Xankəndində anti-terror əməliyyatları üçün əsaslar yaranıb

Xankəndində anti-terror əməliyyatları üçün əsaslar yaranıb

Vətən uğrunda millət olaraq apardığımız savaş davam edir. Hərbi əməliyyatlar dayanıb, düşmən ordusu darmadağın edilib.

Lakin ermənilər və Ermənistan bir düşmən amili kimi yenə qarşımızdadır.

Onlar, istər dövlət, istərsə də ayrı -ayrı qrup və cəmiyyətlər halında, revanş hissi ilə yanırlar. Çünki erməni ruhu və ideologiyası dünya çapında darmadağındı!

Biz erməniləri yalnız Qarabağda; Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Hadrudda, Şuşada darmadağln etmədik!

Bu müharibənin miqyası böyükdür!

Los -Anselesdəki, Parisdəki, Moskvadakı ...erməniləri də sındırmışıq, onları da əzmişik.

Ruhlarını və ümidlərini sıfırlamışıq. Bir-birini didirlər.

Amma bəziləri də qudurmuş it kimi, qayıdıb yenidən üstümüzə cumurlar.

Bir neçə saat öncə, Tuğ kəndində olduğu kimi!

Əslində bu cür kiçik çaplı terrorların rəsmi İrəvana heç faydası yoxdur; zərəri isə çoxdur; Azərbaycana isə daha ciddi anti-terror əməliyyatları başlamağa əsas yaradan hadisədir.

Həm də Şəhidlərimizin sayını artıran, bizi qisasa vadar qoyan ciddi bir amildir!

Bunu cavabsız buraxmayacağıq!

Xocavənd rayonunun Tuğ kəndində şəhid, əsir və yaralılarımızın olmasına dair xəbərlər var.

Beyləqanın Qəhrəmanlı qəsəbə sakini çavuş Qəmbərov Elmir Rayil oğlu erməni diversantları tərəfindən şəhid edilib.

Daha bir şəhidimizin olması, bir nəfər əsgərimizin əsir götürülməsi xəbərləri də dolaşır.

Lakin hələlik onların təsdiqi yoxdur.

Məlumatlarda vurğulanır ki, erməni silahlı terrorçuları 6 nəfər leş veriblər!

...Bəziləri 27 dekabrda şəhid olmuş Elmirin fotosunu paylaşıb, "Müdafiə nazirliyi niyə susur", sualı ilə həşir salıb.

Sanki hərbi nazirliyimiz xarici işlər nazirliyidir, dərhal bəyanat verməlidir.

Müdafiə nazirliyi və DTX -nın Xüsusi Təyinatlıları hazırda ermənilərlə "danışır".

Onların başa düşdüyü dildə.

Ölən və yaralanan erməni silahlıları məhz bu "danışığın" nəticəsidir.

Keçən dəfə də belə olmadımı?

XT əsgərlərimizin Hadrut və Xocavənd ətrafında keçirdikləri əməliyyatlar nəticəsində 170 erməni diversantı əsir götürüldü. Silahları və planları ilə birlikdə. Möhtəşəm əməliyyat idi.

Onların içərisində əsgərlərimizin əsir alınması zamanı onlara qarşı işgəncə verənlər təsbit olunub, Azərbaycan məhkəmə orqanları tərəfindən saxlandılar.

Sonradan meşələrdən 10 erməni leşi də tapıldı.

Lakin yerdə qalanların əksəriyyətinin rus sülhməramlıları vasitəsi ilə Ermənistana təhvil verilməsi iddiaları var. Üstəlik burada bir nüans da var.

Erməni diversantlarını əsir götürən zaman onların əksəriyyətinin videoları əsgərlərimiz tərəfindən çəkilib, sosial mediada yayılmışdı. Diqqət çəkən bir detalı deməliyəm - diversantların geyimləri yeni idi, saç-saqqalları kir-pas içində deyildi.

Yəni onlar aylarla meşələrdə qalan əzilmiş, üzgün erməni "partizanları"na bənzəmirdilər. Onlar əraziyə yenicə sızmış, xüsusi plan üzrə göndərilmiş diversantlar idilər.

Belə düşünməyə əsaslarım var.

