Bakıda ağac təxribatına dövlət qurumlarından - RƏSMİ AÇIQLAMA - VİDEO
Sosial şəbəkədə Bakının Yasamal rayonunda ağacların kökündən çıxarılması ilə bağlı görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, videodan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və digər məmurlar Yasamal rayonu ərazisində yolda əkilən ağacları kökündən çıxarır.
Bildirilir ki, hadisə Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində baş verib.
Məsələ ilə əlaqədar ilk öncə Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov BAKU.WS-ə bildirib ki, əslində bu videonun yayılması təxribat xarakteri daşıyır. Çünki hər şey sosial şəbəkələrdə təqdim olunan kimi deyil.
“Əslində Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev, Ələsgər Ələkbərov və digər küçələrdə, uzunluğu 800 m olan ərazidə yol yenidən qurulub.
Bu səbəbdən də, ərazidəki bəzi obyektlər və yaşayış məntəqələri sakinlərə kompensasiya verilərək köçürülüb.
Eyni zamanda Ekologiya Nazirliyinin əməkdaşları ilə birlikdə ağacların başqa ərazilərə köçürülməsi işləri aparılıb”, - deyə Rüfət Mərdanov bildirib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə də əlaqə yaratdıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin ərazidə kimlərsə məqsədli şəkildə, icazəsiz olaraq ağaclar əkib.
“Bilmirəm nə məqsədlə əkiblər. Həmin əraziyə şebel töküblər və piyadalar üçün səki salınacaq. Həmin səkinin ortasına kimsə bilərəkdən ağac əkib.Əvvəldən ərazidə qanunvericiliyə əsasən köçürülmə işləri aparılıb. Ekologiya Nazirliyinin əməkdaşları ilə birlikdə ərazidə olan ağaclar başqa yerlərə köçürülüb.Dövlət əhəmiyyətli yol salınır. Orada piyada səkiləri salınır. Bu zaman orada yaşayış və qeyri yaşayış obyektləri qanunvericiliyə əsasən sökülüb. Sakinlərə kompensasiyalar verilib. Həmin ərazidə piyada səkiləri salınıb.Bir qrup insan dibçəkdə ağaclar əkməyə başlayıb. Əməkdaşlarımız bildiriblər ki, orada ağac əkmək olmaz. Bir daha xəbərdarlıq edilib.Xəbərdarlığa məhəl qoyulmayıb. Bu səbəbdən də, əməkdaşlarımız həmin ağacları kökündən çıxarmağa məcbur olublar.Məqsədləri nə olub, nə olmadıqları bilinmir. Amma bilərəkdən əvvəlcədən orada video çəkməyə başlayıblar və sosial şəbəkələrdə yayıblar.Onların istəyi orada yaşıllaşdırmaq işləri aparmaq idisə, niyə piyada səkisinin düz ortasında ağac əkirlər? Orada kifayət qədər boş ərazilər vardı, ağacları orada əkə bilərdilər.Əməkdaşlarımız dəfələrlə xəbərdarlıq edildikdən sonra həmin ərazilərdə əkilən ağacları çıxarıblar”, - deyə Anar Nəcəfli bildirib.