"ŞIX" Sanatoriyası əvvəlki ŞÖHRƏTİNİ GERİ QAYTARIR!

Son illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) səyləri nəticəsində Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər göz önündədir.

Konfederasiya sədri Səttar Mehbalıyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində respublikamız bu sahədə dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək dərəcədə mühüm uğurlar əldə edib.

Əminliklə demək olar ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi daim Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən olub. Yeni Əmək Məcəlləsinin qəbul olunması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan Milli Məclisi tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməsi hallarından, icbari sığorta haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində işləyənlərin say reqlamenti, zərərli iş şəraitində çalışanların profilaktik qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı Əmək və Vergi məcəllələrinə düzəlişlər edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi, işi dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib.

Birmənalı şəkildə demək lazımdır ki, bu sadalanan nailiyyətlər Səttar müəllimin rəhbərlik etdiyi AHİK-in öz işinə peşəkar və ciddi münasibətinin məntiqi sonluğudur.

Xüsusilə işçilərin sağlamlığının və istirahətinin düzgün təşkili istiqamətində görülən işləri təqdir etməmək,  AHİK rəhbərliyinin bu məsələyə həssas yanaşmasını vurğulamamaq mümkün deyil. Nəticədə isə ölkədəki sanatoriyalar müasir standartlar səviyyəsində yenidən qurulub və həmkarların ixtiyarına verilib. Hazırda hər il yüz minlərlə işçi bu sağlamlıq və istirahət mərkəzlərində həm müayinə və müalicə imkanından, həm də dincəlmək fürsətindən faydalanmaqdadırlar.

Abşerona xas olan iqlim tipinin və təbii mənbələrin müalicəvi özəllikləri barədə biliklər qədim vaxtlardan bəri məlumdur. Artıq neçənci yüzillikdir ki, müalicə almaq üçün insanlar məhz Abşeron müalicəxanalarına üz tutur. 

Bu sırada Bibi-Heybətdəki "ŞIX" sanatoriyanın işini ayrıca qeyd etməyi vacib bilirik. Paytaxt Bakının cəmi 10 km.-liyində yerləşən bu sanatoriya vaxtilə nəinki Azərbaycanda,hətta onun hüdudlarından kənarda belə, şöhrət tapmışdı. Sovet İttifaqının dağılmasından bir müddət sonra "ŞIX" sanatoriyasının fəaliyyətində də obyektiv səbəblərdən müəyyən durğunluq yaranmışdı. Amma son illərdə yenidən qurulan, modernləşən "ŞIX" sanatoriyası əvvəlki şöhrətini geri qaytarmaqdadır.

 

AHİK sədri Səttar Mehbalıyev, qurumun tabeliyindəki “Kurort” QSC-yə daxil olan digər sağlamlıq ocaqları kimi, "ŞIX" sanatoriyasının da müasir standartlar səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi addımların atılmasını təmin edib. Nəticədə  Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan "Bibi-Heybət" qəsəbəsində yerləşən bu sanatoriyada istirahətdən həzz almaq və  oqrqanizmin dayaq-hərəkət sistemiı xəstəliklərindən müalicə olunmaq üçün  hər cür şərait mövcuddur.

 Sözsüz ki, hər birimiz Varnanın qızıl qumları, Soçi çimərlikləri, Krım havası və Anapa günəşi barədə uzun-uzadı hekayələr eşitmişik. Lakin bu kurortlar arasında təkcə "Bibi-Heybət"-də yerləşən “ŞIX” sanatoriyası sadaladığımız təbii xassələrin hamısını özündə cəmləşdirir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş- adıçəkilən kurortu fərqləndirən xüsusiyyətlərdəndir. Onu da qeyd edək ki, "ŞIX" Bakılıların ən sevimli istirahət guşəsidir.

Baş həkim  Gültəkin Süleymanova başda olmaqla, sanatoriyanın rəhbərliyi və kollektivi AHİK-in onlara göstərdiyi yüksək etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. “ŞIX”-ı seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar.  Bu sağlamlıq və istirahət ocağında işlər sözlə ifadə edilməsi mümkün olmadığı dərəcədə peşəkarlıqla qurulub.Elə bütün bunlara görə də bu gün "ŞIX" sanatoriyasının uzun illər öncə olduğu kimi, insanların böyük həvəs və inamla üz tutduğu bir ünvana çevrilməsinə təbii yanaşmaq lazımdır. 

