Nazirlik Rasim Balayevlə bağlı məsələyə REAKSİYA VERDİ

Aktyor: “Bu qədər qayğıma qalınacağını, dəstək veriləcəyini gözləmirdim”

Milli Məclisin 17 noyabr tarixinə olan plenar iclasında xalq artisti, deputat Zeynəb Xanlarova məşhur aktyor Rasim Balayevin son durumu ilə bağlı danışıb. Deputat Rasim Balayev üçün səhiyyə və mədəniyyət nazirinə müraciət edib:

“Danışmaya bilmərəm. Elə bir sənətkardır ki, Babək və Nəsim obrazlarını yaradıb. Belə bir adama həkim iki dərman yazıb, onun birini almağa pulu yoxdur. Mən üzümü tuturam səhiyyə nazirinə, mədəniyyət nazirinə: bunlar niyə ona baxmırlar? Öz sənəti uğrunda canını verib, canında can qalmayıb. Mən millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm, onunla bir məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu qədər dərmana versin? Xahiş edirəm, Oqtay müəllim, siz də, biz də Rasim Balayevə dəstək olaq!”

Spiker Oqtay Əsədov isə “Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə reaksiya verib.

Qeyd edək ki, ötən həftə xalq artisti, Azərbaycan kinosunun canlı əfsanəsi Rasim Balayevin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə, incəsənət və mədəniyyət aləminin nümayəndələri tərəfindən məyusluqla qarşılanmışdı. Aktyorun “dərmanlara pul çatdıra bilmirəm” deməsi isə daha böyük təəssüf doğurmuşdu.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib:

Image result for Səfayə Əhmədova

“İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.

Mədəniyyət və Turizm Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, gün ərzində zənglərimiz cavabsız qaldı. Lakin bundan əvvəl məsələ ilə bağlı nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov “Yeni Müsavat”a açıqlama verərək bildirmişdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq:

“Rasim bəyin səsləndirdiyi fikirlərdən xəbərdarıq. Onun sözləri bizi də kədərləndirdi. Məsələ ilə bağlı maraqlanırıq. Rasim bəylə əlaqə saxlayacağıq. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.

“Bu qədər qayğıma qalınacağını, dəstək veriləcəyini gözləmirdim”. Bu sözləri Rasim Balayev “Yeni Müsavat”a açıqlamasında deyib. Aktyor deputat Zeynəb Xanlarovaya və spiker Oqtay Əsədova öz təşəkkürünü bildirib.

“Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan oldumu” sualımıza isə aktyor bu cür cavab verdi:

“Yox... istəmirəm də”.






Fikirlər