Dövlət qurumlarının mətbuat xidmətləri jurnalistlərlə necə işləyir? - SORĞU + FOTOLAR
Azərbaycanda mətbuat işçilərinin əsas problemlərindən biri dövlət qurumlarının mətbuat xidmətinin rəhbərlərinin jurnalistlərlə olan münasibətidir. Bu problem dəfələrlə dilə gətirilib, həmin qurumlara iradlar bildirilib. Ancaq görünən odur ki, problem hələ də tam olaraq, həllini tapmır. Həmkarlarımız arasında keçirdiyimiz sorğudan sonra anladıq ki, bir çox qurumun mətbuat xidməti səlahiyyətinin fərqində olsa da, bəziləri hələ də jurnalistlərlə münasibətdə vəzifələrinin öhtəsindən lazımi qaydada gələ bilmir: Admiral.az hazırda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün bəzi mətbuat nümayəndələrinin fikirlərini təqdim edir: Xalid Kazımlı ("Yeni Müsavat")
"Son vaxtlar Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xarici İşlər Nazirliyinin, FHN-in mətbuat xidmətlərinin işini qeyd edə bilərəm. Vaxtaşırı press-reliz yayır, sorğularımıza cavab verirlər. Üstəlik, saytları fəaliyyət göstərir və o saytlarda da lazımi informasiya olur. Keçmiş MTN-in bu yöndə fəaliyyəti sıfıra bərabər idi. O biri nazirliklərdə də sanki mətbuat xidmətləri yoxdur. Universitetlərin içində BDU-nun və İqtisad Universitetinin mətbuat xidmətinin fəaliyyətini də müsbət mənada qeyd etmək olar". Mahir Məmmədli (APA)
"Ümumilikdə, son illər jurnalistlər üçün media qurumları ilə işləmək xeyli rahatlaşıb. Təxminən 10 il əvvəl ilə müqayisədə xəbər dəqiqləşdirmək, məlumat almaq, mövqe öyrənmək xeyli asandır. Məncə, bunun ən başlıca səbəbi ölkə hakimiyyətinin siyasətidir. İkincisi, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrində, mətbuat xidmətlərində heyətlər gəncləşib, bir müddət əvvələ qədər bizimlə eyni sahədə çalışmış gənc həmkarlarımız dövlət qurumlarında vəzifə tuturlar. Daha yaşlı mətbuat katibləri sovet ənənələrilə işləməyə, mətbuatdan uzaq durmağa çalışırdılarsa, gənc mətbuat katibləri ilə bağlı bu problemi hiss etmirik. Onlar istər zəng, istər şəxsi təmaslar, istərsə də sosial şəbəkələr vasitəsilə jurnalistlərin suallarını cavablandırmağa çalışırlar. Təbii ki, onların nə qədər açıq və operativ işləməsi nazirlərin, komitə sədrlərinin iradəsindən asılıdır. Məmur mətbuatla hansı səviyyədə işləyirsə, onun rəhbərlik etdiyi qurumun mətbuat katibi də o səviyyədə işləyir. Hazırda ən ciddi problem qaynar xəbərləri dəqiqləşdirməkdir. Bu, daha çox Bakıya aiddir. Məsələn, öz işimdən deyə bilərəm ki, baş verən kriminal hadisələrlə bağlı məlumat almaqda xeyli çətinlik çəkirəm. Polis idarələrindən, prokurorluq orqanlarından rəsmi şəkildə məlumat almaq demək olar ki, mümkün deyil. Nə öyrəniriksə, polis və prokurorluq orqanlarındakı şəxsi əlaqələrimiz hesabına öyrənirik. Rəsmi müraciətlərə bir cavab alırıq: “Bütün məlumatları mətbuat xidmətindən ala bilərsiniz”. Nəzərə alsaq ki, bizim işimiz operativlik tələb edir, gecə baş verən hadisə barədə məlumat almaq üçün səhəri – DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin iş saatlarının başlamasını gözləmək xəbərçilik baxımından sərfəli deyil. İnanıram ki, bu problem də həllini tapacaq. Çünki, rəsmi məlumat olmayanda jurnalist alternativ xəbər mənbələri axtarır, hazırladığı xəbərdə ehtimallara, şahidlərin danışdıqlarına yer verməli olur. Bu məlumatlar isə həmişə dəqiq və səhih olmur. Beləliklə, yaradılan süni əngəllər jurnalisti bəzən səhih olmayan məlumatlar da yaymağa məcbur edə bilir. Ümumilikdə götürdükdə isə, bir daha vurğulamaq istəyirəm ki, jurnalist üçün işləmək, xəbərçiliklə məşğul olmaq yaxın keçmişlə müqayisədə xeyli asanlaşıb". Aytən Abdulova (ANS)
"Mətbuat xidmətləri arasında jurnalistlərlə əla işləyən qurum və şəxslərin adlarını sıralamaq lazım gələrsə: Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Billurə Hacızadə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə, Mədəniyyət və Turizm Nazirliyindən Vüqar Şıxəmmədov, İdman və Gənclər Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova, "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının adlarını xüsusən qeyd eləyə bilərəm. Bakı Şəhər İcra Hakimiyyəti, Azercell, Narmobile, Maliyyə Nazirliyi, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin işindən isə razı deyiləm". Ülkər Qasımova (APA TV)
