Deputatlar prezidentin maaş artımı ilə bağlı sərəncamı haqda – “MƏN BUNA QARŞI ÇIXMIŞDIM…”
Prezident İlham Əliyev deputatların maaşlarının artırılması barədə qanunu təsdiqləyib. Sərəncamlarla Milli Məclisin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq. Modern.az saytı bununla bağlı Azərbaycan Milli Məclisinin deputatlarından rəy öyrənib. Milli Məclisin deputatı Tahir Kərimlinin sözlərimə görə, bu il başlanandan ölkənin demək olar ki, bütün sahələrində işçilərin əmək haqları 10 faiz artırılıb: “Bir neçə sahə qalmışdı, onlardan biri hakimlər, deputatlar, Ombudsman aparatı idi. Ona görə də Milli Məclisdə bu barədə qərar qəbul edildi, əmək haqqı 10 faiz artırıldı. Cənab prezident də bunu təsdiq edib. Düşünürəm ki, maaş artımı ilə bağlı müəyyən söz-söhbətlər də var. Açığı, keçən il belə bir addım təklif olunanda mən buna qarşı çıxmışdım və öz həmkarlarımın təpkisi ilə qarşılaşmışdım. Etirazımın əsas səbəblərindən biri Azərbaycanda digər sahələr üzrə əməkhaqlarının, pensiyanın aşağı olması idi. Bu baxımdan deputatların kəskin fərqlənməsini istəmirdim. Amma Azərbaycan deputatlarının maaşı qonşu ölkələri ya da dünya dövlətlərində parlament üzvlərinin maaşından xeyli dərəcədə aşağıdır. Hesab edirəm ki, burada qızıl orta axtarmaq , ümumi mexanizmi tapmaq lazımdır. Keçən il etiraz etsəm də, indi etiraz edə bilmirəm. Bir çox deputat rayonlara gedirlər, qəbullar aparırlar. Əvvəllər daha çox küçə, işıq, su problemi idisə, indi 10 nəfərdən 9-u şəxsi problemlərini ortaya qoyur. Ağır həyat şəraiti olanlar, təhsil haqqı ödəyənlər, xəstəliklərlə mübarizə aparanlar və.s var. Bu baxımdan deputatların çoxlu xərci olur. Qızıl orta üçün düşünürəm ki, əmək haqqıdan başqa deputatın faəliyyəti ilə bağlı müavinəti yüksək səviyyədə təmin edilməlidir. Bu zaman əmək haqqını da kəskin şəkildə artırmağa ehtiyac olmaz və cəmiyyətdə ziddiyyətli münasibətlər yumuşalar”. Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, alınan qərarların səbəbləri var: “Dövlət tərəfindən hər bir sahə üzrə əməkhaqları 10 faiz artırılmalıdır. Yəni bu bir növ indeksial xarakter daşıyan qərardır. Bu baxımdan proses bütün sahələr istiqamətində baş verir. O cümlədən də məhkəmə və deputatların maaşlarına da şamil edilir”. Deputat Araz Əlizadə qeyd edib ki, bu cür məsələlərin internetdə necə qarşılanması onun üçün maraqlı deyil: “Hər il bizdə indeksləşmə gedir. Amma mən bununla bağlı öz sözümü parlamentdə demişəm. Düşünürəm ki, ən əsas əlillərin təqaüdlərini artırmaq lazımdır”.