Azərbaycanda “neft era”sının SONU: “Qara qızıl”ı nə ilə ƏVƏZLƏYƏCƏK?!

Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul etdi. Ölkə başçısı qəbulda bir sıra məsələlərə aydınlıq gətirib. Prezident vurğulayıb ki, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. O, Azərbaycanda “neft erası”nın geridə qaldığını və qarşıdakı illərdə qeyri-neft sektorunun inkişaf edəcəyini açıqlayıb.

 "Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir".

 Azərbaycanda qeyri-neft sahəsinin inkişafı haqqında Modern.az-a danışan Milli Məclisin üzvləri də ölkə başçının islahatlar siyasətini dəstəklədiklərini bildiriblər.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə prezident İlham Əliyev dəfələrlə çıxışlarında deyib ki, ölkədə aqrar sahə, emal sənayesi inkişaf etdirilməli, ölkənin ixrac potensialı artırılmalıdır:

 "Biz qeyri-neft sektorundan əlavə gəlir əldə etməliyik. Bu isə təbii ki, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Prezident qeyd etdi ki, mütləq qeyri-neft sektorunu inkişaf etdirməliyik. Ona görə artıq bu sahədə önəmli tədbirlər həyata keçirilir. Ötən ilin nəticələri göstərir ki, kənd təsərrüfatında məhsul istehsalı artıb, bütün sahələrdə məhsuldarlıq yüksəlib.

 Ölkə başçısı birinci rübün yekunları haqqında müşavirədə xatırlatdı ki, virusun ölkə iqtisadiyyatına müəyyən qədər ziyan vurmasına irəliləyişlərə də nail olmuşuq. Bu inkişafın daha da yüksəldilməsi üçün kənd təsərrüfatında müasir texnologiyanın öyrənilməsinə, toxumçuluğun inkişafına, həmin sahənin kadr potensialının yüksəldilməsinə ehtiyac var. Bu istiqamətdə işlər davam etdirilir. Proqnozlar göstərir ki, bu il aqrar sektorun inkişafı daha yüksək səviyyədə olacaq.

Biz istehsal edilmiş məhsulun xammal kimi deyil, emal edilmiş məhsul kimi dünya bazarlarına çıxarmalıyıq. Bu zaman məhsulun qiyməti də artır və ölkədə müxtəlif iş yerlərinin yaradılması da təmin edilir. Ona görə, ilk növbədə aqrar sahənin inkişafı davam etdirilməlidir".

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Anar Məmmədov deyib ki, koronavirus pandemiyasının yayılması ilə dünya iqtisadiyyatının qlobal böhrana daxil olması, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatına da təsir etməyə başlayıb:

 "Belə olan vəziyyətdə təbii ki, itkilər olmadan pandemiyanın təsirindən çıxmaq mümkün deyil. Əsas məsələ postpandemiya dövründə iqtisadiyyatın daha aktiv və sürətli inkişafı üçün indidən yaradacağı zəmin və sahibkarlara, insanlara olan köməkdir.

Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir. Bu günlərdə neftin dünya bazar qiymətinin kəskin azalması, pandemiyanın yaratmış olduğu qlobal və regional çətinliklər və eləcə də əsas ticarət tərəfdaşlarımızda milli valyutaların kəskin devalvasiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Qlobal enerji bazarında müşahidə edilən qiymət azalmaları Azərbaycanın neft satışından dövlət gəlirlərinin azalmasına səbəb olur. Belə olan təqdirdə isə qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək. Sevindirici haldır ki, ötən dövr dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz müsbət nəticəsini göstərməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də real uğurlar əldə edilir".

 Deputat bildirib ki, Azərbaycan artıq iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafında görür və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir:

 "Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək və ölkə başçısının dediyi kimi, növbəti illərdə həyata keçiriləcək çox ciddi islahatlar və dərin islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır.

Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara təkan verilir. Bu prioritetlərin reallaşması isə birmənalı şəkildə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına səbəb olacaq".

 Komitənin digər üzvü, iqtisadçı deputat Rüfət Quliyev isə qeyd edib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı siyasət çoxdan başlamışdı:

"2018-ci ildə prezident seçkilərindən sonra buna daha çox önəm verildi. Kiçik və sahibkarlığın inkişafından daha çox istifadə etməklə, qeyri-neft sektorunun yüksəlişini təmin etmək əsas məqsəddir. İmport əvəzedici və eksport oriyental modelə görə importdan gələn malların burada istehsalını təşkil etməkdir. Daha çox qeyri-neft məhsulları və xidmətlərinin artırılması ön plandadır. Son illərdə bunların tempi ümumdaxili məhsulun ümumi artım tempindən həmişə çox olub. Bu onu göstərir ki, Azərbaycanın sosial-iqtisadi siyasəti belə formada gedir.

Pandemiyadan sonra biz bir daha anladıq ki, öz iqtisadiyyatımızı daha da möhkəmləndirməli, xarici ölkələrdən asılılığı azaltmalıyıq. Bununla əlaqədar mühüm addımlar atılır. Mikroiqtisadiyyatın inkişafı üçün yaradılan şərait genişlənəcək. Ümumdaxili məhsulda bu sahənin payını 50 faizə qədər yüksəltməyə hədəf götürmüşük. İnkişaf etmiş ölkələrdə bu göstərici 55-60 faiz arasındadır. KOB-un məlumatına görə 2025-ci ildə bu rəqəmə nail ola bilərik. Amma mən inanıram ki, pandemiyadan sonra yeni mərhələ başlayacaq. Biz həmin məqsədə daha tez nail olacağıq".






Fikirlər