Eldar Həsənovun məhkəməsinin vaxtı bəlli oldu ...

Azərbaycanın Serbiyadakı keçmiş səfiri və ölkənin sabiq baş prokuroru Eldar Həsənova qarşı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Hazırlıq iclası avqustun 27-nə təyin edilib.

Bu barədə Gununsesi.info-ya Eldar Həsənovun vəkilləri bildirib.

Məlumata görə, proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.

Eldar Həsənov 13 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət büdcəsinin təyinatı üzrə xərclənməməsi ittihamı ilə həbs edilib.

İbtidai istintaqın yekunlarına əsasən ona qarşı beş maddə üzrə ittiham irəli sürülüb: Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması) 308.2 (vəzifə səlahiyyətlərindən sui- istifadə), 308-1.1 (dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri.

Həsənov 2010-2020-ci illərdə Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Monteneqroda səfiri işlədiyi dövrdə mənimsəmədə və talan etmədə ittiham olunur.

Avqustun 16-da Həsənov bəyanatla çıxış edərək bütün ittihamları rədd edib.

O, həbsini qanunsuz hesab etdiyindən istintaqa heç bir ifadə verməyib.
Həsənov həmçinin istintaqın qərəzli olmasından və ona vaxtında tibbi yardımın göstərilməməsindən şikayətlənib, nəticədə onun səhhəti kəskin şəkildə pisləşib.

Xatırladaq ki, bundan öncə Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğa sütununun ağır xəstəliyi səbəbindən hərəkət edə bilmədiyini bildiriblər. İyunun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.






Fikirlər