Vidadi Zeynalovun işində GÖZLƏNİLMƏZ qərar: Eldar Mahmudovun qohumunun cəzası AZALDILDI

"Rabitə işi"nə görə həbs edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baş tutan iclasda prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Vidadi Zeynalov prokurorun çıxışına münasibət bildirib. O, deyib ki, qanun qarşısında heç bir günahı yoxdur. O, sadəcə prezident qarşısında günahkar olduğunu söyləyib.

Məhkəmə qərarı elan etmək üçün müşavirəyə çıxıb. Hakimlər Kollegiyasının qərarına əsasən Vidadi Zeynalovun cəzası 4 ilə, Eldar Mahmudovun qohumu olan Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub, yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək rul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq, B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq, müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-ortik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən ararıldığı halda, guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev isə 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov və Bayram Vəliyev barəsində 2 illik sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Musavat.com






Fikirlər