Bir neçə gündür ki, “ipəzor”, “geyçim”, “süranə” sözləri mətbuatın və sosial şəbəkələrin gündəmini zəbt edib. Belə ki, bunlar dilçi alimlər tərəfindən dilimizə daxil edildiyi iddia edilən ifadələr "şpilka", "kupalnik”, “qadın sürücü” sözlərinin əvəzlənməsi olaraq göstərilib. Hətta şəbəkə istifadəçiləri sözügedən ifadələrə uyğun yeni, məzəli ifadələr də irəli sürüblər. Məsələn, “saçazor” (saç sancağı), “çimgey” (hamam xalatı) və s.
Musavat.com mövzunun aktuallığını nəzərə alıb ekspert, filologiya üzrə elmlər doktoru Qulu Məhərrəmlinin məsələ ilə bağlı fikirlərini öyrənib.
O, bildirib ki, hər hansı dildə söz yaradıcılığı prosesinin olması müsbət haldır: “Dilçilik İnstitutundan rəsmi açıqlama verilib ki, bu sözlər onların təklifi deyil. Hər hansı dildə söz yaradıcılığı prosesinin olması müsbət haldır. Elə sözlər, tendensiyalar, fikirlər, elementlər var ki, onları dilin öz imkanları hesabına ifadə etmək olar. Məsələn, rus dilində olan “atvyorka” sözünün adını necə qoymaq olar? Mənim dostlarımdan biri “atvyorka” sözünü “buraç” sözü ilə əvəz etməyi təklif etdi. Mənə görə “buraç” sözü uğurlu ifadədir. Baxmayaraq ki, “bur” və “aç” fellərinin birləşməsindən yaranan isimdir. “Buraç” sözü normal şəkildə sözügedən aləti ifadə edir. Bəzən isə qıcıq və gülüş yaradan ifadələr olur. Məsələn, “geyçim”, “ipəzor” və s. Bəlkə də, təklif edilən ifadələrin çoxu dilimizdə öz yerini tapacaq. Əsas odur ki, söz yaradıcılığından istifadə edilib, ərsəyə gətirilən sözün məntiqi əsası olsun. Söz dilin imkanlarına, fonetikasına, ifadə tərzinə uyğun olmalıdır. Bu işi lağlağıya çevirmək olmaz. Dili qorumaq, söz yaradıcılığı imkanlarını ifadə etmək çox yaxşıdır. Demirəm ki, hazırda dövriyyəyə buraxılan sözlər dilimizdə öz yerini tapacaq. Amma bəzən dilə daxil edilən söz gözəl qarşılanır. Məsələn, “çimərlik” sözünü Rəsul Rza dilimizə gətirib. Hazırda ondan yararlanaraq “çimərlik geyimi” sözü yaradılıb və yerində işlənir. Bu, yaxşı haldır, dilin geniş çalarını yaradır. Süni, qondarma sözlərin isə əleyhinəyik. Mən demirəm ki, texnoloji adları, terminləri başqa ifadələrlə əvəz edək. Fikir ifadəsi prosesində yeni sözləri götürüb, öz içərisində əridib, tamamilə keyfiyyətli ifadə ərsəyə gətirilməlidir. Belə görünür ki, bu proses uzun müddət gedəcək, gülüş yaradan məqamlar olacaq. Arzulanandır ki, ağlabatan, diləyatan, qulağa xoş gedən ifadələr yaradılsın”.
Sosial şəbəkədə yeni sözlərə uyğun ifadələr yaradaraq izləyicilərinə təqdim edən jurnalist Araz Bayramov da məsələyə münasibət bildirib: “Dildə yeni sözlərin yaranması müsbət haldır. Üstəlik nəzərə alsaq ki, Azərbaycan dili zəngin dil deyil. Həm dilçilər, həm də yazar və şairlər tərəfindən bu proses aparılmalıdır. Bəziləri deyir ki, dildəki qeyri-türk mənşəli sözlər çıxardılmalıdır. Lakin mən bununla razı deyiləm. Əvvəla bu texniki olaraq mümkün deyil. Bundan başqa həmin sözlərin çıxardılması dilə heç nə qazandırmır. Yeni sözlər yaradılsın, amma köhnələri də saxlansın, bu dili zənginləşdirər. Sosial şəbəkələrdə ən çox üç söz "süranə", "ipəzor" və "geyçim" sözləri tənqid olunur, ələ salınır. Başa düşüləndir, çünki məsələn “süranə” sözünün yaradılması anlaşılan deyil. Azərbaycan dilində cinslər üzrə bölgü yoxdur, bunu yaratmaq mümkün deyil, buna ehtiyac da yoxdur. “İpəzor” ümumiyyətlə sanki dildən xəbəri olmayan biri tərəfindən yaradılıb, “geyçim” isə əşyadan daha çox hərəkəti, prosesi ifadə edir”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü son günlər sosial şəbəkədə qurum tərəfindən Azərbaycan dilçiliyinə heç bir məntiqə əsaslanmayan, eyni zamanda gülməli səslənən yeni sözlərin gətirildiyi barədə fikirlərə münasibət bildirib.
O, Anspress-ə deyib ki, sosial şəbəkədə yayılan bu iddialar heç bir reallığı əks etdirmir: “Bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib, onlar İnstitutun Elmi Şurasında müzakirə olunmayıb. Sosial şəbəkədə müzakirəyə çıxarılan bu tipli sözlər müəyyən qrup insanların uydurmasıdır".