Böyük ehtimalla, onlar Laçın koridorundan, rus sülhməramlılarının kontrol nöqtələrindən Xankəndinə keçmiş, oradadan da xüsusi plan üzrə təxribat üçün Hadrud və Xocavənd ətrafında mövqe qurmuşdular.

Doğrudur, Azərbaycanın Xüsusi Təyinatlı Dəstələri (XTD) onları bütövlüklə əsir götürdü və ermənilərin planı darmadağın edildi.

Lakin o dəstələr yerindəcə güllələnmədiyi üçün bu cür yeni təşəbbüslərə stimul yarandı.

Bu nüans nəzərə alınmalıdır.

O torpaqlar hamısı Azərbaycanındır, orada yad silahlı ünsürləri neytrallaşdırmaq, anti-terror əməliyyatlarının miqyasını Xankəndinə qədər genişləndirmək bizim haqqımızdır!

İlanın başı Araik Aryutunyan, Xankəndində özünə general deyən bütün quldurlar, bütün silahlılar həbs olunmalı, Xankəndi silahsızlaşdırılmalıdır.

Əminəm ki, proses ona doğru gedir və Türkiyə Ordusu Ağdama yerləşən kimi, biz Rusiya sülhməramlılarının da yaxından iştirakı ilə

Xankəndində geniş anti -terror əməliyyatları və həbsləri keçirdəcəyik.

Yeri gəlmişkən, Rusiya sülhməramlıları ilə bağlı ictimai müzakirəkərə dair öz fikirlərimi söyləyim.

Məncə rusları nə öyək, nə də söyək: Rusiya və onun sülhməramlıları ilə münasibətlərdə Prezidentə güvənək!

Rusiya sülhməramlılarının regiona gəlişi xarici siyasət və diplomatiya amilidir.

Bu, 3 tərəfli anlaşma ilə, Ermənistanın faktiki kapitulyasıyasının Paşinyan tərəfindən sənədləşdirilməsi, Qarabağın Azərbaycan ərazisi olmasını təsdiqləməsi, statusun ləğv olunmasına imza atması ilə əldə olunub. Rusiya sülhmərəmlılarının regiona gəlişini isə Azərbaycan tərəfi Türkiyə

Silahlı Qüvvələrinin, yəni bir NATO ordusunun Qarabağ münaqişəsində iştirak haqqı qazanmaqla balanslaşdırdığı göz önündədir.

Rusiya sülhməramlıları qismində rus ordusu Qarabağa girdi, bu, təbii ki, ictimai rəydə pozitiv alqılanmır (qəbul olunmur).

Lakin məhz bu güzəştin sayəsində də Türkiyə Ordusunun beynəlxalq hüquq və Rusiya ilə anlaşma (ən əsası!) çərçivəsində Qarabağda yerləşdirilməsi mümkün oldu.

NATO ordusu Qarabağda!

Və Rusiya buna razıdır!

Laçın dəhlizinə imza atıldı - lakin bu da qarşılıqsız olmadı!

Naxçıvan dəhlizi - Mehri keçidi imzalandı!

"Turan qapısı" rəsmiləşdi!

Bütün bunları Qarabağ müharibəsində böyük uğura imza atan, Azərbaycan xalqını səfərbər edib, Qarabağı, Şuşamızı geri qaytaran Prezident Əliyev diplomatik gedişlərlə həyata keçirdib.

O, heç də hər şeyi açıq danışa, xüsusi izahatlar verə bilmir.

Lakin bəzi məqamlar vardır ki, ictimaiyyət onları inam amili ilə aşmalıdır...

Rusiyanı söyənlər də, öyənlər də yanılır. Yanılmamaq üçün hesab edirik ki, Prezident Əliyevin taktikasını və mesajlarını düzgün oxumaq lazımdır...

Savaş davam edir və prosesi hələ də Ali Baş Komandan aparır...

...Təbii ki, ortaya çoxlu və narahat edici suallar çıxmaqdadır.

Amma bu suallar da, narahatçılığımız da, ümumi vəziyyət də keçən ilin 28 dekabrı ilə müqayisədə ...nə qədər də fərqlidir!

Nə qədər də şükranlıdır! Allah Şəhidlərimizə rəhmət etsin!

Rauf Arifoğlu / Musavat.com

 






Fikirlər