Prezidentin xəbərdarlığı Mətbuat Şurasında MÜZAKİRƏ edildi
Müşfiq Ələsgərli: “Təkcə media orqanları yox, onlardan sui-istifadə edən məmurlar da hədəfdə olsunlar” Prezidenti İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediası barədə fikirləri ictimai rəydə və mətbuatda ciddi müzakirə doğurub. Oktyabrın 18-də isə Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti ölkə başçısının səsləndirdiyi fikirlərə bağlı toplantı keçirib. MŞ sədri Əflatun Amaşov bildirib ki, dövlət başçısının çıxışında qeyd etdiyi məqamlara toxunub: “Dövlət başçısı bildirib ki, iqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlar. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edilir. Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək vəziyyəti dözülməz adlandırıb, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb”. Ə.Amaşov deyib ki, medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası məsələyə münasibətini ifadə etməli, fəaliyyət perspektivlərini müəyyənləşdirməlidir. Bəs görəsən, bu müzakirələrin ardından ölkə mediasında nə kimi dəyişikliklər ola bilər? Fəaliyyətdə olan saytlardan hansılarsa bağlana bilərmi? Mediada islahatlar dedikdə nələr nəzərdə tutulur? Bu suallar ətrafında “Yeni Müsavat”a danışan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli bildirdi ki, süni şəkildə hansısa saytları saxlayıb, hansılarısa sıradan çıxartmaq kimi bir məsələ gündəmdə yoxdur: “ Məsələni inzibati yolla, süni şəkildə məhdudlaşdırmaqdan söhbət getmir. Bizim təklifimiz odur ki, media ilə bağlı bir sıra proseslər səliqə-sahmana salınmalıdır. O proseslərə nələr daxildir? Birincisi, qanunvericilikdə tənzimləmə getməlidir. Kütləvi İnformasiya Vasitələri haqqında qanunda düzəlişlər edilməlidir. KİV təsisçiliyi haqqında maddə yenilənməlidir. Orada müəyyən prosedurlar var, hər bir şəxs yazılı media qurumu yaratmaq istəyirsə, Ədliyyə Nazirliyinə müraciət edir və qeydə alınır, bundan sonra fəaliyyətə başlayır. Ancaq onlayn media yaratmaq üçün belə bir tələb yoxdur. KİV haqqında qanunda KİV-i təsis etmək maddəsi var, bu bənddə müəyyən dəyişikliklər aparılmalıdır. Həmin dəyişikliklər aparılarkən avtomatik olaraq bu məsələdə müəyyən islahatlar olacaq. KİV təsis etmək istəyən şəxs üçün müəyyən təhsil, iş təcrübəsi və ştat şərti olmalıdır. Hər yoldan ötən, savadsız, fərqli sahə adamı gəlib orada özünə yer tuta bilməsin. Bununla bağlı qanunda dəyişiklik edilməlidir”. Məsələnin ikinci tərəfinə toxunan M.Ələsgərli vurğuladı ki, domen adları haqqında qanunvericilik qəbul olunmalıdır: “Onlayn media resursu yaratmaq üçün ”KİV haqqında" qanunda müəyyən dəyişikliklər aparılmalıdır. Bu kimi məsələlər var. Üçüncü ən mühüm məsələ ondan ibarətdir ki, medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır. Çünki Mətbuat Şurasının indi verdiyi qərarlar adətən ictimai qınaq formasında olur və hədəfdə olan media qurumları da normal KİV olmadıqları üçün onlar ictimai qınaqla bağlı məsələləri nəzərə almırlar. İctimai qınaq normal KİV qurumu üçündür. Ancaq kimsə gəlib müxtəlif məqsədlər üçün KİV adından istifadə edirsə, onun üçün ictimai qınaq faydasızdır. O səbəbdən Mətbuat