Vüqar Bayramov: “İqtisadi islahatlar öz nəticəsini ən tez 4 ildən sonra verə bilər”
Ölkə başçısı prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadi böhranın artıq geridə qalması ilə bağlı anons verib.
Prezident qeyd edib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq.
Dövlət başçısı deyib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, ictimai-siyasi vəziyyət sabitdir, ölkənin qarşısında duran vəzifələr həll olunur.
Prezident İlham Əliyev onu da bildirib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur: “Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb”.
Prezident həmçinin ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, zəruri ərzaq məhsulları ilə təminat, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm industriyasının yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlar verib.
Ölkə başçısının çıxışında qeyd olunan məsələləri dəyərləndirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, cənab prezident haqlı olaraq qeyri-neft sektorunun inkişafını əsas vəzifə kimi qarşıya qoyub: “Dünyada gedən iqtisadi proseslər Azərbaycan iqtisadiyyatını da çətin vəziyyətə salıb. Dünyada gedən iqtisadi təlatümlər, neftin qiymətinin kəskin aşağı düşməsi, milli valyutanın dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatında da problemlər yaradıb.
Azərbaycan neft ixrac edən ölkə olduğu üçün bu proseslərdən təsirlənib. Düzdür, hökumət çalışır ki, müəyyən qədər bu problemlərin qarşısını alsın. Ancaq buna baxmayaraq, neftin ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir edib. Biz vaxtilə çalışırdıq ki, ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması üçün qeyri-neft sektorunu inkişaf etdirək. Cənab prezident hələ 2014-cü ildə regionların iqtisadi inkişaf planının müzakirəsi zamanı hökumət qarşısında iki məsələ qoymuşdu: birincisi qeyri-neft sektorunun inkişafı, ikincisi Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi. Lakin təəssüflər olsun ki, ötən müddət ərzində bu məsələdə ciddi irəliləyiş olmadı. Yalnız son bir ildə milli valyuta dəyərdən düşəndən sonra, neft ucuzlaşandan sonra müəyyən islahatlar aparıldı”.
Məclis üzvü onu da vurğuladı ki, Azərbaycanda islahatlara böyük ehtiyac var, həm instutsional, həm struktur islahatları aparılmalıdır: “Həm də bu islahatları çevik hökumət aparmalıdır. Bank sistemində ciddi islahatlar aparmaq lazımdır. Problemli kreditlər həll olunmalıdır. İqtisadi artım gəlincə, 1-2 faiz iqtisadi artımın olması heç nəyi həll etmir. Cənab prezident doğru qeyd etdi ki, hər bir rayon öz işi ilə məşğul olmalıdır. Ötən müddət ərzində rayonlarla milyardlarla manat vəsait xərclənib, infrastrukturun yaradılması üçün investisiya qoyulub. Ona görə də hər bir rayonun rəhbərliyi həmin regiona uyğun təsərrüfat qurmalıdır. Qoyulan ən ciddi problemlərdən biri də idxal-ixrac əməliyyatlarının strukturu barədədir. İdxal olunan məhsulların strukturuna baxmaq lazımdır. Elə məhsullar Azərbaycana gətirilməlidir ki, onlara tələbat olsun. Mən ölkə başçısının qoyduğu problemlərlə razıyam. Qoyulan məsələlər çevik şəkildə həll olunmalıdır”.
İqtisadçı-ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın iqtisadi böhrandan çıxmasının yeganə yolu kimi iqtisadi islahatları hədəf göstərdi: “Ölkə başçısı ilk növbədə ixrac qabiliyyətinin artırılması üçün iri sənaye müəssisələrinin yaradılması ilə bağlı tapşırıqlar verdi.