"Təhsil Nazirliyi, Baş Prokurorluq, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin işini bəyənirəm. Yaxşı işləyirlər. Ancaq "SOCAR", Nazirlər Kabineti, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətlərinin işi ürəkaçan deyil. Hətta, daha pisdir". Hafiz Heydərov (APA)
"Düşünürəm ki, jurnalistlərə açıq olan qurumlar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azəravtoyol” ASC, “Bakı Metropoliteni” QSC-dir. Mətbuata qapalı olanlar isə Dövlət Təhlükəsizliyi Xidməti, SOCAR, Nazirlər Kabineti, Energetika Nazirliyi, Vergilər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatıdır". Mübariz Aslanov (APA)
"Milli Məclis, Diaspora Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının mətbuat xidməti ilə işləyirəm. Mənim heç bir problemim yoxdur. İstər məlumatların ötürülməsində, istərsə də həmkar kimi əməkdaşlıq etməkdə hələlik elə bir narazılıq görməmişəm. Əksinə birgə əməkdaşlıq görmüşəm. Fikrimcə jurnalist təkcə mətbuat xidmətinə arxayın olmalı deyil. İnformasiya daşıyıcısı olan jurnalistdirsə, özünün xüsusi mənbələri olmalıdır. Bu zaman mətbuat katibindən də asılı olmaz. Sonradan arada narazılıq da yaranmaz. Ümumiyyətlə jurnalist bir yox, bir neçə mənbə ilə işləməlidir. Mən belə düşünürəm". Elnur Məmmədli (Qafqazinfo.az)
"Mənə görə mətbuat xidməti yaxşı işləyən qurumlar sırasına Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi daxildir. Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi pis işləyən mətbuat xidmərlərinə liderlik edənlər siyahısındadır. Mən ilk üçlüyün adını çəkdim. Onu da deyim ki, əvvəllər nazirlərin özündən açıqlama almaq mümkün idi. İndi mətbuat xidmətinə belə yaxın düşmək olmur". İlkin Pirəli (Report)
"Hazırda əksər dövlət qurumları ilə işləmək asandır. Amma az sayda dövlət qurumu var ki, mətbuata qapalıdır. Məsələn, Azərbaycan Dövlət Sərhəd Xidməti. Bu qurumun mətbuat xidməti heç bir sorğuya cavab vermir. Biz yalnız onların sayta yerləşdirdikləri şablon məlumatlarla kifayətlənirik". Azad Əliyev (Baku.ws)
"Jurnalistlərlə yaxşı münasibətdə olan qurumlardan Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyinin adını çəkə bilərəm. Bakı şəhər İcra hakimiyyətinin mətbuat xidməti isə ümumiyyətlə, işləmir". Gültəkin Ələsgər (AzVision.az)
"Uzun illərdir ki, Nəqliyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi mətbuata açıq deyil. Hətta mətbuata yeni gələn jurnalistlər onların üzlərini belə tanımırlar. Ümumiyyətlə Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov nazirdən də üstün adam olub. Onunla əlaqə yaratmaq sanki nazirə çıxmaq kimi bir şeydir. Halbuki kənd təsərrüfatı naziri Heydər Əsədov şəxsən özü jurnalistlərin telefonlarına cavab verir. Bakı şəhər İcra Hakimiyyətindən isə danışmağa dəyməz. Bu qurumun nə işə yaraması hələ də mətbuata qaranlıqdır. İcra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamaq kosmosla əlaqə saxlamaqdan çətin olub. Düzdür, elə məsələlər, suallar, sorğular olur ki, həmin məsələlər rəhbərliklə razılaşdırılmamış mətbuata ötürülmür. Odur ki, bu baxımdan mətbuat katiblərini qınamaq olmur. Amma bəzən də mətbuat xidmətləri özləri bu şəraiti yaradırlar. Əslində mətbuat xidməti rəhbərliklə mətbuat arasında vasitəçi rolunu oynamalıdır. Ancaq bizdə tam əksinədir. Mətbuat katibləri çalışırlar ki, işlədikləri nazirlik, nazir barədə mətbuatda mənfi xəbərlər yayılmasın. Halbuki mətbuat cəmiyyətdə, hansısa məsələdə, problemdə məsul olan idarənin, nazirliyin nöqsanını, çatışmazlığını qabartmaqla onu bu məsələdə agah etməlidir. Bir sözlə, 4-cü hakimiyyət rolunu yerinə yetirməlidir. Çox təəssüf ki, bəzi mətbuat katibləri, o cümlədən nazirlər bunu anlamırlar. Amma nazirlə media arasında körpü yaradan, onların qarşılıqlı ünsiyyətdə olmasını təşkil edən mətbuat xidmətləri də var. Bunlara misal olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanı, İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyevin adını çəkə bilərəm. Bundan başqa, mətbuatla sıx münasibətdə olan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nzairliyinin mətbuat xidmətlərinin rəhbərlərinin adını da qeyd etməmək günah olar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov da mətbuatla əlaqələrini sıx qurub. Quruma sorğu göndərəndə hansı şöbə ilə danışmaq lazımdırsa, araşdırıb daha sonra yenidən jurnalistə yığırlar. Bir sözlə, bu quruma sorğu göndərdinsə, "əlin qulağının dibində" arxayınlıqla gözləyə bilərsən. Belə qurumlardan biri də Dövlət Statistika Komitəsidir. Daha sonra Vergilər Nazirliyinin, Mədəniyyət və Turizim Nazirliyinin, "Azərbaycan Hava Yolları" QSC (AZAL), Azərbaycan Dəmiryolları QSC-nin mətbuat xidmətlərinin rəhbərlərini jurnalistlərin dostu adlandırmaq olar". İradə Cəlil ("Ekspress" qəzeti)
