Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
Xəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin, 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmovun lider olduğu nəticələr ləğv edilib. Unikal.org xəbər verir ki, sadalanan dairələrdə səsvermənin nəticələrinin ləğv olunması bəzi icra başçılarını çıxılmaz vəziyyətə salıb. Belə ki, verilən qərar həmin dairələrdə seçkilərdə qanun pozuntusu ilə bağlıdır. Heç kəsə sirr deyil ki, seçkilərin saxtalaşdırılması ilə bağlı tapşırıq icra başçıları tərəfindən verilir. Bu tapşırıqlar isə dairə və məntəqə sədrləri tərəfindən həyata keçirilir. Bu dairələrin nəticələrinin ləğv olunması DSK sədrləri və icra başçılarını hədəfə gətirib. Hətta onlardan kimlərinsə həbs təhlükəsiylə üz-üzə qala biləcəyi də vurğulanır. Qeyd edək ki, Prezident İlham Əliyev dünənki çıxışında seçkidə qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirmişdi. Görünən odur ki, Prezidentin bu bəyanatından sonra MSK daxil olan müraciətləri daha dərindən araşdıraraq 4 dairənin nəticələrini ləğv edib. Bu gün keçirilən iclasda çıxıç edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibdir. Onun sözlərinə görə, insanlarda narazılıq doğuran şeylər yersiz hərəkət etməkdir. Qeyd edək ki, Beyləqanın icra başçısı Asif Ağayev, Lənkəranın icra başçısı Taleh Qaraşov, Xətainin icra başçısı Rafiq Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.