“Qarabağdakı müharibə Rusiya üçün ciddi dərs olmalıdır” - Polkovnik

“Qarabağdakı müharibə Rusiya üçün ciddi dərs olmalıdır” - Polkovnik

Rusiya Suriyada döyüş pilotsuz aparatlarının məhv edilməsi üzrə “əla nəticələr” göstərib. Lakin bunu Qarabağda etmək mümkün olmayıb, səbəb isə pilotsuz aparatlara qarşı vasitələrin keyfiyyətində deyil, onları idarə edənlərdədir.

Yenisabah.az xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” radiosunun efirində istefada olan polkovnik, hərbi ekspert Viktor Baranets deyib.

Viktor Baranets bildirib ki, Qarabağda radioelektron mübarizə vasitələrini Rusiya mütəxəssisləri deyil, erməni ordusunun zabitləri idarə edirdi. Və əgər mütəxəssis yoxdursa texnikanın mövcudluğunun özü heç nəyi dəyişmir.

“Hesab edirsiniz ki, biz Dağlıq Qarabağda ermənilərə görə döyüşməli idik? Radioelektron mübarizə vasitəsi ilə işləmək bir işdir, hədəfi fiziki olaraq vurmaq başqa işdir. Savadlı və təcrübəli mütəxəssislər olmasa texnikanın mövcudıuğu kömək etməyəcək, erməni ordusunda isə belə mütəxəssislər sadəcə olaraq yox idi”,-o deyib.

Polkovnik Baranetsin fikrincə Dağlıq Qarabağdakı müharibə Rusiya üçün də ciddi dərs olmalıdır. Çünki bu müharibə pilotsuz uçan aparatların və radioelektron mübarizə vasitələrinin müasir müharibə şərtlərində əhəmiyyətini göstərib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi artıq müasir texniki vasitələrə, o cümlədən zərbə dronlarına qarşı etibarlı mübarizə aparmağa imkan verən yeni silahların işlənib hazırlanması ilə məşğul olur.

“Bizim üçün bu müharibə sabaha olan dərsdir, çox ciddi dərsdir. Və bizim aldığımız informasiyalara əsasən Rusiya Müdafiə Nazirliyi ciddi şəkildə bu məsələlərin həllinə girişib. Müdafiə Nazirliyinə uğurlar arzu edirik”,-Viktor Baranets əlavə edib.

Xatırladaq ki, Azərbaycan ordusu Ermənistanın Rusiyadan aldığı və PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan radioelektron mübarizə vasitələrinin əksəriyyətini kamikadze-dronlar və ya “Bayraktar” zərbə pilotsuz təyyarələri ilə məhv edib. Nəticədə Rusiya silahlarının, o cümlədən radioelektron mübarizə vasitələrinin effektivliyi barədə Ermənistanda və hərbi çevrələrdə ciddi suallar yaranıb. (Virtualaz.org)






Fikirlər