Ramiz Mehdiyev vəzifəsindən kənarlaşdırılmalıdır

AMEA prezidentinin nəvəsinin toyunun Rusiyanın hərbi gəmilərinin Bakıya gəlişindən bir gün sonraya təsadüf etməsinin səbəbləri…

Prezident Administrasiyasının sabiq rəhbəri bu yolla kim(lər)ə və hansı ismarıc göndərmək istəyib?

Bildiyiniz kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq Azərbaycanda kütləvi tədbirlər, o cümlədən toy, nişan və ad günləri mərasimlərinin keçirilməsi qəti şəkildə qadağan edilib. Odur ki, sözügedən qərar qüvvəyə mindikdən sonra istər paytaxt Bakıda, istərsə də ölkənin digər şəhər və rayonlarında gizli şəkildə bu tip tədbirlər keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıb. Lakin buna baxmayaraq, hələ də “Burda mən, Bağdadda kor xəlifə” prinsipiylə qanunlara saymazyana yanaşan, dövlətin adından verilən qərarlara açıq-aşkar şəkildə hörmətsizlik edənlər mövcuddur. “Hürriyyət” xəbər verir ki, misal kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi və onun kürəkəni, eks-deputat İlham Əliyevi göstərmək olar.

Belə ki, qeyd olunan qadağaya rəğmən, avqustun 18-də Ramiz Mehdiyevin kürəkəni Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy edib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videodan da görünür ki, Prezident Administrasiyasının sabiq rəhbəri mərasimdə iştirak edib. Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə Ramiz Mehdiyevin şərəfinə sağlıq deyib, onun ünvanına təriflər yağdırıb. Məlumatlarda həmçinin, o da bildirilir ki, Ramiz Mehdiyev və Abel Məhərrəmovla yanaşı, deputat Siyavuş Novruzov və onun xanımı, ombudsman Səbinə Əliyeva da məclisdə iştirak edənlər sırasında olub.

Nəzərinizə çatdıraq ki, sözügedən olayla bağlı videogörüntülər sosial şəbəkələrdə yer aldıqdan sonra həm sadə vətəndaşlar, həm millət vəkilləri, həm də siyasilər bu barədə mövqelərini bildirib və qadağaya baxmayaraq, Ramiz Mehdiyevin nəvəsinin toyunun keçirilməsini haqlı olaraq tənqid ediblər. Lakin nədənsə çoxu məsələnin əsas mahiyyətinə ya vara bilməyib, ya da Prezident Administrasiyasının sabiq rəhbərinin qəzəbinə tuş gələ biləcəklərindən ehtiyat etdikləri üçün səbəblərdən ancaq ən bəsiti üzərində dayanıblar. Təbii ki, “Hürriyyət” olaraq, biz də hesab edirik ki, hər biz Azərbaycan vətəndaşı kimi Ramiz Mehdiyev, onun kürəkəni və həmin məclisdə iştirak edən bütün digər şəxslər sözsüz şəkildə qanunlara əməl etməli, dövlətin adından verilən qərarlara hörmətlə yanaşmalıdırlar. Odur ki, sadə vətəndaşlara toy, nişan və ya ad günü keçirmək qadağan edildiyi kimi, eyni münasibət vəzifə sahiblərinə, məmurlara, imkanlı şəxslərə də tətbiq olunmalı, onlar da qanunu pozduqlarına görə cəzalandırılmalıdırlar. Lakin məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Ramiz Mehdiyev qadağalara baxmayaraq, nəvəsinin toy məclisini təşkil etməklə, ölkə rəhbərliyinə gövdə göstərisi edib. Yəni, Prezident Administrasiyasının sabiq rəhbəri bu yolla hələ də ayaqda olduğunu, ölkədə əsas söz sahibi kimliyini qoruduğunu və müxtəlif kritik nötqələrə təsir gücünün heç də azalmadığını aşkaranə şəkildə nümayiş etdirməyi planlaşdırıb. Müvafiq rəsmi qurumların sözügedən toy məclisinə dair verdiyi ilkin açıqlamalar, o cümlədən onların olub-bitənlərə seyirci mövqe sərgiləməsi belə deməyə əsas verir ki, Ramiz Mehdiyev məqsədinə nail olub. Və hələ də təsir gücünün, mövqelərinin qətiyyən zəifləmədiyini bütün Azərbaycana, hətta ölkədən kənardakı qüvvələrə belə, sübut edə bilib. Məsələn, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov belə deyib: “Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”. Gördüyünüz kimi, Daxili İşlər Nazirliyi rəsmisi sözügedən məclisi toy kimi deyil, toplantı kimi qiymətləndirib. Halbuki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən də aydın olur ki, aşkar şəkildə toy məclisi təşkil olunub. Həmin məclisdə iştirak edən Siyavuş Novruzov da məsələ ilə bağlı açıqlamasında toyda iştirak etdiyini etiraf edib və burada qeyri-adi heç nə olmadığını vurğulamaqda özünə bəraət qazanmağa çalışıb. Lakin sonradan təhlükəni hiss edərək, mövqeyində 180 dərəcəlik dönüş edib və özünü sığortalamaq məqsədiylə Ramiz Mehdiyev tərəfindən aldadıldığını bildirib: “Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar”.

