“AAAF-İnşaat”ın binalarına HƏBS QOYULDU

Xırdalanda “AAAF-İnşaat” şirkətinin tikdiyi binaların üzərinə ötən ilin oktyabrından həbs qoyulub. Bu barədə Abşeron Rayon Məhkəməsi qərar çıxarıb.

 Pravda.az-ın xəbərinə görə, şirkətin mülkiyyəti üzərində həbs qərarı Abşeron Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında çıxarılır.

 Təqdimatda göstərilib ki, bu şirkətə qarşı çıxarılmış onlarla məhkəmə qərarları icra olunmayıb. Bu qərarların əksəriyyəti müxtəlif vətəndaşlara ödəniləsi pullarla bağlıdır. “AAAF-İnşaat”ın “Texnikabank”a 95 min, “Azəriqaz”a 204 min 490 manatlıq borcunun ödənilməsi haqda məhkəmə qərarları da icra olunmayanlar sırasındadır.

 Məhkəmədə məlum olub ki, “AAAF-İnşaat” tərəfindən icra olunmayan məhkəmə qərarları ötən il sentyabrın 2-də Abşeron Rayon İcra və Probasiya Şöbəsində ümumi icraatda birləşdirilib. Bundan sonra isə həmin qərarların icrasını təmin etməkdən ötrü şirkətin əmlakları üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də təqdimatı təmin edib. Üzərinə həbs qoyulmuş əmlaklar sırasında çoxsaylı yaşayış və qeyri-yaşayış binaları, torpaq sahələri var.

 Şirkət bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. “AAAF-İnşaat”ın nümayəndəsi Emin Səlimov şikayətində yazıb ki, əmlaklar üzərində həbs qərarı qanunsuz və əsassızdır. Çünki üzərinə həbs qoyulan binalardakı mənzillər, qeyri-yaşayış sahələri başqa adamlara satılıb. Onların həmin əmlaklara mülkiyyət hüququnu təsdiqləyən sənədləri də var. Əmlakların bir hissəsi də kredit borcuna görə "Aqrarkredit"də girovdur.

 “Üzərinə həbs qoyulmuş daşınmaz əmlakları şirkət üçüncü şəxslərə satıb, onların istifadəsindədir. Ona görə də bu qərar həmin vətəndaşların maraqlarına toxunur”, - E.Səlimov bildirib.

 Sumqayıt Apellyasiya Məhkəməsi aprelin 27-də “AAAF-İnşaat” MMC-nin şikayətini təmin edib. Əmlakların üzərinə həbs qoyulması haqda qərardad ləğv edilib.

 Bəs 3-4 il əvvəl çıxarılmış onlarla məhkəmə qərarı niyə icra olunmur? “AAAF-İnşaat”ın mətbuat xidmətindən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib ki, əmlaklar üzərində həbslə bağlı məhkəmə çəkişməsi olsa da, sonda şirkətin xeyrinə həllini tapıb və hazırda MMC-nin fəaliyyətini məhdudlaşdıran heç bir qərar yoxdur: “Biz öz işimizi həmişəki qaydada davam etdiririk”.

 Fiziki şəxslərə olan borclar, “Azəriqaz”a 204 min 490 manatlıq ödəmə barədə məhkəmə qərarlarının icra olunmamasına gəlincə, “AAAF-İnşaat”ın “Azəriqaz”a borcu olmadığı vurğulanıb: “Cari, yəni sakinlərin gündəlik qaz sərfiyyatına uyğun olaraq müəyyən borclar yarana bilər. O da vaxtlı-vaxtında ödənilir, heç bir problem yaranmır. Fiziki şəxslərə borclarda da eyni durumdur”.

 “AAAF-İnşaat”dan onu da bildiriblər ki, şirkətin ən böyük problemi vergilərlə bağlıdır, onlara külli miqdarda vergi cərimələri tətbiq olunub və bunu əsassız hesab edirlər: “Həmin vergilər əvvəllər lazımi qaydada ödənilib. Ancaq bizə süni əngəllər yaradılıb, işlərin problem həddinə çatmasına rəvac verilib. Bunun da nəticəsində şirkət əsas öhdəliyi olan tikinti fəaliyyətini yerinə yetirməkdə çətinlik çəkir. Vergi məsələsinin də həlli üçün aidiyyəti qurumlara müraciətlər olunub, apellyasiya görüşməsi gözlənilir”.  /AzadlıqRadiosu






Fikirlər