 Müxtəlif duzlar, brom və yod buxarları ilə zəngin olan havanın özü belə insanlara müalicəvi təsir edir. Bəs buranın dənizi? “ŞIX” çimərliklərində dəniz suyunun hərarəti may ayında 19oC, avqustda – 27oC, oktyabrda isə 18,5oC təşkil edir. Təpə və kempinq əraziləri ilə əhatə olunmuş kurort qəsəbəsi ölkənin hər bir tərəfindən ziyarətçiləri özünə cəlb edir. Minlərlə insan “ŞIX”-da sağlamlığını bərpa edir, dincəlir və qüvvət yığır.
Müalicə və iqlim amillərinin kombinasiyası, və eləcə də həkim göstərişinə əsasən tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannalarının qəbulu “ŞIX” sanatoriyasını dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir.
Müalicəvi hava, günəş və gün vannaları, eləcə də qocaman Xəzər dənizi burada istirahət edənlərin yaddaşından əsla silinməyəcək.

Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Bundan əlavə, pasiyentlər bir sıra sağlamlaşdırıcı tədibrlərdən keçirlər.

Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

Kurorta üz tutan pasiyentlər tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannaları qəbul etmək şansına malikdir. Həmin mineral su yer səthinə 2000 m dərinlikdən çıxır. Suyun istiliyi 60-70 dərəcə təşkil edir.

Bununla bərabər, sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.
Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur.

  Arxitektur cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir.

 Zövqlə tərtib edilmiş, rahat və səliqəli müalicəvi qidalanma zalı sözsüz ki, iştahının yaxşılaşmasına yardımçı olur və müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin bəxş etdiyi təəssüratları daha da gücləndirir.

Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda videosalon, kitabxana, bilyard otağı, kafe və digər müəssisələr fəaliyyət göstərir.

 Bu sadalananlar qısa vaxtda "ŞIX" sanatoriyasında kifayət qədər böyük işlərin həyata keçirildiyini təsdiqləyir. Əminliklə vurğulamalıyıq ki, hazırda "ŞIX" sanatoriyasının timsalında Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrindəki sağlamlıq və istirahət ocaqları ilə rəqabət apara biləcək bir sanatoriya möbcuddur.

Bu isə yuxarıda da vurğuladığımız kimi, AHİK sədri Səttar Mehbalıyevin həmkarlar ittifaqlarında təmsil olunan 1 milyon 600 mindən artıq əməkçinin səhhətinə və istirahətinə verdiyi önəmin nəticəsidir. Belə bir nəticəni isə yalnız və yalnız ayaqda alqışlamaq olar!

Eyni zamanda o da sevindiricidir ki, hazırda "ŞIX" sanatoriyasında öz işinə vaqif olan, məsuliyyətlə yanaşan bacarıqlı rəhbərlik və professional kollektiv çalışır. Bu da "ŞIX" sanatoriyasının şöhrətinin qarşıdakı illərdə ölkəmizdən çox-çox uzaqlara yayılacağına qətiyyən şübhə yeri qoymur.

Yazını isə yüz minlərlə işçinin "ŞIX" sanatoriyasının nümunəsində Azərbaycanda əməkçilərin sağlamlıq və istirahət hüququnun təmin edfilməsi istiqamətində misilsiz işlər görən Səttar müəllimə və rəhbəri olduğu AHİK-ə minnətdarlığını dilə gətirməklə nöqtə qoyuruq. Baxmayaraq ki, istənilən minnətdarlıq həmin nəhəng işlərin qarşısında xeyli kiçik görünür. Həm də Səttar müəllimin bu uğurlara imza atarkən qarşılığında heç bir təşəkkür gözləmədiyini yaxşı bilirik.

Amma bu  nə bizə, nə də həmkarlar sıralarında birləşən yüz minlərlə işçiyə əməkçi hüquqlarının yüksək səviyyədə qorunması sahəsində əldə edilən nailiyyətlərə görə səmimi minnətdarlıq ifadə etməyə mane olmamalıdır:

- Təşəkkürlər, Səttar müəllim!

Azər Abdul. ''AzerTaym.az''

 

 

 

 






Fikirlər