Karantinlə bağlı çimərliklərdə işlər aparılır - Muxtar Babayevlə Eldar Əzizov İZLƏDİ + FOTOLAR

Karantinlə bağlı çimərliklərdə işlər aparılır

Xəbər verdiyimiz kimi, karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağı bildirilmişdi. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə çimərliklərdə monitorinqlərin aparılacağı və xüsusi qaydalara riayət olunduğu halda çimərliklərdən istifadə etmək məsələsinin mümkünlüyü qeyd olunmuşdu.

Odur ki, bu gün Ekologiya və Təbii Sərvətlər naziri Muxtar BabayevBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə İcra nümayəndələri ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə olub və çimərliklərin hazırkı vəziyyətini yerində dəyərləndirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elman İmanov “Qafqazinfo”ya bildirib ki, hazırda ictimai çimərliklərdə karantin rejiminə uyğun müvafiq işlər aparılır: “Hazırda vətəndaşlarımızın təhlükəsizliyi və gigiyenası baxımından hər cür  imkan yaradılıb. Bakı şəhərinin ərazisində 6 ictimai çimərlik salınıb. Bu çimərliklər müasir standartlara cavab verir. Karantinlə əlaqədar vətəndaşların qaydalara əməl etməsi üçün məlumat lövhələri quraşdırılıb, eyni zamanda burada mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Əsas məsələ odur ki, çimərlik istifadəyə verildikdən sonra sakinlər qaydalara əməl etsinlər. Sanitar qovşaq, duş kabinləri, çətirlər, söhbətgah kimi istifadə olunacaq məkanlar hazır vəziyyətə gətirilib”. 

E. İmanovun sözlərinə görə, ərazidə İcra Hakimiyyətinin tabeliyində olan qurumların əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparılacaq: “Gündəlik olaraq vəziyyət tərəfimizdən yerində analiz olunacaq. Məlumat lövhələrində də bildirildiyi kimi, çimərlik taxtaları arasında minimum 2 metr, çətirlər arasında isə minimum 4 metr məsafə saxlanılmalıdır. Duş kabinlərinin girişində dezinfeksiya məhlulları qoyulub”.

İcra nümayəndəsi daha sonra özəl çimərliklərdəki vəziyyət barədə də məlumat verib: “Özəl çimərliklərlə bağlı da onların məsul şəxsləri ilə görüşlər keçirilib. Onlara müəyyən olunmuş qanunlara əsasən tələblər bildirilib. Qaydalara riayət etməklə bağlı ciddi tapşırıqlar verilib, onlar da daim nəzarətdə olacaq”.

Həmçinin, ictimai çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı təşkil edilib, dəniz kənarına uzanan yola asfalt çəkilib, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.

Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Qeyd edək ki, ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə tamamilə ödənişsizdir. Sözügedən çimərliklərin yaradılmasının məqsədi baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq edilməsindən ibarətdir.

 

 

















 






Fikirlər