08.08.2014- Hansı qurumun mətbuat xidməti jurnalistləri süründürür?

08.08.2014- Hansı qurumun mətbuat xidməti jurnalistləri süründürür? Jurnalistlərin qurumlarla əlaqə yaratmaq problemi yeni deyil, amma getdikcə daha da çətinləşir. Sorğumuzun bugünki mövzusu da elə mətbuat katibləridir. Tanınmış jurnalistlər mətbuat katiblərindən danışırlar.
Jurnalist Sevinc Vaqifqizi deyir ki, MTN, Bakı Şəhər İcra Hakimiyyəti, FHN-nin mətbuat katibləri ümumiyyətlə məlumat vermirlər: “Bu qurumların mətbuat katiblərinin informasiya sorğularına bir cavabı olur , “xəbərimiz yoxdur”. Hökumət işçisi mətbuata cavab verirsə, bu, onun işidir, “mətbuata qayğı”sı deyil. İşlərini dürüstcə icra etsinlər. Mətbuat katibi mətbuat nümayəndəsinə cavab vermirsə, heç bir suala açıq deyilsə, demək vətəndaşın verdiyi verginin də daxil olduğu dövlət büdcəsindən aldığı maaşı haqq etmir”.

Jurnalist Bayan Nigar isə günlərlə cavabını gözlədiyi mətbuat xidmətlərindən gileyləndi: “Bu gün əksər jurnalistlər Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əlindən “yanıqlıdı”. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli özü də jurnalist olmasına baxmayaraq (əslində bizi daha yaxşı başa düşməli idi) ümumiyyətlə açıqlama vermir. Açıqlamanı ancaq e-mail vasitəsilə verirlər ki, onda da cavab ən azı 1-2 həftəyə verilir. Bakı Şəhər İcra Hakimiyyətindən isə danışmağa dəyməz. Konkret - BŞİH-nin Bakıda baş verən heç nədən xəbəri yoxdur. Maliyyə Nazirliyinə 3-həftədir sual göndərmişəm ancaq hələ də cavablandırmayıblar. Mətbuat xidməti isə “tezliklə cavab veriləcək” deyir. Daha çox Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin telefon açmaması, sonra cavab verəcəyəm deyib, başqa sayta açıqlama verməsinə hirslənmişəm. Eləcə də, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehlinin verdiyim suala “hə” ya “yox” cavabını da telefonla deyil, e-maille göndərməsinə hirslənmişəm. Ancaq hər dəfə əsəblərimlə oynayan mətbuat xidməti yoxdur”.

Amma jurnalistin razılıq etdiyi mətbuat katibləri də var: “Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu ASC, Azəriqaz İstehsalat Birliyi, Dövlət Neft Şirkəti, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Baş Dövlət Yol Polis İdarəsi, Azəryolservisin mətbuat xidmətlərindən istədiyim açıqlamanı ala bilirəm. Buna görə də təşəkkür edirəm hər birinə. Xüsusilə isə Eldar Sultanova, Nizaməddin Quliyev, Orxan Mansurzadə, Ehsan Zahidov, İradə İbrahimovaya minnətdarlığımı bildirirəm.”

Jurnalist Tural Qurbanlı deyir ki, çoxları telefona cavab vermir. Cavab verəndə isə suala cavab vermirlər, jurnalisti gözlədirlər: “Demək olar ki, əksəriyyəti öz işinə laqeyd yanaşır. Mətbuat xidmətləri ilə jurnalistlərin əlaqə yaratmaq və məlumat almaq prosesini bir neçə mərhələyə bölüb qiymətləndirmək olar.
Birinci mərhələ telefonlara və elektron məktublara cavab verməkdir. Bir çox mətbuat xidmətləri elə bu mərhələdə kəsilirlər. Məsələn, Prezident Aparatının mətbuat xidmətinin rəhbəri Azər Qasımov özünü məmur kimi aparır, telefonlara cavab vermir. Cavab verəndə də özü olduğu halda deyir ki, o, adam deyil səhv düşmüsünüz.
Təhsil Nazirliyinin mətbuat xidməti də demək olar ki, işləmir. Şifahi sualları cavablandırmır, sorğuları isə çox zaman gec cavablandırır.
Tarif Şurası, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti isə jurnalistlərlə rəsmən məzələnir. İstədiyiniz sualı ünvanlayın, onlar üçün fərq etmir. “Bu barədə bizdə heç bir məlumat yoxdur” kimi şablon cavab verilir. Elə bil insanla deyil, avtocavablayıcı ilə danışırsan.

