“Turan” agentliyi fəaliyyətini BƏRPA EDİR

 turan

“Turan” informasiya agentliyi oktyabrın 1-dən fəaliyyətini bərpa edəcək. Bu barədə agentliyin yaydığı müraciətdə deyilir.

“Əziz oxucularımız və abunəçilərimiz, bildiyiniz kimi, agentlik sentyabrın 1-dən etibarən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qalmışdı. Bu, Vergilər Nazirliyinin uydurma vergilərdən yayınma ittihamı ilə cinayət işi açmasının və agentliyin direktoru Mehman Əliyevin həbsinin nəticəsi idi.

2017-ci ilin avqust-sentyabr aylarında Turan 27 illik tarixində ən çətin dövrünü yaşadı, amma onun da öhdəsindən gəldi.
Bununla bağlı ətraflı məlumat hələ yazılacaq, amma bu gün əminliklə deyə bilərik ki, söz azadlığını boğmağa müvəffəq olmadılar”, sənəddə qeyd edilir.
Agentliyin kollektivi ictimaiyyətə, beynəlxalq təşkilatlara, derputatlara, ziyalılara, o cümlədən ABŞ Dövlət Departamentinə, Norveç, Fransa, Böyük Britaniya hökumətlərinə, Avropa İttifaqına Almaniya Ombudsmanına minətdarlıq edir.
“Avropa Şurasının baş katibi Tornbyorn Yaqlandın və ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezirin, Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Sezar Predin şəxsi addımlarını qeyd edirik.
Beynəlxalq təşkilatların və ilk növbədə dəstəyin əlaqələndiricisi missiyasını öz üzərinə götürən “Sərhədsiz Reportyorlar”ın geniş və fəal dəstəyi olmasaydı, Turan “sağ qala” bilməzdi”, müraciətdə deyilir.
Agentlik eyni zamanda, sərt və prinsipial mövqe tutan Amerika konqresmenləri və senatorları – Makkeyn, Smit, Makqovern, Durbin, Rubio, Ouerə xüsusi minnətdarlığımızı bildirir.
“Hörmətli oxucular, “qara sentyabr” geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik”, müraciətdə qeyd edilir (“Amerikanın səsi”).

 






Fikirlər