AZƏRBAYCANIN sözünün İMZASI qədər QÜVVƏSİ vardır

YAP Xətai rayon təşkilatının seçicilərlə keçirdiyi  görüşdə ölkəmizin dünyaya günəş kimi doğmasından bəhs olundu

Dünən YAP Xətai rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində  seçicilərlə  daha bir görüşünü keçirdi.

Çıxışını “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün istiqamət oldu” fikirləri ilə başlayan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki,   ulu öndər Heydər Əliyevin müdrikcəsinə müəyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasəti  Azərbaycana böyük uğurlar gətirib. Bütün sahələrdə Azərbaycan inkişaf edir. Azərbaycan  beynəlxalq aləmdə  özünə layiq yer tutub, nüfuzu artıb. Regionda bütün  beynəlxalq, irimiqyaslı  layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə  həyata keçirilir. Azərbaycanı müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas edən  Heydər Əliyev siyasəti bugünkü reallıqların əsasında dayanır.

H.Mirələmov qeyd etdi ki,  Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanıb.  Bu sabitlik, eyni zamanda, onun əsas yaratdığı  bisnes imkanları  investisiya axınını sürətləndirib. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Bu müqavilənin imzalanmasının 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha aydınlıq gətirdi.  Azərbaycan bu gün  çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir.

Çıxışda xüsusi vurğulandı ki, möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların  hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır.

Bu xoşbəxtliyi davamlı edən  açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində  xalqa müraciəti oldu:Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Ölkə Prezidenti İlham Əliyevin  2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi  bir daha yada salaq: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.

H.Mirələmov qeyd etdi ki, son 15 ilə yaxın dövrün uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir. Bu illər ərzində  keçirilən 2008 və 2013-cü il prezident seçkilərində yenidən  qələbəsini təmin edən cənab İlham Əliyevə milyonların sevgisi şəksizdir.  Bu sevgini xalqımız hər seçkidə təsdiqləməklə bir daha  bu reallığı da  nümayiş etdirir ki, xalq-iqtidar birliyi sarsılmazdır, əbədidir.

O da  vurğulandı ki,  Heydər Əliyev yolu ilə inamla irəliləyən, Prezident İlham Əliyevin rəhbərliyi altında daha da yeniləşən, modernləşən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarımız bir-biri ilə zəncirvari bağlıdır. Bu bağlılığı daha da möhkəmləndirmək, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsi fonunda  Azərbaycanın daha da qüdrətlənməsini təmin etmək üçün  11 aprel prezident seçkilərində fəal olaq, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor  Səməd Seyidov cənab İlham Əliyevin  Prezident kimi mətbuata ilk müsahibəsində  Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri  keçirirsiniz”sualına cənab İlham Əliyevin cavabını xatırlatdı: “Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə  duraraq, təkcə özümü  deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm.  Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.” Cənab İlham Əliyev  bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı.

Son 15 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz  dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb.

S.Seyidov bildirdi ki, ölkəmizin  iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır.  Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması   Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Münaqişənin həllində möhkəm hüquqi baza mövcuddur. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də   qələbəsi şəksizdir.  Aprel döyüşləri bunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı  dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəyişməz mövqeyimizi bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında cənab İlham Əliyevin  səsləndirdiyi bəyanatlar işğalçı Ermənistana, ona havadarlıq edən dövlətlərə və təşkilatlara ciddi mesaj oldu. Bəyan edildi ki, hərbi təxribat davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.

S.Seyidov çıxışında bu ümumiləşdirməni apardı ki,  ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  Azərbaycanı parçalanmaqdan, bir dövlət olaraq dünya xəritəsindən silinməkdən xilas etdi. Sonrakı dövr əldə olunan uğurların qorunmasını bir tələbə çevirdi.  2003-2018-ci illər Azərbaycan tarixinə yeniləşmə, modernləşmə, təkmilləşmə illəri kimi daxil olub. İdarəçilik sistemində yeniləşmə, təkmilləşmə ölkəmizin daha da qüdrətlənməsinə stimul verir. Ərazi baxımından kiçik olan Azərbaycan böyük uğurları ilə dünyanın diqqətindədir.  Təbii ki, bu uğurları qazandıran möhkəm təmələ əsaslanan siyasətdir.

S.Seyidov bu məqamı da diqqətə çatdırdı ki, istər ölkə, istərsə də beynəlxalq səviyyədə  sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələri də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyini təsdiqləyir.  Diqqət ötən ilin sonlarında  Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparılan araşdırmanın, eyni zamanda “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin həm ötən il, həm də bu günlərdə  keçirdiyi sorğuların nəticələrinə yönəldilərək bildirildi ki, araşdırmanın nəticəsinə görə,  Azərbaycan vətəndaşlarının 82 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir. “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin  apardığı sorğunun nəticələrində isə respondentlərin 84,1 faizi  seçkilərdə birmənalı olaraq  cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  Bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir,  prezident seçkilərində dəstəkləməyə hazır olduqlarını bildirir və dövlətimizin başçısına böyük  etimad göstərirlər. Bu fikir sorğuların nəticələrində də öz əksini tapır ki, xalq-iqtidar birliyi   uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.

S.Seyidov seçiciləri 11 aprel prezident seçkilərində daha fəal olmağa, seçimlərini qorumağa səslədi.

Seçicilərdən Ulduzxan Abdullayev, Cəmilə Ramazanova,  Əliyusif Əliyev, Aygün Əliyeva, Fəridə  Məmmədli, Nuranə Məmmədova  çıxış edərək “Görülən işlərə müqayisəli təhlil vermək gərəkdir” söyləyib Azərbaycanın son 15 ildə qazandığı uğurları əsaslı şəkildə diqqətə çatdırdılar. Əsas diqqət millətin gələcəyi kimi dəyərləndirilən gənclərin  təhsilinin inkişafı istiqamətində atılan addımlara yönəldilərək bildirildi ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkan, malik olduğu  enerji resursları ilə yanaşı, elmi potensialı ilə diqqət mərkəzində olub. Təbii ki, bir dövləti dünyaya tanıdan onun siyasəti ilə yanaşı, ziyalı potensialıdır. Ölkə Prezidenti İlham Əliyev ilk gündən təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasına səy göstərib. “Neft kapitalını insan kapitalına çevirək” tezisi artıq reallıqdır.

Seçicilər 11 aprel prezident seçkilərində daha fəal iştirak edəcəklərini, Azərbaycana bugünkü uğurları qazandıran, dünya birliyində layiqli yer tutmasını,  sözünün də imzası qədər qüvvəsinin olmasını şərtləndirən siyasətə bir daha “hə” deyəcəklərini bildirdilər.AzerTaym.az

  

 

 

      

 






Fikirlər