Qeyri-peşəkar, məsuliyyətsiz və fəaliyyətsiz mətbuat KATİBLƏRİ...
Hər hansı hadisə barədə məlumatı dəqiq, qərəzsiz və operativ şəkildə ictimaiyyətə çatdırmaq jurnalistin əsas vəzifələrindəndir. Məhz bunun nəticəsində jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək gücünə malikdir. Təsadüfi deyil ki, bu sahəni dördüncü hakimiyyət də adlandırırlar. Lakin hazırda hakimiyyətin digər növləri jurnalistlərə yol açmaq əvəzinə, “yol göstərirlər”. Belə ki, bəzi dövlət qurumlarının mətbuat katibləri jurnalistlərə informasiya vermir və qaçır. Ancaq hər bir mətbuat xidmətinin rəhbərinə məlumdur ki, KİV nümayəndələri ilə ünsiyyətdə olmaq həm təmsil etdiyi qurum, həm də onun öz işi üçün xeyirlidir. Təbii ki, jurnalistlərlə sıx ünsiyyətdə olmağa maraq göstərən mətbuat katibləri də az deyil. Media eksperti Zeynal Məmmədli Modern.az-la söhbətində bildirib ki, mətbuat katiblərində problem olduğunu müşahidə etmək olar. O, düşünür ki, bəzi mətbuat katiblərində qeyri-peşəkarlıq, məsuliyyətsizlik və fəaliyyətsizlik var: “Mətbuat katibləri jurnalistikadan fərqli funksiyaları yerinə yetirir. Onlar jurnalistikanın ruhunu bilir, dərdinə, işinin xüsusiyyətlərinə bələd olurlar. Amma onlar nəticə etibarı ilə mənsub olduqları yerin bir növ reklam xidmətləridirlər. Mətbuat katibləri bilgiləndirsələr də, həmişə işlədikləri yerin xeyrinə məlumat verəcəklər və bunu nəzərə almaq lazımdır. Buna baxmayaraq əsas məsələ odur ki, mətbuat katibləri mediaya düzgün informasiya ötürməlidir. Doğru məlumatların hesabına öz işlədikləri müəssisələrin mənafeyini qorumalıdırlar. Mətbuat katibləri faktiki olaraq mətbuatdan qaçır və ya aktual sualları cavablandırmaqdan imtina edirsə, mənsub olduğu qurumun nüfuzunu necə qoruyacaq?. Yalan danışmaqla və ya məlumatları gizlətməklə ictimai rəyi itirdiyinin fərqinə varmaq lazımdır. Digər tərəfdən Azərbaycan cəmiyyətində ictimai rəy önəmli rol oynamır. Ümumiyyətlə, onun varlığı qaranlıq qalan məsələlərdəndir. Görürsünüz ki, ictimai rəyin öyrənilmə mexanizmləri ilə bağlı cəmiyyətə məlumat verilmir. Məsələn, hökumət və ya dövlət qurumları hansı sorğuları keçirir?. Bunlar haqqında heç bir informasiyamız yoxdur. Media da bu baxımdan çarəsiz qalır. Doğurdan da dövlət qurumlarından alınan hər hansı məlumat media üçün çox önəmlidir. Baxmayaraq ki, sosial, ictimai fakültələr var, onlar bu sorğu prosesinə heç qatılmırlar. Faktiki olaraq onlar da cəmiyyət həyatından yayınırlar. Belə olduğu halda ictimai rəy formalaşmır və bu halda mətbuat katibləri “yox” cavabı verməklə yaxud zəngləri qarşılıqsız qoymaqla mediadan qaçırlar”. Azərbaycanda informasiyanı gizlətməyin siyasi səbəbləri ilə yanaşı, müxtəlif səbəbləri də var. Ən başlıcası isə informasiyanın ümumiyyətlə olmamağıdır. Mətbuat katibləri adətən məlumatlı olmadığı üçün cavab verə bilmirlər”. Z. Məmmədli mətbuat katibləri ilə əlaqə qurmaqda çətinlik çəkən jurnalistlərin nə etməli olduğundan da söz açıb: “Birincisi, bizdə media ombudsmanı yoxdur, amma ombudsman aparatı var. İkincisi Mətbuat Şurası, jurnalist birlikləri mövcuddur. Bunların hökumətə birgə müraciəti bu cür çətin vəziyyətdən çıxış yollarından biridir. Jurnalistlərin istifadə edə biləcəkləri digər yol isə məhkəmədir. Çünki biz informasiyanı əldə etməklə bağlı qanunla çıxış edə bilərik. Bu qanunda məlumatın gizlədilməsi ilə bağlı müəyyən məsuliyyətlər nəzərdə tutulub. Lakin çox təəssüf ki, praktikada bununla əlaqədar hər hansı bir şey yoxdur. Mətbuat katibləri öz məsuliyyətlərini dərk etməli, məlumat verməmək və ya ictimaiyyətdən qaçmaqla nəyə nail ola biləcəklərini düşünməlidirlər. Onlar vəzifələrini yerinə yetirmədikləri üçün cəzalanmalıdırlar, amma bu, yoxdur. Məsələn, ombudsman bu məsələlər xüsusi fikir verməli və cəza tətbiq etməlidir. Çünki insan hüquqları pozulur. Mətbuat katibləri məlumat gizlətdiyi və ya düzgün işləmədiyi zaman media da öz təsir gücünü itirir. Nəticə olaraq hər gün müxtəlif xəbərlərlə bağlı şayiələr, yalan informasiyalar çoxalır. Həmçinin, media qurumları mətbuat katiblərindən istədiyi məlumatı ala bilmirsə, onlar da səsini çıxarmalı və öz haqlarını tələb etməlidirlər. Təəssüf ki, bu gün Azərbaycanda buna cəhd edən media qurumları yoxdur”.
“Mətbuat katibləri mənsub olduqları yerin bir növ reklam xidmətləridirlər”
Mətbuat katibləri mediaya lazım olan məlumatı toplamır...
“Eyni zamanda incə nüans da var. Bəzən deyirlər ki, mətbuat katibləri məlumatı gizlədir və ya nəsə demirlər. Maraqlıdır, heç onların məlumatlardan xəbəri varmı ?. Mətbuat katibləri çox vaxt xəbərsiz olur, mediaya lazım olan məlumatı toplamırlar. Bunlar olmayandan sonra həmin şəxslər necə cavab versinlər?.
“Media qurumları haqlarını tələb etməlidirlər”