Telefonuma hər zaman cavab verən mətbuat xidməti Respublika Baş Prokurorluğudur. Daha doğrusu, mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur. Düzdür, bəzən istədiyimizi ala bilməsək də, hər telefon zənginə cavab verməsi də ən azından təqdirə layiq haldır. Digər mərhələdə isə jurnalistin soruşduğu məsələ ilə bağlı dolğun cavab vermək gəlir. Bu kriteriyaya uyğun olan mətbuat xidməti isə təəssüf ki, yoxdur. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin keçmiş rəhbəri Azər Sarıyev bu barədə örnək sayıla biləcək mətbuat katibi idi. O da işdən öz istəyi ilə uzaqlaşdı”.


Mirvari Nəcəf mətbuat katiblərinin əksəriyyətindən razıdır: “TQDK-nın mətbuat katibi Elnur Nağızadə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti rəhbəri Fazil Talıblı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayev, Təhsil Nazirliyinin informasiya şöbəsindən Cəsarət Valehov, Daxili İşlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidməti rəhbəri Murtuzəli Hacıyev, Bakı Dövlət Universitetində Pərvanə İbrahimova, “Bakı Metropoliteni”nin yeni mətbuat katibi Nəsimi Paşayevin işindən razıyam. Belə deyim də, onlar yaxşı bilirlər ki, rəhbərliklə jurnalistlər arasında bir körpü varsa, bu, mətbuat xidmətinin əməkdaşlarıdır. Dövlət Gömrük komitəsinin mətbuat xidməti mətbuata qapalıdır. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti demək olar ki, işləmir. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov ürəyi istəyəndə danışır, istəməyəndə susur. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli gec də olsa cavab yazır. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti aqressiya ilə yüklənib. Nazirlər Kabinetindən Akif Əlinin də səsini eşidə bilməmişəm.
Rahatlıqla əlaqə yarada bildiyim “Bakı Metropoliteni”nin yeni mətbuat katibi Nəsimi Paşayevdir”.


Araşdırmaçı jurnalist Sevil Hilalqızı əksər mətbuat katiblərini inzibatçı hesab edir: “Yəni onlar işlədikləri qurumlarla jurnalistlər arasında əlaqə yaratmaqdan çox, ayrı-seçkilik salıb, məlumatı aydınlaşdırmağa yox, ört-basdır etməyə cəhd edir. Amma hamısı belə deyil. Modern mətbuat katibləri də var. Məni heç bir mətbuat katibi əsəbləşdirmir.
Doğrudan! Mənim onların halına yalnız gülməyim gəlir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyevə sual verəndə özü necə əsəbləşirsə, düşünürəm ki,bu adamın əsəbdən ürəyi dayana bilər.
Vəziyyət çox da üzücü deyil, təşəkkürə layiq mətbuat katibləri də var”.


İqtisadçı jurnalist Elçin Bayramlı da mətbuat xidmətləri ilə əlaqə yaratmağın çətinliyindən danışdı: “Çoxu deyir ki, vaxtım yoxdur, bunlara izah etmək olmur ki, sənin işin elə mənim suallarıma cavab verməkdən ibarətdir. Yəni, sən məhz buna görə maaş alırsan. Təfəkkürdə problem var. Hətta bəzi mətbuat katibləri özlərinə mətbuat katibi götürüblər. Bir neçə mətbuat katibi istisna olmaqla demək olar ki, hamısı əsəblərimə toxunur. Xüsusən də Fövqəladə hallar, Nəqliyyat nazirlikləri, “Azəriqaz”da mətbuat katibini tapmaq və məlumat almaq çətindir. İqtisadi İnkişaf, Rabitə, Ekologiya, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Dövlət Sığorta Nəzarəti Xidməti, Dövlət Yol Polisi, Azərsu mətbuat katiblərindən razıyam”.

