Azərbaycan əsgərini bütün mənalarda yumşaltmaq yox, bərkitmək lazımdır, hörmətli dilçilər!..
Xəbəriniz var da xəbərdən?.. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.
Tanınmış media eksperti Qulu Məhərrəmli məsələyə gözəl şərh verib:
“...Hər bir dəyişiklik ciddi elmi əsasa söykənməlidir. Orfoqrafiya lüğəti çox ciddi və sabit prinsiplərə əsaslanmalıdır. Bu olmasa, biz gündə orfoqrafiyada bir söz dəyişəcəyik. Bu, bir institutun, bir şuranın gəldiyi qərar olmamalıdır. Dil hamının ümumi məhsuludur....“Əsgər”, “əsginaz” sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə mən ciddi prinsip görmürəm. Bu dəyişikliklərin Azərbaycan dilini hara aparacağını, hansı dolaşığı, xaosu yaradacağını təsəvvür edə bilmirəm. Mən əminəm ki, bu dəyişikliklər qəbul olunarsa, 5 ildən sonra tamam başqa dalğa gələcək. Ən başlıcası odur ki, bu gün Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”ni dəyişdirməyə heç bir lüzum və ehtiyac yoxdur. Dillə bu şəkildə davranmaq olmaz...”
Qulu müəllimin elmi-publisistik şərhindən ruhlanaraq bəndəniz Dilçilik İnstitutunun hoqqalarına bir ruhu-mənəvi şərh də vermək istəyir. Xanımlar və əfəndilər, öncə rəhmətlik ustad şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən bu misraları yadınıza salıram:
“...Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımız dır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək...”
... Gerçəkdən Bəxtiyar müəllim demiş, dilimiz birbaşa ruhumuza bağlıdır... Bəlkə kimsə hiss etmir. Bir insan olaraq özümüz kimi hər bir sözümüzün, səsimizin də ruhu var. Rəhmətlik Xudu Məmmədov demiş, hətta səsin də rəngi var... Himnlər, marşlar nəyə görə xalqı, əsgəri mübarizəyə, cəngə, döyüşə səsləyir? Sözlərindəki, musiqisindəki əzəmətə, vüqara görə... Bu baxımdam, əzizlərim, digər hər bir sözümüz, kəlməmiz kimi “ordu”, “əsgər”sözünün də bir ruhu, bir canı var... Bu sözlərdə bir əzəmət , bir vüqar var... Çünki əsgər, ordu –kişilik, igidlik rəmzidir. İkincisi də, məlumdur ki, dildəki qalın və cingiltili səslər dilə xüsusi rövnəq, ton verir. Bu samitlər olmasa, dilin musiqiliyi, şirinliyi, möhtəşəmliyi itər... Diqqət edirsiz, kişi adlarında adətən qalın saitlər və cingiltili, sonor samitlər iştirak edir. Qadın adlarına isə incə, kar səslər daha çox xasdır. Məsələn, Cabbar, Qadir, İpək, Çiçək və s. Bəzi kişi adlarının sonuna incə “ə” saiti artırıb qadın adına çeviririk: Kamil- Kamilə, Ramil- Ramilə...
Biz bu gün torpağı işğal altında olan bir ölkə kimi kişini, əsgəri bütün mənalarda yumşaltmaq yox, bərkitməliyik. Şükür Allaha, son illər Milli Ordumuz, digər Silahlı Qüvvələrimiz regiona səs salıb... Odur ki, bir yaxşı düşünək, belə bir ordunun qulluqçusuna “əsgər”, desək, yaxşıdı, yoxsa əskər?.. “Əsgər” yazılanda deyilişdə söz nə qədər yumşalsa da, “g” cingiltili samitinin tonu, bərkliyi qalır. Amma “əskər” yazanda “k” samiti kağız-kuğuz sözündəki kimi səslənir... Çar Rusiyası və Sovet dövründə rus məmurları siyahıyaalmada-filanda özlərini əziyyətdən qurtarmaq üçün Peyğəmbərimizin(s) adından götürülmüş Məhəmməd adını qısaldıb “Mamed”, “Məmməd”, Məhəmmədəmini “Məmmmədəmin” və s. etdilər. Əsgər adı isə rus dilində “Asker” kimi səslənir. Rus dili ilə bizim dilin fərq olmalıdır, yoxsa yox? İndi məqsəd kimlərin işini yüngülləşdirməkdi? Yoxsa Moskva, yaxud Vaşinqton dilimizlə də bağlı göstərişlər verir...
Yəqin bu gün milli ruhumuzun tam ölməsini istəyən düşmənlərimiz öncə əsgərimizi, ordumuzu da yumşaldıb muma döndərmək istəyirlər... Onda gəlin Lenin kimi “r” hərfini deyə bilməyən köhnə nazirimiz Səfər Əbiyev kimi orduya “oydu”, “əsgər”ə də “əskəy” deyək? (Sabiq nazirə əsla istehza etmirəm. Olan faktı yazıram. Hələ 1990-2000-ci illərdə- özü nazir olan vaxtlarda da bu haqda lətifələr, satirik yazılar yazmışam)...
Sultan LAÇIN.