"PUL NAZİRİN İMZASI İLƏ XƏRCLƏNİR..." - "Deyə bilməz ki, oğurlanmasından xəbərsizəm”

Əkrəm Həsənov: “Əbülfəs Qarayev ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır”

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldılar.

Tutulanlar “otkat” almaqda, büdcə vəsaitlərini mənimsəməkdə, talamaqda ittiham olunurlar. İlkin məlumatlara görə, Zakir Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan “şapka” alıb. Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, həbslərdən sonra mədəniyyət naziri özünü heç nə baş verməmiş kimi aparır. Cəmiyyətin ən azı Əbülfəs Qarayevin istefasını gözlədiyi bir vaxtda, o, heç nə olmamış kimi davranır.

Onun rəhbərlik etdiyi sahədə baş verən büdcə talançılığı istintaqsız da bəllidir. Belə bir vəziyyətdə nazirin inadkarlığı anlaşılmır.

 

 

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirib ki, Əbülfəs Qarayev istənilən halda istintaqa cəlb olunmalıdır: “Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən – yəni xalqın cibindən ayrılan pulları oğurlayıbsa, talayıbsa, sənin günahın göz qabağındadır. Sənin də bu cinayətlərdən xəbərin yoxdursa, onda kabinetinin qapılarını bağla və çıx get! Çünki idarə edə bilmirsən! Əbülfəs Qarayevin siyasi məsuliyyəti var.

O vaxt Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bankdan milyardlar oğurlananda məlum olmuşdu ki, arxasında Eldar Mahmudov dayanır. Bəs Əbülfəs Qarayevin tutulan müavininin, işçilərinin arxasında kim dayanıb?

Bu adamlar kimdir ki, dövlət büdcəsindən bu sahəyə ayrılan pulları mənimsəsinlər? O sahəni 26 ildir ki, Əbülfəs Qarayevə tapşırıblar, o rəhbərlik edib. Xüsusən də pul məsələləri də onun kurasiyasında olub. Bəli, işçilərindən kimsə gedib onu aldada da bilər. Amma pul xərcləyəndə oğurluqları görməyə bilməzsən, deyə bilməzsən ki, pulla bağlı sənədləri imzalamışam, əslində isə pulun hara xərcləndiyindən, oğurlandığından xəbərim yoxdur. 

Pul xərcləmə məsələsi nazirliklərdə nazirin imzası ilə gerçəkləşir. Bunu bilməyən var? Ola bilsin, bəzi xırda məsələlər digər şəxslərə tapşırılsın, amma tam olaraq məsuliyyət nazirin üzərindədir. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva pulların mənbəyi ilə bağlı suallara cavab olaraq deyirdi ki, mən bankir deyiləm ki, bundan xəbərim olsun, ərim verib, mən də xərcləmişəm. Mədəniyyət Nazirliyində isə belə söhbətlər keçərli deyil. Bu tamam başqa söhbətdir. Nazirin baş verənlərdən xəbərsiz olmasını düşünmək üçün sadəlöhv olmaq gərəkdir”.


Əkrəm Həsənov deyir ki, Ə.Qarayev istintaqa cəlb olunsa, onu 5 ilə qədər həbs gözləyir: “Dövlət büdcəsindən konkret sahəyə ayrılan pulların idarə edilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etməli şəxs həmin sahəyə rəhbərlik edəndir. Bu halda isə nazir Əbülfəs Qarayevdir. Əbülfəs Qarayev ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir. Hətta sübut olunsa ki, Əbülfəs Qarayevin xəbəri yoxdur, bu halda 5 il həbsə getməlidir. Mədəniyyət Nazirliyinin Əsasnaməsinin 5.6 maddəsinin 2-ci bəndinə görə nazir müavinləri arasında vəzifə bölgüsü aparır;

Həmin maddənin 13-cü bəndinə görə - dövlət büdcəsindən ayrılmış vəsaiti təyinatı üzrə xərclənməsini təmin edir.

Göründüyü kimi, əsasnaməyə görə vəzifə bölgüsünü nazir olaraq Əbülfəs Qarayev aparıb və pulların xərclənməsinə nəzarət də onun vəzifəsidir. Əbülfəs Qarayev deyə bilməz ki, mən büdcə pullarının oğurlanmasından xəbərsiz olmuşam”.

Əkrəm Həsənov deyir ki, İcra Hakimiyyətlərindən sonra həbslərin nazirliklərə keçməsinə, prosesin Mədəniyyət Nazirliyindən başlanmasına təəccüb etməyib: “Mən həbslərin Mədəniyyət Nazirliyindən başlamasına təəccüb etmədim. Əvvəlki açıqlamalarımda da qeyd etmişdim ki, icra hakimiyyətlərində başlanan həbslər tədricən yuxarılara keçəcək. Yerli icra hakimiyyətlərindən sonra nazirliklərin ən zəifindən başlamaqla əməliyyatların keçiriləcəyi, həbslərin gerçəkləşəcəyi, hətta ən gözləmədiyimiz, az qala vəzifədə daşlaşmış məmurların belə istintaqa çəkiləcəyi ehtimalı böyükdür. Aydındır ki, Mədəniyyət Nazirliyində mənimsəmə, israf digərilərinə nisbətdə çox ola bilməz. Bu ona görə deyil ki, oradakı məmurlar daha təmizdirlər, nazirliyin adına uyğundurlar, mədənidirlər. Yox, belə deyil, sadəcə ora dövlət büdcəsindən ayrılan pul o qədər deyil. İşçi sayı isə çoxdur. Mədəniyyət Nazirliyidir, Təhsil Nazirliyidir, bu nazirliklərdə işçilərin sayı çoxdur. Ayrılan pulları istəməsələr belə işçilərə vermək məcburiyyətindədirlər, hamısını yeyə bilmirlər. Söhbət ondan gedir ki, Azərbaycanda məmurlar dövlət büdcəsindən ayrılan pulların talan edilməsinə öyrəşiblər və bunun sonu olmayacağını düşünürlər. Artıq bu istiqamətdə kövrək də olsa, addımlar atılır. Prosesin sona qədər aparılması dövlətin güclənməsinə, dövlətin dirçəlməsinə yaxşı zəmin yaradar. Bu proses dayanmamalıdır”.

 






Fikirlər