Digər həmkarımız Zülfiyyə Quliyeva da mətbuat xidmətlərinin işindən razı deyil: “Elə mətbuat xidməti rəhbəri var ki, ya jurnalistin sualına cavab vermir, yaxud da konkret yola verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti rəhbəri Müşfiq Əmirovu, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini, “Azərsu” ASC -nin mətbuat katibi Anar Cəbrayıllını, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovu, İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat xidməti rəhbəri Abbas Əliyevi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayevi, Dövlət Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Əmrah Fəqanoğlunu, Daxili İşlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovu və Orxan Mansurzadəni, Vergilər Nazirliyinin mətbuat katibi Mehdi Mirsəlimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti Nurəddin Heydərov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti Elnur Nağızadə, “Bakı Metropoliteni”nin yeni mətbuat katibi Nəsimi Paşayevin mətbuatla işindən razıyam. Amma elə mətbuat xidmətləri var ki, həmin qurumla bağlı mövzum olanda mövzunu qatlayıb qoyuram bir kənara. Çünki bilirəm ki, məktub yox e teleqram da vursam cavab verən deyillər. Məsələn Nazirlər Kabinetindən Akif Əli NK-ya daxil olan bütün müraciətlərdən xəbərsiz olduğunu söyləyir. Heç bir şöbə ilə əlaqə saxlayıb jurnalistin sualına cavab vermək istəmir. Allah şəfa versin, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri həmişə xəstə olduğundan Namiq Həsənovu adamın narahat eləməyə ürəyi də gəlmir. Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti rəhbərləri ilə danışmaq şansına nail olanda, məlumat əldə edəndə özüm-özümə əhsən deyirəm”.

Araşdırmaçı jurnalist Çingiz Sultansoy son illər köşə yazarı və redaktor kimi fəaliyyət göstərdiyi üçün mətbuat katiblərinə təsadüf hallarda müraciət edir: “Mətbuat katiblərinin mövqeyinə, xarakterinə, fəaliyyətlərinə bəzən təəssüf edirəm. Onlar yalan danışmaqla çörəkpulu qazanmaq məcburiyyətindədirlər. Orduda öldürülən əsgərlərlə bağlı yaranan sualların cavabsız qalması da mətbuat katiblərinin “fəaliyyətinin” nəticəsidir”. Adətən kriminl hadisələri işıqlandıran jurnalist Hacı Zeynalov ancaq guc strukturlarının mətbuat xidmətləri ilə əlaqə saxladığını deyir: “Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Hərbi prokurorluq və Penitensiar Xidmətin mətbuat xidmətləri ilə əlaqə yaratmaqda problem yoxdur. Sahəm üzrə əlaqə saxladığım mətbuat xidmətlərinin rəhbər şəxslərindən rahatca məlumat alıram. Rahatlıqla Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıram. Mətbuatla fasiləsiz əlaqə saxladığına, istirahət və bayram günləri də telefon zənglərinə cavab verdiyi üçün təşəkkur edirəm”.

Həmkarımız Azər Rəşidoğlu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov və Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayevlə əlaqə yaratmağın asan olduğunu dedi: “Onlar bütün suallara cavab verməyə çalışırlar. FHN, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibləri ilə əlaqə yaratmaq isə mümkün deyil”.

Jurnalist Ülviyyə Xuduzadə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli ilə rahat əlaqə saxladığını bildirdi: “Gənclər və İdman, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, BDU-nun mətbuat katibi ilə əlaqə saxlamaq, suallara cavab almaq çox rahatdır. Amma güc strukturlarının mətbuat xidmətləri ilə əlaqə saxlamaq olmur”.

Jurnalist Elnarə Əlosmanqızı deyir ki, mətbuat katibləri ancaq özlərinə lazım olanda jurnalistləri axtarırlar: “Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov, Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbərlərinin kim olduğu məlum deyil. Lakin razı qaldıqlarım da var. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov jurnalistlərlə hər zaman rahat ünsiyyət yaradırlar.
Məsələn, Bakı Şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətində rəhbər dəyişikliyi vəziyyəti ancaq pisliyə doğru dəyişib”
.


Abuzər AZƏROĞLU






Fikirlər