Vəzifəsindən azad edilən Həsən Həsənov KİMdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Həsən Həsənov Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

   Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olub. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırıb. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirib. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilib. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olub.

1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962–1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışmışdır (1965–1966). 1966–1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olub.

1967–1969-cu iliərdə AKP MK-da təlimatçı vəzifəsində çalışıb.

1969–1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir. 1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971–1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışıb.

1975–1978-ci illərdə Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi, 1978–1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi, 1979–1981-ci illərdə isə Kirovabad Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləyib.

1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1983–1988-ci illərdə tikinti məsələləri üzrə katibi, 1988–1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katibi vəzifələrində çalışıb.

1990–1992-ci illərdə Azərbaycan Respublikasının Baş Naziri olub.

1993–1998-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində işləyib.

Müstəqil Azərbaycanın ilk Əsas Qanununu hazırlayan Konstitusiya komissiyasının üzvü olub. Üçüncü Respublikamızın ilk Baş Naziri, ilk Fövqaladə və Səlahiyyətli Səfiridir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub. /HİT.Az






Fikirlər