İCRA BAŞÇISI HESABAT yığıncağı keçirdi...

 Bu gün Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin, təhsil, məktəbəqədər təhsil və səhiyyə ocaqlarının, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birlik və təşkilatların nümayəndələri iştirak ediblər.

İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 2018-cı ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib.

A.Qasımov yanvar  ayının 11-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasının keçirildiyini bildirərək, dövlət başçısının 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra olunduğunu, ölkənin hərtərəfli dinamik inkişafının təmin edildiyini və ölkəmizdə daxili vəziyyətin - həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyətin sabit olduğunu vurğuladığını diqqətə çatdırıb.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nizami rayonuna səfərlərindən söz açan A.Qasımov, ölkə başçısının ötən ilin 07 mart tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı mərasimində və  27 mart tarixində Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etdiyini, 12 sentyabr tarixində Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmiş Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olduğunu, 07 noyabr tarixində Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında, 21 dekabr tarixində isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimində iştirak etdiyini nəzərə çatdırıb.

Hesabat ilində ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da payı olduğunu söyləyən A.Qasımov, ötən il rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 503,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini və xidmətlər göstərildiyini, bunun da ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox olduğunu qeyd edib. Keçən il rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 530,1 milyon manat həcmində, ötən illə müqayisədə 4.8 dəfə çox investisiya yönəldildiyini, rabitə müəssisələri tərəfindən 383,8 milyon manat həcmində (əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,7 faiz çox), nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 108,7 milyon manat həcmində xidmət göstərildiyini, əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin 350,5 milyon manat təşkil etdiyini, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2176,5 milyon manatlıq əmtəə satıldığını, rayon üzrə muzdlu işçilərin sayının əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz nəfər artaraq 45 min nəfər, işçilərin orta aylıq nominal əmək haqqının 651,4  manat təşkil etdiyini, 5235 yeni iş yeri açıldığını, rayonda işaxtaran kimi 3392 nəfərin qeydiyyata götürüldüyünü və 1100 nəfərin münasib işlə təmin edildiyini, Özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə  148 nəfərin cəlb olunduğunu, onlardan 104 nəfərin öz biznes ideyalarını müdafiə etdiyini, onlardan da 15 nəfərin tam avadanlıqla təmin edildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 2018-ci il fevralın 2-dən may ayının 15-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirildiyini qeyd edən A.Qasımov,  ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124447 nəfərdən 93594 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 3427 nəfərin ambulator, 214 nəfərin isə stasionar müalicəyə göndərildiyini diqqətə çatdırıb.

A.Qasımov rayon ərazisində mövcud olan sosial-məişət problemlərinin yerinə yetirilməsi və vətəndaşları narahat edən sosial yönümlü məsələlərin, yaşayış və qeyri-yaşayış sahələrinin qorunub saxlanılması, istilik, qaz, su və elektrik enerjisi ilə fasiləsiz təmin olunması istiqamətində 2018-ci ildə rayonun xidmət və təsərrüfat sahələri tərəfindən görülən işlər, eyni zamanda, ictimai-siyasi və humanitar sahələr üzrə həyata keçirilən işlər, təhsil, səhiyyə və məktəbəqədər müəssisələrində aparılan cari təmir və  rayonda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib.

Məruzənin sonunda A.Qasımov görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrdən söz açaraq, mövcud nöqsanların aradan qaldırılması və görüləcək işlər üzrə aidiyyəti təşkilatlara tapşırıqlarını verib.

Sonra 16 №-li İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov rayon əhalisinin istiliklə təmin olunması istiqamətində 2018-ci ildə görülən işlər barədə ətraflı məlumat verib.

Yığıncaqda çıxış edən 227 №-li məktəbin direktoru Sevinc Hüseynova ötən il məktəbin Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edildiyini və əsaslı təmirdən sonra cənab İlham Əliyevin yaradılan şəraitlə tanış olduğunu diqqətə çatdıraraq,  göstərilən diqqət və qayğıya görə dövlət başçısına  və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

Daha sonra, çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıb və 2018-ci ildə Nizami rayonunda görülən işləri qənaətbəxş hesab edib.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 






Fikirlər