İyulun 11-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilən general-mayor Novruzəli Orucov "Ölkə.Az”-a müsahibə verib.
Həmin müsahibəni oxuculara təqdim edirik:
"Avtobus sürücüləri vəhşi kimi maşın sürürlər”
– Baş verən son hadisələrlə bağlı cəmiyyət ən çox sizi qınayır ki, nə üçün general belə bir övlad böyüdüb?
– Vallah nə bilim, bir hadisə idi, oldu. Mən oğlumun günahlarını etiraf edirəm. Doğrudur, oğlumun da səhvləri var. Ancaq avtobus sürücüsünün də günahı çoxdur. Hər kəs yaxşı bilir ki, bu gün Azərbaycanda avtobus sürücüləri necə vəhşi kimi maşın sürürlər. Oğlumla avtobus sürücüsü arasında mübahisə də məhz bu üzdən baş verib. Həmin avtobus sürücüsü ilə oğlum dalaşıb-barışıb, sürücü şikayətini də geri götürüb.
Oğlum elə pis uşaq da deyil. Sadəcə olaraq, həmin avtobus sürücüsü oğluma qarşı var-yox söyüşü söyüb. Oğlumun da 21 yaşı var, cavan oğlandır, kim belə söyüşü götürər? İndi axmaq bir avtobus sürücüsü maşını vəhşi kimi idarə edirmiş. Oğlum da bunu görüb, səbri çatmayıb, sürücüyə iradını bildirib. Sürücü də oğluma ağır söyüşlə cavab verib. Bunun nəticəsində də oğlumla sürücü arasında dava olub.
"Oğlum həbsdədir, gedib görüşməmişəm də!”
– Oğlunuz hərbi xidmətdə olubmu?
– Oğlum Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında oxuyurdu. Akademiyada 5 illik təhsil müddətinə hərbi xidmət də daxildir. Bu hadisələrə görə oğlum üçüncü kursdan akademiyadan xaric olunub. Sonra da oğlum özü imtahan verərək, Ukrayna Daxili İşlər Nazirliyinin Polis Akademiyasına bərpa olunub. Oğlum Ukrayna Polis Akademiyasına yeni bərpa olunmuşdu ki, son hadisələr yaşandı. İndi bilmirik ki, nəticəsi necə olacaq? Hazırda da oğlum həbsdədir. Heç özü ilə gedib görüşməmişəm də!
"Oğlumun tərbiyəsinə söz ola bilməz”
– Ölkə başçısı sizi sırf oğlunuzun hərəkətlərinə görə işdən azad edib?
– Bəli, oğluma görə vəzifədən çıxarılmışam. Yoxsa ki, mənim başqa nə pis hərəkətlərim olub? Mən nümunəvi xidmət edən zabitəm. Məni oğluma görə vurdular. Ancaq Allah cənab Prezidentin canını sağ etsin. Mən onun əsgəriyəm. Mənə vəzifəni verən də, alan da odur. Onun qərarlarına heç bir etirazım yoxdur. Ali Baş Komandan əmr versin, bu gün burada, sabah isə cəbhədə düşmənlə döyüşəcəm.
Mən çox əzab-əziyyətlə, yetim böyümüşəm. Öz bacarığım hesabına gəlib müəyyən pillələrə qalxmışam. Macarıstanda, Belarusda və Azərbaycanda xidmətlər etmişəm. İndi də uşağın bir hərəkətinə görə vəzifədən azad olunmuşam. Etiraf edirəm ki, bunun da səhvi məndə olub. Mən günhlarımı boynuma alıram. Mən uşağa vaxtında lazımı diqqəti göstərməmişəm. Oğlumun tərbiyəsinə isə söz ola bilməz. Tərbiyəsini vermişəm. Sadəcə olaraq avtobus sürücülərinə bəraət qazandırmaq doğru deyil. Göz qabağındadır, hamı yaxşı bilir ki, avtobus sürücüləri yollarda oyun çıxarırlar. Məsələnin bu tərəfinə də nəzər salmaq lazımdır. Oğlum bu cür hadisələrin şahidi olub, həmin avtobus sürücüsünə irad bildirib. Avtobus sürücüsü var-yox söyüşü söyüb, oğlum da cavab verib. Var-yox söyüşünü kim götürərdi? Avtobus sürücüsü deyib ki, sür dalımca gəl, gəlməsən belə-belə olarsan. Oğlum da nə etsin, cavan oğlandır, gedib dalınca, orada da dava düşüb. Oğlum həmin avtobus sürücüsünə bir yumruq vurub, aləm dəyib bir-birinə. Ancaq sürücünün hərəkətlərinə də qiymət vermək lazımdır. Doğrudur, bu gün oğlumun hərəkətlərinə heç bir haqq qazandırmıram. Məni vəzifəyə qoyan da, çıxaran da cənab Prezidentdir. Allah onun atasına qəni-qəni rəhmət etsin, 1982-ci ildə məni oxumağa göndərən o kişi olub. O vaxt kasıb və yetim bir oğlan idim. Göstəriş verdi ki, belə uşaqları oxumağa göndərin. Bu gün də cənab Prezidentimizə Allah can sağlığı versin! Mən onun əsgəriyəm. Sabah desə ki, get ayaqyalın ermənilərin üzərinə, mən gedəcəm. O ayağını qoyduğu yerə mən başımı qoymağa hazıram.
"Vəzifə təklif etsələr, onu icra etməyə tam hazıram”
– Bundan sonra nə işlə məşğul olmağı düşünürsünüz?
– Hazırda Sərəncamdayam. Nə vaxtsa çağırıb vəzifə təklif etsələr, onu icra etməyə tam hazıram. Mən 36 ildir ki, xidmət edirəm. Sabah Ali Baş Komandan məni hara göndərsə, əsgər kimi getməyə hazıram. Yenə deyirəm ki, hər şey ölkə başçısının səlahiyyətlərində olan məsələdir. Bu gün məni buradan çıxarıb, sabah başqa yerə verə bilər. Hələlik Sərəncamdayam. Yenə deyirəm ki, sabah Ali Baş Komandanın bir əsgəri kimi istənilən yerə getməyə hazıram. Elə çox qocalmamışam, yaşım da o yaş deyil ki, pensiyaya çıxım. Xəstəliyim də yoxdur ki, xəstəliklə tərxis olum. Xidməti dövrümdə də neqativ hallarım olmayıb. Fəaliyyətim dövründə Vətən üçün xidmətlərim çox olub. O vaxt Ağdamda ermənilər snayperlə Farizi vuran zaman biz dərhal Azərbaycanda snayper kursu açdıq. Həmin kursu bitirən insanlardan biri İslam Həmrəyliyi Oyunlarında üçüncü yerə çıxmışdı.
Bundan başqa, biz ulu öndərin ad günü münasibəti ilə bütün MDB ölkələrinin iştirakı ilə yarışlar keçirirdik.
"Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!”
– Heç baş verənlərə görə övladınızı tənbeh etdinizmi?
– Yox, oğlumu cəzalandırmadım. Ancaq mənim işdən çıxarılmağım oğlum üçün ən böyük cəzadır. Bundan böyük nə cəza ola bilər?
Biz Ali Baş Komandanın əsgərləriyik. Sabah Ali Baş Komandan əmr versə, nəinki mən, bütün övladlarımla ön cəbhəyə gedib döyüşməyə hazırıq. Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!
İndiyədək mən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Bundan sonra da iştirak etməyə hazıram.