“İsgəndər”lə öyünən düşmənə Bakıdan XƏBƏRDARLIQ
Ehtiyatda olan polkovnik-leytenant: “Onların Bakıya doğru yönləndirmək istədikləri raket heç yarı yolu qət etməmiş İrəvanda daş-daş üstündə qalmaz” “Son günlər müxtəlif səviyyələrdə Azərbaycanın Rusiyadan aldığı silah-sursatla bağlı çox geniş müzakirələr aparılır. Bəziləri bunu lazımsız bir xərc kimi dəyərləndirməyə çalışır, bəziləri guya bizim müharibə etməyəcəyimizi yazır və sairə bu cür fikirləri dilə gətirirlər. İstənilən halda, şəxsi qənaətimə görə, o alınan silahlar mütləq Azərbaycan Silahlı Qüvvələrinin döyüş gücünü və qabiliyyətini artırmaq üçün alınan müasir silah-sursatlardır. Və biz o silahları təkcə təlimlərdə və hərbi paradlarda nümayiş etdirmək üçün əldə etmirik”. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri “Yeni Müsavat”a Azərbaycanın silah arsenalını zənginləşdirməsi və ümumiyyətlə, son zamanlar silah müzakirələri ilə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, nə qədər ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa edilməyib, bizim ordumuz üçün nə lazımdırsa, nə önəmlidrsə, alınır və alınacaq. Belarusun yaxın zamanlarda Rusiyadan “İsgəndər” zenit-raket komplekslərinin alınması məsələsini nəzərdən keçirməsinin mümkünlüyü barədə Belarusun Rusiyadakı səfiri İqor Petrişenko açıqlama verib. Onun sözlərinə görə, hazırda Belarusda əsas zenit-raket kompleksi kimi “S-300" sistemləri istifadə olunur. O əlavə edib ki, ”S-400" və “İsgəndər” raket-zenit komplekslərinin alınması məsələsi yeni silahların və ölkədə təkmilləşdirilmiş sistemlərin olması baxımından nəzərdən keçirilə bilər. Rusiyanın işğalçı Ermənistana da ötən ilin aprel döyüşlərindən sonra “İsgəndər” bağışlaması analoji silaha Azərbaycanın da sahiblənməsi zərurətini aktuallaşdırıb. Bir çox hallarda ermənilər Azərbaycanı məhz bu silahla təhdid edirlər. Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında “İsgəndər” zenit-raket komplekslərini almaq üçün Azərbaycanın şanslarının kifayət qədər yüksək olduğunu bildirib. ““İsgəndər” raketləri gerçəkdən böyük əhəmiyyəti, dağıdıcılıq gücü yüksək olan silahlardır. Bu silahlara malik olmaq hər bir ölkənin hərbi imkanlarını qat-qat artırır" deyən Z.Oruc əminliklə vurğulayıb ki, Rusiyanın bu silahları Azərbaycana satması mümkündür. “İndiki şəraitdə Rusiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Artıq Bakının güclü silahlara malik olmasını Kremlin çevrəsində olan strateqlər özlərinə təhlükə saymırlar. Çünki 90-cı illərdən fərqli olaraq, ölkəmiz anti-Rusiya bloklarında yer almır” - Z.Oruc deyib.
Ü.Cəfərov isə qəzetimizə dedi ki, son günlər ölkəmizin də Rusiyadan “İsgəndər” operativ-taktiki raketlərini ala bilməsi haqqında bəzi millət vəkillərimiz də daxil olmaqla, müzakirələrlə bağlı tam əksini düşünür: “Bizə ”İsgəndər-M" operativ-taktiki raketləri lazım deyil. Bizim regionda yeganə “baş ağrımız” Ermənistandır və bədnam qonşularımızı yerində oturtmaq üçün kifayət qədər güclü, axırıncı nəsil ağır texnikamız və silah-sursatımız var. Özü də bədnam qonşularımızın həsəd apara biləcək artilleriya və raket qurğularımız. Müasir Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin arsenalında olan avadanlıq və texnika. Təkcə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun tabeçiliyində olan ən müasir silah-sursat dəqiqələr içində Ermənistana elə sarsıdıcı zərbələr vurmaq iqtidarındadır ki, bunu İrəvanda da gözəl bilirlər. İndi ermənilər ötən ilin sentyabrından bu günə kimi Rusiyanın bunlara verdiyi “İsgəndər” raketlərini az qala gündə üç dəfə bizə hədə-qorxu gəlmək üçün dilə gətirilər. Hələ dəqiq məlum deyil ki, onlara verilən bu raketlər sonuncu modelə aiddir ya yox". Hərbi ekspertin fikrincə, bu faktdan erməni tərəfi həddən çox şişirdilmiş formada istifadə etməyə çalışır: “Heç kim mübahisə etmir ki, bu gün ”İsgəndər" operativ raket kompleksi çox müasir və dağıdıcı gücə malik silahlardan sayılır. Amma bu o demək deyil ki, biz bu silahdan qorxmalı və ya çəkinməliyik. Hər iş təkcə bu silahla həll olunmur və bu silahın təyinatı da bir qədər fərqlidir. Ömründə bahalı oyuncaq görməyən körpə uşaq kimi ermənilərin əlinə bu bahalı “İsgəndər” “oyuncağı” düşüb deyə, bu ölkədə kim gəldi bizə hərbə-zorba deməyə çalışır. Əlbəttə ki, Rusiya istəyər ki, bu bahalı silahı daha çox ölkələrə, həmçinin Azərbaycana da satsın. Amma hesab edirəm ki, bizim üçün o silah hazırkı mərhələdə o qədər də vacib deyil". Ü.Cəfərov qeyd etdi ki, Azərbaycan İsrail istehsalı olan və dünyada çox nadir “Dəmir günbəz” raketdən müdafiə sistemi vasitəsilə özünün tam güvənli müdafiəsini təşkil etməyə qadir ölkələrdən biridir: “Bu raketdən müdafiə sistemi hətta ”İsgəndər" raketlərindən də müdafiə olunmağa imkan yaradır. İsraildə istehsal olunan bu müasir kompleks uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiə sistemidir. Əsas funksiyası hava hücumundan müdafiədir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur". Ehtiyatda olan zabit düşmənə xəbərdarlığını da ifadə etdi: “Azərbaycan qarşı ”İsgəndər-M" raketlərini istifadə edəcəkləri ilə hədə gələn ermənilər yaxşı olardı ki, bu kompleksin taktiki-texniki xarakteristikası ilə ətraflı tanış olaydılar. Bu kompleks həm adi, həm də nüvə başlıqları ilə təchiz oluna bilir. Raketlərin hədəfi vurma məsafəsi 500 kilometrdir. Onlar gözəl bilirlər ki, Naxçıvandan İrəvana cəmisi 45-50 km civarında məsafədir. Onların Bakıya doğru yönləndirmək istədikləri raket heç yarı yolu qət etməmiş İrəvanda daş-daş üstündə qalmaz".