Azərbaycana qarşı Putinin növbəti planı “göydən” gəldi

 

bitmap-img6


Putin rusiyalı məmurlara Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrin aviaşirkətlərinin xidmətlərindən istifadə etməyi niyə qadağan edib?

 

Rusiya prezidenti Vladimir Putin qonşuluğunda yerləşən dövlətləri narahat edəcək sərəncam imzalayıb. Şimal qonşumuzun dövlət başçısı rusiyalı məmurlara Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrin aviaşirkətlərinin xidmətlərindən istifadə etməyi qadağan edib.
Sərəncama əsasən, məmurlar yalnız Rusiya aviaşirkətlərinin, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrinin aviaşirkətlərinin xidmətlərindən yararlana bilərlər. 
Bəzi ekspertlər hesab edirlər ki, Putinin bu sərəncamı Avrasiya İttifaqına daxil olmayan ölkələrə təzyiq vasitələrindən biridir. Sərəncamı mesaj kimi də qəbul etmək olar. Rusiya prezidenti üstüörtülü şəkildə Azərbaycan daxil, qonşuluqdakı digər dövlətləri Avrasiya İttifaqına qoşulmağa çağırır.
Rusiyanın dövlət başçısının sərəncamının AZAL-a təsirsiz ötüşməyəcəyini düşünənlər də az deyil. 
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, sərəncam Avrasiya İttifaqına daxil olmayan keçmiş SSRİ dövlətlərinə təzyiq vasitəsidir: “Putin Sovet İttifaqını bərpa etmək istəyən insanlara rəhbərlik edən ölkə başçısıdır. Onun son zamanlardakı bütün addımları Rusiyanın möhkəmləndirilməsi, SSRİ-nin bərpası  istiqamətində gedir. Avrasiya İttifaqının yaranması da məhz bu məqsəddən doğur. Bu sərəncam Azərbaycana və Avrasiya İttifaqına daxil olmayan digər keçmiş sovet ölkələrinə təzyiq vasitəsidir. Hesab edirəm ki, hakimiyyətin bu sərəncama kəskin reaksiyası olmalıdır. Azərbaycana təzyiq kimi qəbul olunmalıdır. Dünya Rusiyaya təzyiq edir. Azərbaycanın parlament nümayəndələri Avropa Şurasında Rusiyanın əleyhinə olan məsələdə onları müdafiə etdilər. Nəticəsi göz qabağındadır”.
İqtidaryönlü deputat Zahid Oruc hər bir dövlət başçısının öz ölkəsinin mənafeyindən çıxış etdiyini söylədi: “Regional və beynəlxalq vəziyyət elədir ki, amansız savaş gedir. Dövlət rəhbərləri müxtəlif vasitələrə əl atmağa məcbur olurlar. Putin öz ölkəsi üçün doğru saydıqlarını edir. Qeyd etdiyiniz məsələnin əsas mahiyyəti Azərbaycan və bu kimi ölkələr deyil. Burada əsas hədəf Qərb ölkələri ilə məlum istiqamətdə aparılan vuruşlardır. Rusiya hava daşınmalarında mərkəzi nöqtələrdən biridir. Rusiyanın uçuşunu həyata keçirən şirkətlər heç də bütün ölkələri əhatə etmirlər. Bununla Avrasiya İttifaqının reytinqini qaldırmaq çox çətindir. Bunun üçün iqtisadi azadlıqlar bərqərar olmalıdır”.
Politoloq Natiq Miri bildirdi ki, Putinin sərəncamı Avrasiya məkanının önəmini artırmaq üçün düşünülmüş bir addımdır: “Təzyiq xarakterli addım ola bilməz. Çünki bu məkanda Azərbaycandan başqa digər ölkələr də var. Azərbaycana qarşı siyasi-iqtisadi yöndə təzyiq xarakterinin olduğunu düşünmürəm. Azərbaycana sərnişin daşımada təzyiq etməyə ehtiyac yoxdur. AZAL şirkəti apardığı siyasətlə özünü müflis duruma gətirib. Bu baxımdan AZAL-la uçmaq istəyənlərin sayı azalmaqdadır. AZAL regionda bəlkə də ən bahalı sərnişindaşıma subyektidir. Şirkətin özündə ciddi islahatların aparılmasına ehtiyac var. Bu baxımdan sərəncamı ölkəmizə qarşı təzyiq xarakteri kimi qəbul etmirəm. Siyasi-iqtisadi yöndə təzyiqlər Rusiyanın əlində kifayət qədər var. Bunu hələ ki tətbiq etmək istəmir”.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Rusiya prezidentinin sərəncamının onlara təsir etməyəcəyini bildirdi: “Biz rusiyalı məmurlara Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrin aviaşirkətlərinin xidmətlərindən istifadə etmək qadağasının ”Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə hər hansı bir təsir göstərəcəyini gözləmirik.
Rusiyalı məmurlar rəsmi səfərə gələrkən AZAL-dan deyil, prioritet olaraq öz yerli aviaşirkətlərindən istifadə edirlər.
Lakin rusiyalı məmurlar şəxsi və turizm məqsədilə səfər edərkən AZAL-ın xidmətlərindən istifadə edirlər. Biz ümid edirik ki, onlar bizim xidmətlərimizdən istifadə etməyə davam edəcəklər".(musavat.com)






Fikirlər