İri sənaye müəssisələrinin yaradılması qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması baxımından çox önəmlidir. Digər prioritet məsələlərdən biri də ölkədə sahibkarlığın inkişafı ilə bağlı oldu. Qeyd edildi ki, kiçik və orta sahibkarlıq Azərbaycanda məşğulluğun təmin edilməsi, rəqabətin qorunması baxımından çox önəmlidir. Bu barədə də tapşırıqlar verildi. Güman olunur ki, əsas dəstək güzəştli kreditlərin verilməsi və kredit şərtlərinin yumşaldılması istiqamətində olacaq.
Müşavirədə də deyildiyi kimi, 2016-cı il Azərbaycan üçün asan il olmayacaq. Çünki neftin dünya bazarındakı qiyməti aşağıdır və ölkəyə daxil olan valyutasının həcmi azdır. Lakin yenə də neft Azərbaycan iqtisadiyyatında dominantdır və görünən odur ki, hələ bir neçə il də belə olacaq. Çünki iqtisadi islahatlar öz nəticəsini ən tez 4 ildən sonra verə bilər. Lakin Azərbaycanda iqtisadi böhrandan çıxmağın yeganə yolu iqtisadi islahatlardır.
Son 6 ayın yekunlarını qiymətləndirsək və bu baxımdan ikinci yarımil üçün proqnoz versək, demək olar ki, növbəti 6 ayda da iqtisadi vəziyyət aparılan islahatlardan asılı olacaq. İlin birinci yarısında ÜDM-də azalma tendensiyası davam edir. Lakin qeyd edildiyi ki, ÜDM azalsa da, iqtisadi artım davam edir. ÜDM-dəki azalmanın qarşısının alınması üçün neftdən asılılığın qarşısının alınması vacibdir".
İqtisadçı-ekspert Natiq Cəfərli isə ölkə başçısının çıxışında iqtisadi artımlar bağlı qeyd olunan rəqəmlərin reallığı əks etdirmədiyini qeyd etdi: “Hər hansı bir problemin həll olunmasının ilkin mərhələsi həmin problemin təsbit olunması, diaqnostikasıdır. Rəsmi rəqəmlər sübut edir ki, ölkə iqtisadiyyatında çox ciddi tənəzzül var. ÜDM 4,5 faiz azalıb, qeyri-neft sektorunda ÜDM-in payı da azalıb. Həmçinin qeyri-neft sektorunun xarici ticarətdə payı da azalıb. Bu il qeyri-neft sektorunun ixracda payı təxminən 48 faiz azalıb. Bütün rəsmi rəqəmlər göstərir ki, ölkədə həm iri makroiqtisadi göstəricilərdə, həm də ayrı-ayrı sahələrdə ciddi azalmalar var. Mənzil bazarında, avtomobil bazarında durğunluq yaşanır. Təkcə Gürcüstandan gələn avtomobillərin saylı 27 dəfə azalıb. Artıq faizlə deyil, dəfələrlə azalmalar qeydə alınır. Ölkə başçısı hər sahədə bu rəqəmləri araşdırmağa borclu deyil, ona bu haqda məlumatları iqtisadi komandası verir. Görünən odur ki, ya ölkə başçısına onun komandası düzgün məlumat verməyi, ya da bu təbliğatın bir metodudur ki, problemlərdən deyil, uğurlardan danışmaqla əhalini sakitləşdirməyə çalışırlar. Mənim fikrimcə, bu yanlış yanaşmadır və bu yolla iqtisadi böhranın qarşısını almaq mümkün olmayacaq. Bir zamanlar Azərbaycan fəxrlə qeyd etdiyi iqtisadi göstəricilərə görə, indi biz dünya üzrə ən aşağı səviyyəyə düşmüşük. ÜDM-in 4.5 faiz azalması dünyada ən pis göstəricilərdən biridir. Rəsmi inflyasiya hər zaman 1,5 -2 faiz olsa da, bu il iki rəqəmlidir, 10,8 faiz qəbul olundu. Lakin 6 ayın yekunlarına həsr olunan iclasda bu problemlərdən danışılmadı”.