BDU təhsil sərgisində TƏMSİL OLUNUB
Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin artıq ənənə halı aldığını bildirib. CEO-nun direktoru Edvard Stron sərginin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Təhsil naziri Mikayıl Cabbarov və sərgi iştirakçıları müxtəlif stendlərlə tanış olublar. Bakı Dövlət Universitetinin stendi təqdim edildikdən sonra rektor, akademik Abel Məhərrəmov universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib. Sonra əyani təcrübələr aparılıb. Sərgi oktyabrın 8-də başa çatacaq.