Şurasına müəyyən səlahiyyətlə verilməlidir ki, bu cür KİV qurumları ilə bağlı mübarizə aparmaqda müəyyən yeniliklər etmək, daha ciddi addımlar atmaq mümkün olsun. İndi Mətbuat Şurası adi QHT-lər haqqında qanunla fəaliyyət göstərir. Bu qanun indiki dövrdə lazım olan addımları atmaq üçün yetərli deyil". Həmsöhbətimiz vurğuladı ki, son vaxtlar dövlət qurumlarının mətbuat orqanı olması məsələsi çox qabarır və bu da həllini tapmalıdır: “KİV haqqında qanunda hər bir dövlət qurumunun KİV təsis etmək hüququ var. Hesab edirik ki, bu məsələyə də yenidən baxılmalıdır. Onsuz da həmin dövlət qurumlarının informasiyalarını bizim klassik, nüfuzlu media qurumları yayırlar. Dövlət qurumlarının əlahiddə KİV yaratmasına, media qurumu təsis etməsinə ehtiyac yoxdur. Çünki onların yaratdığı media qurumlarının onsuz da cəmiyyətdə nüfuz sahibi deyil, sadəcə onlar ”pul silinməsi" üçün istifadə olunurlar. Dövlət qurumları reklam və elanlarını həmin KİV qurumlarına yerləşdirir, ancaq zəruri informasiyalar olanda respublika səviyyəli media orqanlarına yayırlar. Əslində isə əgər onların informasiya yükünü əsas media qurumları çəkirsə, reklamları da onlar almalıdırlar. Biz hesab edirik ki, bu məsələdə də yenilik, düzəliş olmalıdır". İslahat çərçivəsində “Reklam haqqında” qanuna yenidən baxılmalıdır və bu sahədə tələblər sərtləşdirilməlidir - deyən M.Ələsgərli qeyd etdi ki, bu gün gizli reklam ölkədə baş alıb gedir: “ Bu da normal KİV-lərin reklam almaq imkanlarını məhdudlaşdırır. Bu cür çoxsaylı məsələlər var ki, bunlar aparılan islahatlar çərçivəsində olmalıdır. Əsas məsələ qanunvericiliyin təkmilləşdirilməsi, dövrümüzə uyğunlaşdırılmasıdır ki, artıq qanunlardakı boşluqlar aradan qaldırıldıqdan sonra mediadan sui-istifadə məqsədilə gəlmiş adamların bu sahədən ayağı kəsilmiş olacaq”. Sədr müavininin sözlərinə görə, dövlət başçısının müşavirədəki çıxışında vurğu iki məsələnin üzərinə qoyulur: “Çox təəssüf ki, bəzən bunu birtərəfli deyirlər. Burada neqativ, kompromat savaşına girən KİV qurumları var. Ancaq onlar normal KİV-lər deyil, belə reket mətbuat orqanları, ara savaşlarına qarışam KİV-lər həmişə olub, yenə də var. Mən istərdim ki, dövlət başçısının çıxışında vurğuladığı ikinci məqama diqqət çəkəm. Burada həm də həmin reket KİV-lərə bir-biri barədə informasiya ötürən məmurlardan söhbət ondan gedir. Bu məsələdə problem təkcə KİV-lərin üzərində deyil. KİV-lərdən sui-istifadə edən, onlara kompromat ötürən, öz yoldaşları haqqında qaralayıcı materiallar göndərən məmurlardan söhbət gedir. Bu çox ciddi məsələdir, Mətbuat Şurasında biz dəfələrlə bu cür məsələlərin şahidi olmuşuq, çox reket nəşrlər var ki, biz onların haqqında ictimai qınaq yaradanda, onlar haqqında bir tədbir görəndə sonu gedir hansısa məmurlara çıxır. Biz o məmurları tanıyırıq, adlarını əzbər bilirik. Onlara qarşı tədbir görülməsi dövlətin digər strukturlarının işidir. Biz dövlət başçısının açıqlamasını ürəkdən dəstəkləyirik. Həmin prinsiplərin həyata keçirilməsinə ikiəlli dəstək veririk. Ancaq bir məqamı istərdik ki, təkcə həmin media orqanları hədəf olmasın, onlardan sui-istifadə edən məmurlar da hədəf olsunlar”.