Yeni Təhsil nazirindən NƏLƏR GÖZLƏNİLİR...

Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin olunub.

 Yeni nazirdən gözləntilər nələrdir? İllərdir təhsil sahəsində yığılıb qalan problemlərin həllinə ümidlər varmı?

 “Emin Əmrullayev daim axtarışda idi”

 Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli Modern.az-a deyib ki, Prezident İlham Əliyevin yeni təyinat alan nazirlərin qəbulu zamanı verdiyi tövsiyələr, bütövlükdə həmin sistemin proqramından ibarətdir:


“Nazirlərin qarşısına ölkə Prezidenti tərəfindən qoyulan məsələ həmin sahədə islahatlar aparmaq, yeniliklər tətbiq etmək və nəticələr əldə etməyə yönəlikdir.  Hesab edirəm ki, yeni təyin olunan Təhsil nazirimiz də bu prosesin içərisində olan gənc, dinamik, sahəyə bələd olan şəxsdir. Milli Məclisin Elm və təhsil komitəsində müəyyən qanun layihələri hazırlanarkən komissiyaların təkibində olan indiki nazirin təhsil sisteminə yaradıcı yanaşdığını, təhsil məsələlərinə dərindən nüfuz etmək istəyini, bu sahənin incəliklərinə bələd olmaq üçün daim səy göstərdiyinin şahidi olmuşam. Hesab edirəm ki, bu axtarış hissi, yeniləşdirmə meyli, daim öz üzərində çalışmaq kimi xüsusiyyətlər Emin Əmrullayevə bu sahədəki uğurları davam etdirməyə, problemləri isə həll etməyə kömək olacaq. Bu baxımdan Emin müəllimə uğrular aruzlayıram”.

 “6 illik islahatların nəticəsi olmalıdır”

 Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, Emin Əmrullayev özünün də qeyd etdiyi kimi, kifayət qədər məsuliyyətli vəzifəyə təyinat alıb:

“Və hesab edirəm ki, bu məsuliyyəti qaldıra biləcək qabiliyyətə sahib biridir. Bu baxımdan nazirə uğur diləyirəm. Emin müəllim uzun müddətdir təhsil sahəsində çalışır. Ümid edirəm ki, illərdir təhsil sahəsində yığılıb qalan ciddi problemlərin həlli istiqamətində öz səylərini göstərəcək. Emin Əmrullayev Azərbaycanda təhsilin idarə edilməsi üzrə təhsil alan azsaylı kadrlardandır. Düşünürəm ki, özünün bilik və bacarıqlarını buna səfərbər edəcək. Düzdür, Azərbaycanda təhsil 6 ildir islahatlar sisteminə qədəm qoyub. 2013-2014-cü illərdən sonra təhsildə kifayət qədər həm kadr, həm də struktur islahatları həyata keçirilib. Mikayıl Cabbarovun dövründən başlayan islahatlar, Ceyhun Bayramovla davam etdirildi. Düşünürəm ki, islahatlar yeni müstəviyə qədəm qoymalıdır, 6 illik islahatların bir nəticəsi olmalıdır”. 

 “Müəllimlərin maaşı artırılmalıdır”

 Ekspert təhsil sahəsindəki bir çox problemlərin həll olunacağına ümid etdiyini dilə gətirib:

“Biz hələ də orta ümumtəhsil məktəblərində kefiyyət görmürük, Azərbaycan müəlliminin sosial vəziyyəti yaxşı deyil. Təklif edirəm ki, ilk olaraq, pedoqoji təhsili olmayan şəxslər direktorluqdan uzaqlaşdırılsın. İkincisi, müəllimin sosial vəziyyəti yaxşılaşdırılsın. Hazırda 1 stavka 18 saat dərs deməkdir. Yaxşı olardı ki, dərs saatları 12 saata endirilsin. Həm dərslər müəllimlərin hamısı arasında bölüşdürülsün, həm də maddi vəziyyətləri düzəlsin.

Ən mühüm və önəm verilməli məsələ nazirlik sistemində hadisələrə istər neqativ, istərsə pozitiv yöndə çevik reaksiya verilsin. Bir çox hadisələrdə nazirlik cavabı gecikdirir.

Təəssüflər olsun ki, Təhsil Nazirliyi yalnız nəticələrdə abituriyentlərin yanında olur. İmtahan prosesində, təşkilində, şagirdlərin hazırlanması zamanı nazirliyi şagirdlərimizin yanında görə bilmirik. Olimpiadalarda, imtahanlarda yüksək nəticələr olanda Təhsil Nazirliyi o dəqiqə həmin şagirdlərə sahiblənir. Dövlət İmtahan Mərkəzi karantin müddətində imtahanlar keçirir, bəzi imtahanlarda gecikmələr var. Amma bununla bağlı bir dəfə də olsun Təhsil Nazirliyinin mövqeyini görməmişik. Təbii ki, deyəcəklər “imtahanlar bizlik deyil”.

Həmçinin, bütün valideynləri narahat edən məqamlar yeni tədris ilinin necə başlayacağı ilə bağlıdır. Hələ də saxta sənədlərlə fəaliyyət göstərən müəllimlər var”.


“Qabiliyyətinə bələdəm deyə, gözləntilərim çoxdur”

 K.Əsədov eyni zamanda deyib ki, nazirlik mətbuatla sıx əməkdaşlıq çərçivəsində çalışmalıdır:

“Ümid edirik ki, Emin Əmrullayev kabinet naziri olmayacaq, insanların yanında olacaq, mətbuata açıq olacaq, ən azından məktəblərdəki vəziyyətlə yerində tanış olacaq, vətəndaşların müraciətlərini vaxtında cavablandırılacaq.

Emin Əmrullayevin potensialını, qabiliyyətini müəyyən qədər bildiyimdən nazir kimi gözləntilərim də çoxdur”.

 “Bağçalar Təhsil Nazirliyinə birləşdirilsin”

 Çox istərdim ki, bağçalar da Təhsil Nazirliyinə birləşdirilsin, yeni dərslik mərkəzi idarəsi yaradılsın. Təəssüf ki, bizdə islahatlar orta məktəb səviyyəsində aparılıb. Ali məktəblərdə islahatlara ehtiyac var. Bu sahədə yeni nazir Emin Əmrullayev müəyyən təcrübəyə malikdir. Azərbaycan ali məktəbləri dünya reytinqlərində yoxdur. Buna da diqqət yetirilməlidir.

İctimaiyyət nümayəndələrilə mütəmadi görüşlər keçirilməlidir. Amma iştirakçılar özlərinin müəyyənləşdirdiyi şablon simalar olmamalıdır”.

 "“Təhsil haqqında qanun” dəyişdirilməlidir”

 Ekspert qeyd edib ki, 6 ilin ən böyük bəlası nazirin yalnız hansısa açılışlarda görünməsi idi:

“Biz naziri açlışdan-açılışa görürdük. Nazir ayrı-ayrı məktəblərə planlaşdırılmamış səfərlər etməlidir, oradakı problemlərlə maraqlanmalıdır. “Təhsil haqqında qanun”un dəyişdirilməsinə ehtiyac var. Ən vacibi təhsilin idarəolunma mexanizmi dəyişməlidir.

Mənim yeni nazirdən çox sayda gözləntilərim var. Və ümid edirəm ki, yekunda çox rahatlıqla övladlarımızı məktəbə göndərəcəyik ki, Müəllimlər günündə, müəllimin ad günündə, müəllimin qonşusunun xalası oğlunun şad günündə pul yığılmayacaq”.






Fikirlər