BAKI Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR...

Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Bu sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub.
İndi gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir.
Modern.az saytının məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir. 
Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur. 
Hacıbala Abutalıbovla bağlı məsələ bu gün hamıya bəyan oldu.
O ki qaldı boş müavin vəzifəsinə - xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci il tarixində vəfat edib. Və bu günə kimi onun yerinə təyinat olmayıb. R.Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından ölmüşdü. Mərhum 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl  - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir.

O ki qaldı, Fidumə Hüseynovanın Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə irəli çəkilmə ehtimalına, belə bir təyinatın ola biləcəyindən hələ ki heç kim bəhs etmir...






Fikirlər