2021-ci İLDƏN ƏSAS GÖZLƏNTİLƏR... - "Başlıca məsələ separatçıları tərksilah etməkdir..."

Keçən 2020-ci il Azərbaycanda bir neçə siyasi hadisələrlə yadda qaldı. Onların sırasında növbədənkənar parlament seçkiləri və Vətən müharibəsi ən mühüm hadisələr kimi dəyərləndirilir. Bəs 2021-ci ildə Azərbaycanın siyasi həyatında hansı prosesləri gözləmək olar?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "Azadlıq" radiosuna bildirib ki, 2021-ci ildə Azərbaycanın əsas fəaliyyəti Dağlıq Qarabağ da separatçıları nəzarət altına almaqdan ibarət olacaq:"Düzdür, biz məsələnin böyük hissəsini həll elədik. Azərbaycan ordusu qələbə qazandı, amma obyektiv və subyektiv səbəblərə görə, çox təəssüf ki, tam problemi həll edə bilmədik. Rusiya hərbçiləri gəldilər Dağlıq Qarabağa, indi isə biz görürük ki, orada hələ də silahlı separatçılar var və Rusiya hərbçiləri onlara havadarlıq edir. Bu il ərzində bu məsələləri biz həll etməliyik və yəqin ki, növbəti illərdə də bu problem bizimlə qalacaq".

 

 

Politoloq hesab edir ki, Türkiyə hərbiçiləri Azərbaycanda yerləşdirilməlidir: "Onlarla birlikdə biz sadaladığım problemlərin həllində yaxından iştirak etməliyik. Bu il Türkiyə ilə hərbi ittifaq güclənə bilər. Türkiyə hərbçiləri artıq Dağlıq Qarabağda yerləşir (Türkiyə və Rusiya hərbiçilərinin Dağlıq Qarabağa bitişik Ağdamda Müşahidə Mərkəzi olmalıdır) və düşünürəm ki, Türkiyə hərbi bazaların Azərbaycanda rəsmiləşdirilməsi prosesi sürətləndirə bilər. Əsas məsələ separatçıları tərksilah etməkdir...".

Ekspert qeyd edib ki, bu il Azərbaycanın xarici siyasətindəəsas prioritet qonşu dövlətlərlə normal münasibətlərin inkişafı olacaq: "10 noyabr bəyanatına fikir versək, orada regional əməkdaşlığın sürətlənməsi ilə bağlı maddəni görəcəyik. Ermənistan Azərbaycana qarşı ərazi iddialardan vaz keçsə, Ermənistanın bu prosesə qoşulması imkanı yarana bilər. Hələ ki, bunun baş verəcəyini düşünmürəm, çünki Ermənistanda hələ də revanşizm əhval-ruhiyyə var".

Politoloq vurğulayıb ki, Rusiya və İranla əməkdaşlıq bu il də davam edəcək: "Düzdür, İranla bağlı başqa bir problem üzə çıxır. İran nüvə çalışmalarını sürətləndirib və Amerika-İran qarşıdurması güclənib. Hətta mümkündür ki, biz yeni toqquşmanın şahidi olacağıq. Bu toqquşma baş verərsə, təhdidləri Azərbaycana da dəyə bilər. Biz bu vəziyyətdə neytral qalmalıyıq".

Avropaya gəldikdə, E.Şahinoğlu bildirib ki, Avropa Birliyi ilə illərlə strateji sazişin imzalanması ilə bağlı danışıqlar (2017-ci ildən başlayıb) gedir: "Böyük ehtimalla, bu saziş bu il imzalanacaq".

E.Şahinoğlunun fikrincə, indi Azərbaycan hakimiyyəti qarşısında çox çətin seçim ola bilər: "Çünki biz Dağlıq Qarabağın böyük hissəsinin üzərində nəzarət təmin etdikdən sonra Rusiyanın bizə təzyiqləri arta bilər ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulsun. Biz o zaman deyirdik ki, biz bu iqtisadi layihəyə o zaman qoşula bilərik ki, Dağlıq Qarabağ problemi ortadan qaldırılsın. İndi bu problemin böyük hissəsi həll olundu və Rusiya təzyiq edə bilər ki, Azərbaycan da layihəyə qoşulsun".

Politoloq sonda da deyib: "Kimsə deyə bilər ki, Azərbaycan həm Avropa Birliyi ilə saziş imzalaya bilər, həm Avrasiya İqtisadi İttifaqına üzv ola bilər. Amma Avropa istəməz ki, onun tərəfdaşı sözügedən İttifaqa üzv olsun. Mənə elə gəlir ki, biz daha çox Avropa Birliyi ilə strateji sazişə üstünlük verməliyik. Özü də biz bu il Avropaya qaz nəql etməyə başlamışıq".






Fikirlər