Din xadimi də pullu başsağlığı haram sayır: “Məsuliyyəti də o daşıyır”

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklər etiraza səbəb olub.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, rəsmi şəxslərdən, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq:

“Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır. Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə, qazan! Sən o boyda qəzetin redaktorusan, “Azərbaycan” qəzetinin. Dövlətin ən əsas qəzetlərindən biridir. “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir”.

S.Novruzof daha sonra fikirlərini bu şəkildə davam etdirib: “aşsağlığı ilə camaata maaş vermək olmaz! Bu, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”.

Modern.az-ın əməkdaşı mətbu orqanlarda başsağlığının pulla verilməsi məsələsinə İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlidən də münasibət öyrənib. Din xadimi YAP icra katibinin müavinini dəstəkləyərək bildirib ki, bu, heç bir halda doğru deyil:

“Milli Məclisin deputatı Siyavuş Novruzov məsələ barədə tutarlı açıqlama verib. Hesab edirəm ki, onun açıqlaması şəffafdır. Ümumilikdə isə hər hansı mətbu orqanlar, qəzetlər, saytlar ölünü pullu formada təbliğ edirlərsə, bu, məqbul deyil. Bu gün sosial şəbəkələr daha populyardır. İnsanlar sosial şəbəkələrdə yaxın adamlarının ölüm xəbərlərini yerləşdirir. Təbii, bu zaman hər kəs dünyasını dəyişmiş şəxs barədə başsağlığı verir. Ancaq hansısa mətbu orqan pulla başsağlığı yerləşdirirsə, bu zaman məsuliyyəti də həmin mətbu orqan da daşıyır. Başsağlığı pulsuz olmalıdır”.

Hacı Surxayın sözlərinə görə, dində başsağlığı anlaşıyışı mövcuddur:

“Din özü ictimai varlıq olaraq formalaşıb. İnsan sevincini paylaşdıqca çoxalır, kədərini paylaşdıqca isə azalır. Əgər bu gün yaxınım dünyadan köçürsə və dost-tanış başsağlığına gəlirsə, bu o deməkdir ki, toplum bir araya gəlir. Dində başsağlığı xüsusi önəm daşıyır. Heç vaxt dünyasını dəyişən yaxınım barədə məlumatı pullu mətbu orqana vermərəm. Axı mən yasdayam! Necə ola bilər ki, yasda ola-ola ölən şəxsə pul xərcləyim. Sadəcə, 30-50 manat başsağlığını imkansız adama xərcləyərəm. Bu zaman ölənlərimin də ruhu şad olar”.






Fikirlər