"Mən ekologiya və sosial sahədən yazdığım üçün ən çox Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat Nazirliyi, "BakuBus" MMC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, AHİK, Təhsil Nazirliyi kimi qurumlarla sıx əlaqədə olmağa çalışıram. Amma çox az qurumlar var ki, onların mətbuat xidmətini istənilən zaman tapmaq mümkündür. Məsələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə davamlı ünsiyyətimiz var. Nə zaman yazsan, zəng eləsən, tapa bilərsən. Amma Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bir məlumat almaq məqsədilə Elgün Səfərov üçün nəzərdə tutulmuş şəhər nömrəsinə üç gün zəng vurdum. Dedilər yoxdur, “nahardan sonra olacaq. Bilmirik nə vaxt gələcək". Əlacsız qalıb birbaşa Aynur Sofiyeva ilə əlaqə saxlayandan sonra yazımı yaza bildim. FHN, AHİK kimi sorğuya və zəngə tez cavab verən mətbuat xidmətləri var. Nəqliyyat Nazirliyi və Təhsil Nazirliyində isə demək olar ki, mətbuat xidməti yoxdur. Axtarsan da, tapa bilmirsən. Bir vaxtlar Bayram Hüseynzadədən şikayət edirdim ki, tapmaq olmur. İndi ona şükür edirəm ki, arabir tapılırdı. Nəqliyyat Nazirliyini isə “apar tulla”. İlkin İzzət (Milli.az)
"Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı, "Bakı Metropoliteni" QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, "Azərsu" QSC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı, "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Fazil Talıblı, Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Rauf Mirqulamov; Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Oktay Bayramov, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov, mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva, "Azərbaycan Hava Yolları"nin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsi, "Azəristiliktəchizat" ASC, Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev, "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev. Bu sadaladığım insanların işindən razıyam". Hafiz Əhmədov (AzVision.az)
"Açığı əvvələr vəziyyət çox pis idi. İndi nisbətən düzəlib, amma yenə də sıxıntılar var. Əksər mətbuat xidmətləri ilə danışsaq da, açıqlama verilmir. Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin mətbuat xidmətləri yaxşıdır. Fəaliyyətlərindən narazı qaldığım ən əsas qurum Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidir". Kəmalə Məmmədova (ANSpress)
"Biz bir çox dövlət qurumlarının əməkdaşları ilə əməkdaşlıq etməkdə problem yaranmır. Onlardan bəzilərinin adlarını çəkə bilərik: ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Mədəniyyət və Turizm Nazirliyindən Vüqar Şıxəmmədov, "Bakı Metropoliteni" QSC-dən Nəsimi Paşayev, Vergilər Nazirliyindən Şahin Məmmədov, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı, Təhsil nazirliyinin əməkdaşı Cəsarət Valehov, Mərkəzi Bankın sözçüsü Namik Əliyev, İqtisadiyyat Nazirliyindən Abbas Əliyev, Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Nuridə Allahverdiyeva, "Azərişıq"dan Tanrıverdi Mustafayev, "Azəriqaz" İB-dən İbrahim Kərbalayı, Baş Prokurorluqdan Eldar Sultanov, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev, "Azəryolservis"-dən Anar Nəcəfli, FHN-dən Oktay Bayramov, "SOCAR"-dan Nizaməddin Quliyev, Müdafiə Nazirliyindən Vaqif Dərgahlı, Səhiyyə Nazirliyindən Liya Bayramova, BŞBPİ-dən Vaqif Əsədov" Nərgiz Nənə (Admiral.az)
"Düşünürəm ki, müəyyən qədər bu sahədə dönüş yaranıb. Ötən illərə nisbətən hazırda bir çox qurumların sözçüləri mətbuatla əməkdaşlıq edir. Düzdür bəziləri hələ də öz vəzifələrini başa düşmür. Bizim sayt yeni yaranmasına baxmayaraq, hələlik bir çox dövlət qurumları ilə rahat şəkildə əməkdaşlıq edə bilir. Əsasən Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, FHN, İqtisadiyyat Nazirliyi, "Bakı Metropoliteni" QSC, yol polisi və s. ilə rahat ünsiyyət qura bilirik. Bizə problem yaradan yeganə qurum Bakı Şəhər İcra Hakimiyyətidir. Ümid edirik ki, bu problem də tezliklə həll olunacaq".