MƏZAHİR Pənahov prezident İlham Əliyevin QƏBULUNDA

ATƏT seçkini müşahidə edəcək

Martın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib.

Dövlət başçısı isə prezident seçkilərinin şəffaf, ədalətli şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib. 

Qeyd edək ki, prezidentliyə namizədliyi irəli sürülənlər sırasında İlham Əliyev istisna olmaqla, hələ heç kimin namizədliyi rəsmən qeydə alınmayıb. İddiaçılardan Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Araz Əlizadə qeydiyyata alınmaq üçün lazım olan sayda imzaları toplayıb MSK-ya təqdim ediblər. Digər iddiaçılar isə imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrədirlər. İmzaların və digər sənədlərin MSK-ya təqdim olunması üçün vaxt 12 mart saat 18.00-da başa çatacaq.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, plenumda növbədənkənar prezident seçkisində Azərbaycan Kommunist Partiyasının iştirakı məsələsi geniş müzakirə olunub. AKP sədri Rauf Qurbanov bəzi siyasi partiyalar tərəfindən seçkini boykot edən çağırışların Azərbaycan dövlətçiliyinin əleyhinə olduğunu və onun beynəlxalq imicinə xələl gətirdiyini, Azərbaycanı istəməyən xarici qüvvələrin bundan gələcəkdə ölkəmizə qarşı edəcəkləri təzyiq kimi dəyərləndirib.

Plenumda İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul ediblər.

MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində martın 5-dən etibarən treninqlərə başlayıb. Birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və martın 6-sı, 7-si və 9-u da daxil olmaqla, 4 gün davam etməsi nəzərdə tutulur. Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən 10 gün davam edəcək.

Sechki-2018.az-ın yazdığına görə, indiki vəziyyət seçkilərin hansı şəraitdə keçəcəyinə aydınlıq gətirir. Hələlik MSK-nın işindən şikayət edən heç kim yoxdur. İstər yerli, istərsə də beynəlxalq qurumların təmsilçiləri MSK ilə bağlı hər hansı irad ifadə etməyib. Təqvim planına uyğun olaraq proses gedir. Müşahidəçiliklə bağlı da heç bir şikayət və irad yoxdur. Bu sahədə də həm yerli, həm də beynəlxalq təmsilçilər üçün bütün zəruri imkanlar təklif və təmin edilir. İndiki halda bu yöndə də hər hansı şikayət, irad qeydə alınmayıb.

Namizədlərin irəli sürülməsi heç bir əngəl olmadan baş verir. İddialılar uyğun şəkildə MSK-ya müraciət edərək imza vərəqələri alıblar. Onlardan bəziləri hətta imzaları da tam olaraq toplayıb və MSK-ya təhvil verib. Prosesdə hər hansı maneə, qüsur qeydə alınmayıb. İmza toplayanların əngəllə qarşılaşdığı haqqında heç bir narahatlıq ifadə edilməyib.

Media sarıdan da problem yoxdur. MSK İTV, həmçinin bəzi dövlət qəzetlərində namizədlər üçün pulsuz təşviqat imkanı təqdim edib. Yəni siyasi yönündən, maliyyə imkanlarından asılı olmayaraq prezidentliyə namizədliyi qeydə alınmış hər bir şəxsin özü və ya rəsmi təmsilçisi bu imkandan yararlana biləcək. Bu isə namizədlər üçün bərabər imkanların təmin edilməsi baxımından önəmlidir.

Ümumi media mənzərəsi isə geniş alternativlik və plüralizmdən xəbər verir. Heç bir media qurumu namizədlər, seçki proses ilə bağlı hər hansı məhdudiyyətə məruz qaldığını elan etməyib.

Sosial media isə seçki haqda informasiya, təhlil, şərh və rəylərlə dolub daşır. İstər ayrı-ayrı namizədləri dəstəkləyənlər, istərsə də ümumilikdə prosesi diqqətdə saxlayanlar öz mövqelərini sərbəst şəkildə ifadə edə bilir.

Azərbaycan tərəfinin müraciət göndərdiyi beynəlxalq müşahidəçilərlə bağlı da heç bir problem yoxdur. Onlardan ən böyük və peşəkar qurum olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq 30 uzunmüddətli, 280 qısa müddətli müşahidəçi göndərəcəyi barədə məlumat yayıb.

Hələlik rəsmi təşviqat mərhələsi başlamadığı üçün namizədlərin reytinqi və şansları haqqında fikirlərin tirajlanması müşahidə edilmir.

Milli Məclisin komitə sədri Əli Hüseynli qeyd edib ki, Seçki Məcəlləsi namizədlərin hüquqlarını da bərabər şəkildə təmin edir. Prezidentliyə namizədlərin toxunulmazlığı, onların müdafiəsi mexanizmləri qanunvericilikdə öz əksini tapıb. Həmçinin qərarlardan məhkəməyə şikayətlər və həmin şikayətlərə qısa zaman ərzində baxılması və digər bu kimi məsələlər qanunvericiliklə tənzimlənir.






Fikirlər