Düzdür, hadisə ictimailəşdirildikdən və vətəndaşların, o cümlədən mətbuatın ciddi təpkilərindən sonra Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq rabitə və yüksək texnologiyalar naziri, AMEA prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev isə məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinib və hər ikisinə 15 sutkalıq inzibati həbs verilib. Lakin toyda iştirak edən əsas fiqurlardan biri, “Cənab Prezidentdən icazəsini almışam” deyərək Siyavuş Novruzovu aldadan Prezident Administrasiyasının sabiq rəhbəri barəsində hələ də heç bir ölçü götürülməyib. Odur ki, həm bu faktın özü, həm də Daxili İşlər Nazirliyinin ilkin açıqlamada məsələyə laqeyd, hətta belə demək mümkündürsə ehtiyatlı formada reaksiya verməsi ondan xəbər verir ki, DİN-də hələ də Ramiz Mehdiyevə biət edənlər, onun hökmranlığını qəbul edənlər və əmrinə müntəzir, qarşısında amadə duranlar var. Yəqin, elə buna görədir ki, rüşvət və korrupsiyaya qurşanmış, vəzifə səhlənkarlığına yol verən, icra başçıları, nazir müavinləri və yüksək çinli məmurların həbsi kimi önəmli bir əməliyyatı Daxili İşlər Nazirliyi deyil, Dövlət Təhlükəsizlik Xidməti həyata keçirir. Əgər tez bir zamanda DİN tərəfindən digərləri kimi Prezident Administrasiyasının sabiq rəhbərinin də cəzalandırıldığının şahidi olmasaq, o zaman bu, deyilənlərin öz təsdiqini tapması deməkdir. Bu həm də Daxili İşlər Nazirliyində “Ramizsevərlərin” hələ də proseslərə təsiredici qüvvə olduğunu isbatlayacaq. Odur ki, ölkə rəhbərliyi, həmçinin müvafiq qurumlar Ramiz Mehdiyevin də digərləri kimi qanunu pozduğuna görə cəzalandırılması istiqamətində müvafiq addımlar atsalar yerinə düşər. Çünki bu boyda həngamədən sonra Ramiz Mehdiyevin məsuliyyətdən kənarda qalması ölkəmiz, eyni zamanda iqtidarın özünün imici baxımından yaxşı nəsə vəd etmir.

Prezident Administrasiyasının sabiq rəhbərinin qanunları ayaqlar altına alaraq, dövlətin adından verilən qərarlara saymazyana yanaşaraq nəvəsinə toy etməsinin səbəblərindən biri də kimin hələ də onun yanında olduğunu, kimlərin isə qarşısında saf aldığını dəqiqləşdirmək idi. Bəli, Ramiz Mehdiyev bu istəyini reallaşdırmağa müvəffəq oldu. Bununla da AMEA-nın prezidenti artıq “qara siyahı”sına salınacaq adamları dəqiqləşdirə, yanındakılara isə “Qorxmayın, mən hələ ölməmişəm, arxanızdayam” mesajını verə bildi.

Bu arada, məsələnin maraqlı və bir o qədər də düşündürücü tərəfi ondadır ki, Ramiz Mehdiyevin nəvəsinin toyu, Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər keçirdiyimiz vaxt Rusiyanın rəsmi Bakıya “göz dağı” verməsi üçün hərbi gəmilərinin ölkəmizin Xəzər dənizindəki ərazi sularına gəlişindən bir gün sonraya təsadüf edir. Ramiz Mehdiyevin çoxları tərəfindən Rusiyanın Azərbaycandakı canişini kimi xarakterizə olunduğunu nəzərə alsaq, qəti əminliklə demək olar ki, Prezident Administrasiyasının sabiq rəhbərinin nəvəsinin toyu məqsədli şəkildə həmin günə təyin olunub. Yəni AMEA-nın prezidenti bu yolla hələ də Kremlin onun arxasında olduğunu, Azərbaycanla bağlı məsələlərdə Moskvanın onunla hesablaşdığını, bir sözlə, “5-ci kolon”a idarəçiliyi əldən vermədiyini yenidən hər kəsə bəyan etmiş oldu. Məhz buna görə də ümid etmək istərdik ki, sözügedən qalmaqallı olaydan sonra məzuniyyətə çıxan və prosesin səngiməsini gözləyən Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan kənarlaşdırılacaq, barəsində qanunamüvafiq formada ölçü götürəcək, xüsusi xidmət orqanları isə ölkədə Rusiyanın maraqlarına xidmət edən “5-ci kolon”un nümatəndələrinə qarşı daha sərt və təsirli tədbirlərə baş vuracaq.

“Hürriyyət”in Araşdırma Qrupu






Fikirlər