MƏŞHUR SADLIQ SARAYININ RƏHBƏRİ HƏBS OLUNDU - Oliqarxlardan birinə MƏXSUSDUR

PLANET

Baş prokurorluq Bakıda ağacların qanunsuz kəsilməsinə görə məşhur şadlıq sarayının rəhbərinin həbsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmaların nəticəsi olaraq şirkətin icraçı direktoru Şirinov Vüqar İbiş oğlu və onun göstərişi ilə ağacları kəsən fəhlələr- fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğlu saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərə qanunsuz ağac kəsərək təbiətə külli miqdarda ziyan vurmaq maddəsi üzrə ittiham irəli sürülüb. Açıqlamada deyilir ki, “Karvan-K” şirkəti “Planet” şadlıq sarayınının mülkiyyətçisidir.

Həmin ağackəsmə hadisəsi ilə bağlı bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Məlumatda deyilirdi ki,  Nizami rayonu, Mehdi Abbasov küçəsi 4 c ünvanında, “Planet” şadlıq sarayının arxa hissəsindəki yaşıllıq sahəsində yaşköküstə 12-28 sm diametrliyində sərv, eldar şamı və qarağac cinsli 9 ədəd ağacın qanunsuz kəsildiyi, 20 ədəd ağacın isə gövdə və çətir hissələrinin ciddi zədələndiyi məlum olub.

“Ağacların ərazidə tikinti aparan “Karvan-K” istehsalat-kommersiya firması tərəfindən kəsildiyi və zədələndiyi müəyyən edilib. Özünü “Planet” şadlıq sarayının rəhbəri kimi təqdim edən Talıb Quliyev ağacların onun göstərişi ilə kəsildiyini bildirib. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı tikintini həyata keçirən “Karvan-K” firması barəsində akt tərtib olunaraq 7920 manat məbləğində ziyan tətbiq edilib. Məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barədə qanunamüvafiq tədbirlərin görülməsi və ərazidəki digər ağacların məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib»-açıqlamada bildirilirdi.

“Planet” şadlıq sarayından virtualaz.org-a bildiriblər ki, müəssisənin icraçı direktoru bu gün həbs edilib. Lakin şadlıq sarayının sahibi kimi təqdim olunan Talıb Quliyevin məsuliyyətə cəlb olunduğu barədə məlumat yoxdur. Mətbuatda gedən xəbərlərə əsasən “Planet” şadlıq sarayı ölkənin maliyyə sahəsində yüksək post tutan oliqarxlardan birinə məxsusdur.

Xatırladaq ki, bu günlərdə prezident İlham Əliyev paytaxtda ağacların qanunsuz kəsilməsi ilə bağlı növbəti sərt xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, belə əməllərə yol verən sahibkarlar və məmurlar təkcə cərimə cəzası ilə yaxalarını qurtara bilməyəcəklər.

Bundan əvvəl Bakının Yasamal rayonunda, “Mətbuat” prospektində yerləşən “Ovçular evi”nin ərazisində ağacların tikinti aparmaq məqsədi ilə kütləvi məhv edilməsi prezidentin müdaxiləsi ilə dayandırılmışdı və həmin ərazidə “Böyük Plaza” adlı çoxfunksiyalı kompleksin tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ləğv olunmuşdu. Qısa müddət ərzində həmin ərazidə istirahət parkı salındı.

 






Fikirlər