələcəkdə xaricə toyuq ixrac etmək şansı nə qədərdir?






Fikirlər