Polşa Universitetinin müəllimləri Qərbi Kaspi Universitetində MÜHAZİRƏ OXUYACAQLAR
Qərbi Kaspi Universiteti “Erasmus+” proqramı çərçivəsində xarici universitetlərlə müəllim və tələbə mübadiləsi əməkdaşlığını davam etdirir. Universitetin mətbuat xidmətindən "AzerTaym.az"-a daxil olan məlumatda bildirilir ki, layihə çərçivəsində növbəti tədris ilinin sentyabr ayında Polşanın Nikolay Kopernik Universitetinin müəllimləri Przemislav Çarzinski və Marçin Svitoniak turizm ixtisası üzrə təhsil alan tələbələr üçün mühazirələr oxuyacaqlar. Mühazirələr dünya ölkələrində coğrafi, tarixi, etnik, mədəni və turizm məsələləri, bir sıra regionlarda torpaqların dağılmasının əsas növlərinin nəzərdən keçirilməsi və bunun ekoloji qaçqınların miqrasiyasına və turizm məsələlərinə təsiri, macəra və adrenalin turizm məsələləri, kulinariya və s. istiqamətləri əhatə edəcək. Proqram çərçivəsində, eyni zamanda, Qərbi Kaspi Universitetinin müəllimi Nikolay Kopernik Universitetində dərs deyəcək. Universitetin biznes məktəbinin dekanı Könül Hilal 2018-ci ilin oktyabr ayında Nikolay Kopernik Universitetində bir həftə ərzində “Turizmdə marketinq” mövzusunda mühazirələrlə çıxış edəcək.