QƏRBİ KASPİ UNİVERSİTETİNİN müəllimləri Rumıniya Universitetində
Qərbi Kaspi Universitetinin müəllimləri Rumıniyanın Pitesti Universitetində dərs deyiblər. Universitetdən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki, Günay Mustafayeva psixologiya, Günel Bahaddinova fizika, Nigar Bağırova isə menecment ixtisası üzrə bilik və təcrübələrini bir həftə ərzində rumıniyalı tələbələrlə bölüşüblər. “Erasmus+” mübadilə proqramı çərçivəsində gerçəkləşən səfər çərçivəsində azərbaycanlı müəllimlər Pitesti Universitetinin metodiki təcrübəsi ilə də tanış olublar. Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak imkanı yaradır. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər. Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu ali təhsil ocaqları ilə müəllim və metodika mübadiləsi həyata keçirir.